Məhkəmə qərarları › İş №2(105)-1838/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1838/2021

16.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1838/2021 16.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1978/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1978/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia təmin edilmiş, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi 11 ünvanında yerləşən 756 saylı fərdi evə 28.09.2018-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt əsasında hesablanmış 1857,60 manat məbləğində borcun silinməsi qət edilmişsdir. Qətnamədən narazı qalan cavabdeh “Azəriqaz” İB ondan apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1978/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 28.09.2018-ci il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən abonent saldosunda göstərilən itirilmiş təbii qazın sərfiyyatına görə hesablanmış 1857,60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi 11 ünvanında yerləşən 756 saylı fərdi ev mülkiyyət hüququ ilə atası Nümayəndə məxsusdur. O, həmin bağ ərazisində ayrıca ev tikmiş və cavabdehlə 26.09.2018-ci ildə 6316 saylı təbii qazın alqı-satqı müqaviləsi bağlayaraq təbii qazdan məişətdə istifadə edir. 28 sentyabr 2018-ci ildə cavabdehin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydaların pozulması haqqında ******* saylı akt tərtib edilmiş və ona 9288 m3 təbii qazdan istifadəyə görə 1857,60 manat cərimə yazılmışdır. Aktda göstərilir ki, “Abonentin qazdan şlank birləşməsi vastiəsilə sayğac qoyulmamışdan qabaq istifadə etməsi aşkar olunmuşdur. Abonent 1 həftə ərzində sayğacsız qazdan istifadə edib. Tələb olunur ki, istifadə edilən qaza görə dəymiş ziyan ondan tutulsun”. O, cavabdehin bu tələbi ilə razılaşmır. Beləki həmin dövrdə fərdi evə kombi quraşdırılırdı. Həmin dövrə qədər fərdi evdə qaz xətti olmamışdır. Kombiyə qazın verilməsini təmin etmək üçün və onu yoxlamaq məqsədilə rezin borudan (şlankdan) istifadə edilmişdir. Bu təqribən 2 saata yaxın vaxt aparmışdır. Həmin vaxtda aktda göstərilən miqdarda qazın istifadəsi qeyri-mümkündür. Cavabdeh tərəfindən guya 1 həftə ərzində şlankdan istifadə etməklə təbii qazın nəqlinə görə hesablanmış 9288 m3 təbii qazı o, istifadə etməmişdir. Həmin məbləğ cavabeh tərəfindən şişirdilmişdir. Ona görə də qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir və iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh “Azəriqaz” İB apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Bu qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi 11 ünvanında yerləşən 756 saylı fərdi yaşayış evinə sayğacdan kənar qoşulma ilə bağlı məlumat yazılmış və fakt yerində araşdırılmışdır. Əmıkdaşlar tərəfindən 28 sentyabr 2018-ci il tarixli akt tərtib edilmiş və aktda abonentin şlank vasitəsilə 1 həftə ərzində təbii qazın dəyərini ödəmədən istifadə etməsi müəyyən edilmişdir. Qurumun əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və dövlətə vurulmuş ziyan müəyyən edilərək 28 sentyabr 2018-ci il tarixli aktla 180 gün üçün itirilmiş 9288 kub metr qazın bərpası üzrə 1857,60 manat cərimə hesablanmışdır. Vətəndaşlar tərəfindən qaz sayğaclarına müdaxilə halları kütləvi hal almışdır. Sayğaclara müdaxilə hallarının qarşısı hüquq mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində bir neçə dəfə alınmış və bəzi şəxslər məsuliyyətə cəlb edilmişdir. Göstərilən faktlar kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Bu kimi faktlara məhkəmələr tərəfindən səthi yanaşaraq düzgün hüquqi qiymət verilmir. Məhkəmə tərəfindən qeyd olunan hallara qiymət verilməməsi və qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinın nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, bağ evi və yerləşdiyi torpaq sahəsi onun adına olsa da orada oğlu İlkin özü üçün ayrıca ev tikib yaşayır. Ona görə də kommunal qurumlarla bağlı sənədlər onun öz adınadır. Əlavə etdi ki, 1 həftə üçün bu məbləğdə qazın istehlak edilməsi absurrdur. Hesablama apararkən qarşı tərəf 180 gün üzrə məbləğ müəyyən etmişdir ki, bu da qanunsuzdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 756 tam mülkiyyət hüququ üzrə Nümayəndə adına qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları N.Həsənov, Ə.Həsənquliyev və İ.Süleymanovun iştirakı ilə Sumqayıt şəhəri, Novxanı bağları 11-də yerlşən 756 saylı fərdi evə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarınn pozulması haqqında ******* saylı, 28.09.2018-ci il tarixli aktın surətindən görünür ki, abonentin qazdan şlank birləşməsi vasitəsilə sayğac qoyulmamışdan qabaq istifadə etməsi aşkar olunmuşdur. Abonent 1 həftə ərzində sayğacsız qazdan istifadə etmişdir. Yenə də iş materiallarında olan “Azəriqaz” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28.09.2018-ci il tarixli tələbin surətindən görünür ki, ******* saylı, 26.09.2018-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 9288 m3 . İşdə olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar ərazisindəki 11 saylı evə dair akta əsasən 1857,60 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1978/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi 11 ünvanında yerləşən 756 saylı fərdi ev mülkiyyət hüququ ilə atası Nümayəndə məxsusdur. İddiaçı həmin bağ ərazisində ayrıca ev tikmiş və cavabdehlə 26.09.2018-ci ildə 6316 saylı təbii qazın alqı-satqı müqaviləsi bağlayaraq təbii qazdan istifadə etməkdədir. 28 sentyabr 2018-ci ildə cavabdehin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydaların pozulması haqqında ******* saylı akt tərtib edilmiş və ona 9288 m3 təbii qazdan istifadəyə görə 1857,60 manat cərimə yazılmışdır. Aktda göstərilmişdir ki, “Abonentin qazdan şlank birləşməsi vastiəsilə sayğac qoyulmamışdan qabaq istifadə etməsi aşkar olunmuşdur. Abonent 1 həftə ərzində sayğacsız qazdan istifadə edib. Tələb olunur ki, istifadə edilən qaza görə dəymiş ziyan ondan tutulsun”. İddiaçı ərizəsində qeyd etmişdir ki, həmin dövrdə fərdi evə kombi quraşdırılırdı və bu dövrə qədər fərdi evdə qaz xətti olmamışdır. Kombiyə qazın verilməsini təmin etmək üçün və onu yoxlamaq məqsədilə rezin borudan (şlankdan) istifadə edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarınn pozulması haqqında ******* saylı, 28.09.2018-ci il tarixli aktla həqiqətən də müəyyən edilmişdir ki, abonentin qazdan şlank birləşməsi vasitəsilə sayğac qoyulmamışdan qabaq istifadə etməsi aşkar olunmuş, o, 1 həftə ərzində dəyərini ödəmədən qazdan istifadə etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.1-ci bəndinə görə yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. Həmin Qaydaların 3.4.1-ci bəndinə görə özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Yenə hənin Qaydaların 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azəriqaz” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28.09.2018-ci il tarixli tələb adlı sənədinə əsasən abonentə məxsus qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın həcmi 9288 m3 müəyyən edilmişdir. Halbuki, iş materiallarında olan cavabdeh qurumun öz işçiləri tərəfindən tərtib edilmiş sənədlərdən məlum olur ki, abonent tərəfindən 180 gün deyil, 1 həftə müddətində sayğacdan kənar qoşulma halı aşkar edilmiş və bu fakt yuxarıda qeyd edilən aktla rəsdmiləşdirilmişdir. Sonradan “Azəriqaz” İB-nin 180 gün üçün hesabat aparması anlaşılan deyil və bu suala məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi cavab verə bilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, itirilmiş təbii qazın həcminin hesablanması üçün hesablama müddəti 180 gün deyil, 7 gün üçün götürülməli idi. 180 gün üçün abonent tərəfindən itirilmiş təbii qazın həcmi 9288 kub metr götürülən halda, 7 gün üçün bunun 361,20 kub metr olduğu məlum olur. Həmin həcmdə təbii qazın dəyəri isə 72,24 manat təşkil edir ki, bu məbləğ abonentdən tutulmalıdır, çünki iş materialları ilə də təsdiq olunur ki, məhz iddiaçı 7 həftə ərzində təbii qazdan sayğacdan kənar qoşulma vasitəsilə dəyərini ödəmədən istifadə etmişdir. “Azəriqaz” İB tərəfindən abonentdən itirilmiş təbii qazın dəyəri kimi cəmi 1857,60 manat pulun tələb edilməsi və həmin məbləğin 72,24 manat hissəsinin qanuniliyi nəzərə alınsa, qalan 1785,36 manat pulun abonentdən qanunsuz əsaslarla tələb edilməsi aşkar olur. Buna görə də iddia qismən təmin edilməli, məhz 1785,36 manat məbləğində borc abonentin hesabından silinməlidir. İşə baxan məhkəmə bu hallara düzgün qiymət verməmiş, mübahisənin sayğacdan kənar qoşulma nəticəsində abonent tərəfindən istehlak edilmiş təbii qazın dəyərinin ödənilib-ödənilməməsindən getməsinə baxmayaraq, fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdehlik daşımasına, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunmamasına istinad etmişdir. İşdən görünür ki, mübahisə abonentin yaşadığı evin qaz xəttinə qoşulmasından öncə baş vermişdir və belə olan halda, sayğaca müdaxilədən söhbət gedə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, 1785,36 manat borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıya məxsus fərdi yaşayış evinə 1 həftə müddətinə sayğacdan kənar qoşulma üçün hesablanmış 1785,36 manat məbləğində borcun tətbiq edilməsi əsaslı hesab edilə bilməz. İş materiallarından göründüyü kimi, bu müddət üçün tətbiq edilməli cərimənin məbləği 72,24 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, habelə cavabdeh “Azəriqaz”İB apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları onların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1978/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 28.09.2018-ci il tarixli akt əsasında İddiaçı yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi 11 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 1785,36 manat silinsin. Qalan hissədə iddia təmin olunmasın. İddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar