Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1840/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi İ.R.Mirzəyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı 216 manat dəymiş maddi ziyan 235,88 manat sayğacın dəyəri və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: “İddiaçı” İB məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 216 manat məbləğində dəymiş ziyan, 235,88 manat sayğacın dəyəri və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 481,88 manat pulun tutularaq “İddiaçı” İB-nə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26.05.2017-ci il tarixli, 3/05044 saylı qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00480 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1702AZ**********77 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Birliyin əməkdaşları tərəfindən 06.03.2020-ci il tarixdə Cavabdeh mənzilində quraşdırılmış qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. Həmin İdarənin verdiyi MSK-29/1710/-00494-1 nömrəli rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sərfiyyatına görə 216,00 manat borc və yararsız hala salınmış dəyəri olaraq 235,88 manat sayğacın dəyərinin ümumilikdə 481,88 manat məbləğində pul abonentdən tələb edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi İ.R.Mirzəyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Birliyin əməkdaşları tərəfindən 06 mart 2020-ci il tarixdə iddiaçının mənzilində quraşdırılmış “G-4” markalı 1702AZ**********77 nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt edilərək çıxarılmış, yeni qaz saygacıilə əvəz edilmişdir. Saygac laboratoriya göndərilmişdir. Cavabdeh tərəfindən onlara ödənilməli borc məbləgi hazırda ümumi olaraq 451,88 manat təşkil etməkdədir. O, eyni zamanda qeyd etdi ki, itirilmiş qazın bərpası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli, 11 saylı qərarına əsasən hesablanmışdır. Məhkəməyə qaz saygacına müdaxilə edilməsi ilə bağlı yetərincə sənədlər sübutlar təqdim edilməsinə baxmayaraq sübutlara məhkəmə hüquqi qiymət verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(060)-402/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi İ.R.Mİrzəyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi İ.R.Mirzəyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan 10.03.2020-ci il tarixli abonent saldosundan görünür ki, Sumqayıt şəhəri, 5ci mkr,ev 4/55, mənzil 48-ə quraşdırılmış sayğaca 216,00 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, 29.03.2020-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş sayğacların müayinəsi laboratoriyasının rəyinə görə G4 markalı 1702AZ**********77 sağacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır, nəticədə sayğac Alarm-1 rejimindədir. Klapanı işlək deyil. Sayğacın yaddaşı arxivi oxundu. Sayğacda 03.03.2020-ci il tarixdə ALARM-1 rejimi aşkar olunub. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir kamera vasitəsi ilə sayğacın daxilində baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmişdir. İşə əlavə olan 3/05044 saylı, 26.05.2017-ci il tarixli qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mkr,ev 4/55, mənzil 48 saylı mənzilinə “G-4 markalı 1702AZ**********77 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin müqavilənin 4.3-cü bəndindən görünür ki, həmin mənzildə PQ-4 , titan qaz qurğuları mövcuddur Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 26.04.2017-ci il tarixli, 3/05044 saylı qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00480 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1702AZ**********77 nömrəli qaz sayğacı quraşdırılmışdır. Birliyin əməkdaşları tərəfindən 06.03.2020-ci il tarixdə Cavabdeh mənzilində quraşdırılmış qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Qaz sayğacına müdaxilə olunduğu və sərfiyyatına görə 216,00 manat borc və 235,88 manat sayğacın dəyəri ümumilikdə 451,88 manat məbləğində pul abonentdən tələb edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə, sayğacın nasaz vəziyyətə düşməsinin cavabdehin təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən sayğacın cavabdehin təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 11 fevral 2021-ci il tarixli 2(060)-402/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1840/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1840/2021
07.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver