Məhkəmə qərarları › İş №2(105)-1838/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1838/2022

19.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1838/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi: Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı qazdan istifadəyə görə hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) iddia ərizəsinin təmin edilməsi, “Azəriqaz” İB tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 50 saylı evə aid **********00500 saylı abonent koduna hesablanmış 801.60 manat borc silinməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İB tərəfindən ona məxsus abonent koduna xx.xx.2018-ci il tarixdə tərtib olunmuş akt əsasında sayğaca dəymiş zərərə görə hesablanmış 801.60 manat borcun silinməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat tərəfindən xx.xx.2018-ci il tarixdə ******* N-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin aktda qeyd olunmuşdur ki, sayğacın mexaniki hissəciyinin 2 ay ərzində işləmədiyi aşkar olunmuşdur və sərfiyyatı qeydə almır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 50 saylı evdə olan qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacın mexaniki hissəciyinin 2 ay ərzində işləmədiyi aşkar olunmuşdur və sərfiyyatı qeydə almır. Hesablanmış borcun işlədilmiş qazın dəyəri deyil, cərimədir. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(105)-798/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı 25 may 2018-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 801,60 manat məbləğində cərimənin silinməsi barədə iddiası təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-798/2019 saylı 26 fevral 2019cu il tarixli qətnaməsi ilə cavabdeh «Azəriqaz» İB-nin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Eyni predmet üzrə və eyni əsaslarla iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnamə oldugu halda birinci instansiya məhkəməsi bunu nəzərə almamış və yeni bir qətnamə qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(060)-3013/2022 nömrəli qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 60-cı maddəsinin İ.bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azəriqaz” İB Sumqayıt QİS-nin rəisi tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.6 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 60 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın həcmi 4008 m3 müəyyən olunmuşdur. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0İ52898 Ns-li, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sayğacın mexaniki hissəciyinin 2 ay ərzində işləmədiyi və sərfiyyatı qeydə almaması halı aşkar olunmuşdur. Abonentin saldosundan görünür ki, abonent kodu **********00500 olan Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 50 saylı evə akta görə 801.60 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 21-ci mikrorayon üzrə 2 saylı Məhəllə Komitəsinin xx.xx.2022-ci il tarixli, 333 N-li arayışından görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür və Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 8 saylı evdə yaşayır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-798/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi İddiaçı cavabdeh «Azəriqaz» İB- yə qarşı cavabdeh «Azəriqaz» İB tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 801.60 manat məbləğində cərimənin silinməsi barədə iddiası təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-798/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh «Azəriqaz» İB-nin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası cavabedih iş üzrə bu mübahisə ilə bağlı yuxarıda göstərilən qətnaməsinin olmasını və bunu birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, həmin qətnamədən görünür ki, məhkəmə kollegiyasi qeyd edir ki, hazırkı iddia tələbinin təmin edilməməsi, iddiaçının sonradan 31 may 2018-ci il tarixli qərarın və onun əsasında hesablanmış cərimənin silinməsi barədə iddia qaldırmaq hüququnu istisna etmir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın 31 may 2018-ci il tarixli qərarını mübahisələndirmədən, aktın etibarsızlığı və ona hesablanmış cərimə borcunun silinməsini tələb etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, sayğacın mexaniki hissəciyinin 2 ay ərzində işləmədiyi və sərfiyyatı qeydə almaması barədə xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akt əsasında 801.60 manat cərimə hesablanmışdır. Abonent kodu iddiaçının adinadır və cavabdehin tərtib etdiyi akt və sənədlərdə o, istehlakçı göstərilmişdir. Məhkəmə, qeyd edir ki, hazırkı iş üzrə iddianın predmeti borcun silinməsi olmaqla, iddiaçının əvvəlki aktın etibarsız hesab olunması və cərimənin silinməsinə dair tələbinin predmeti ilə eynilik təşkil etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadagandır. İstehlakçının arzusu ilə qaz saygaçının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 09 iyun 2022-ci il tarixli 2(060)-3013/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar