Məhkəmə qərarları › İş №2(105)-1843/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1843/2024

25.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1843/2024 25.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı qulluq edilmə faktının müəyyən edilməsinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, iş üzrə icraata xitam verilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X27 (sədrlik edən və məruzəçi), X8 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1496/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İE seriyalı 452048 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X15 1921-ci ildə doğulmuşdur.

2. İE seriyalı 066843 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X11 ilə X16 xx.xx.1950-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar.

3. İV-CQ seriyalı 371101 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X11 xx.xx.1992-ci ildə ölmüşdür.

4. AZ-İ seriyalı 238795 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X13 xx.xx.2007-ci ildə ölmüşdür.

5. xx.xx.1992-ci il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, X13 İ qrup əlildir.

6. xx.xx.1991-ci il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, X11 İ qrup əlildir.

7. xx.xx.2005-ci il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, İddiaçı İİ qrup əlildir.

8. xx.xx.2006-cı il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, İddiaçı İİ qrup əlildir.

9. xx.xx.2007-ci il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, İddiaçı İİ qrup əlildir.

10. xx.xx.2008-ci il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, İddiaçı İİ qrup əlildir.

11. İddiaçı əmək kitabçasından müəyyən olunur ki, o, xx.xx.1979-xx.xx.1980-cı, xx.xx.1981-xx.xx.1982-ci, xx.xx.1982-xx.xx.1983-cü, xx.xx.1984-xx.xx.2000-ci, xx.xx.2000xx.xx.2001-ci illərdə müxtəlif idarələrdə işləmişdir.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının arayışından müəyyən olunur ki, İddiaçı 2-ci qrup əlildir

13. AZ-İ seriyalı, 238795 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X13 22 may 2007-ci il tarixdə vəfat etmişdir.

14. Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 aprel 2024-cü il tarixli, 1056 saylı arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında yaşayır, mərhum X14 xx.xx.1992-ci ildə vəfat etmiş, X13 xx.xx.2007-ci ildə vəfat etmişdir. Vəfat edən günə kimi onlar qızı İddiaçı himayəsində olmuşdurlar.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Məhkəməsinə ünvanladığı 05 iyul 2024-cü il tarixli, 3-17-1/2-155863/2024 saylı məktubdan müəyyən olunur ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı (pensiya, sosial müavinət, təqaüd) məlumatlara əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı yaşa görə sosial müavinət təyin edilib və ödənişi davam etdirilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarında məktubda qeyd etdiyiniz istiqamət üzrə 1991-2001-ci və 2001- 2007-ci illərdə 70 yaşdan yuxarı şəxsə qulluq edənlərə pensiya, müavinət və təqaüd ödənilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.

Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, mərhum anası 1921-ci il təvəllüdlü, İ qrup əlil X10 onun 70 yaşından sonra öldüyü xx.xx.2007-ci il tarixədək tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu ildə Xaçmaz şəhərində doğulmuşdur. 1977-ci ildə X17 ilə ailə qurmuşdur və bu nikahdan bir övladı vardır. 1978-ci ildə boşanaraq ata evinə qayıtmış və hal-hazıradək ata evində yaşayır. X1 1909-cu il təvəllüdlü olmaqla xx.xx.1950-ci ildə 1921-ci il təvəllüdlü Cəmiyeva (Yəhyayeva) Gülbanı Mirzə qızı ilə ailə qurmuşlar. Atası X2 Vətən Müharibəsi iştirakçısıdır, 1941-1945ci illlərdə döyüşlərdə iştirak etmişdir. O, 1 qrup əlil olmaqla kənar şəxsin qulluğuna ehtiyacı olmuşdur. X36 Ekspert Komissiyasının müvafiq rəyində göstərilir ki, İ qrup əlil olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. X4 da İ qrup ümumi xəstəlikdən əlil olmaqla əlavə köməyə ehtiyacı olmuşdur. Bu da X36 Ekspert Komissiyasının müvafiq rəyində öz əksini tapmışdır. Hər iki valideyni ilə birgə yaşamış, 70 yaşlarından sonra onların hər ikisinə o, baxaraq, qulluq etmişdir. Həqiqətən də 70 yaşlarından sonra qoca və xəstə valideynlərinə qulluq etməyi, onlara baxmağı və ehtiyaclarının ödənilməsini tərəfindən edilməsi qonşuların iştirakı ilə tərtib edilmiş və inzibati ərazi nümayəndəsi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, 2736 saylı rəsmi aktla təsdiqini tapır. Hazırda onun 65-ə yaxın yaşı var. Yaxın vaxtlarda pensiyaya çıxacaq, sığorta stajın müəyyən edilməsi pensiya məsələsinin həlli üçün əhəmiyyət kəsb edir. Belə ki, onun 22 il 6 ay sığorta stajı vardır. Əmək pensiyası almaq üçün əmək stajı çatmır. Ahıl valideynlərinə, yəni yaşları 70-dən sonra onlara qulluq etdiyi müddət sığorta stajına daxil ediləcəyi halda tam əmək pensiyası almaq hüququ əmələ gələcəkdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialına etdiyi müraciətə 15 mart 2024-cü il tarixli, 3-17-1/2-J- 64618/2024 saylı cavab məktubunda göstərilir ki, sığorta stajı 19 il 11 ay 18 gün təşkil edir. Valideynlərinə qulluq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı təqdim ediləcəyi təqdirdə pensiya təminatı hüququna yenidən baxıla bilər. İkincisi, o, 2001-ci ildən sonra, yəni İ qrup əlil olan X4nın xx.xx.2007-ci il tarixdə vəfat edən gününə qədər ona qulluq göstərmişdir.

18. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı Xaçmaz rayon Məhkəməsinə 18 aprel 2024-cü il tarixli etrizaz ərizəsi ilə müraciət edərək, İddiaçı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi" tələbinə dair 2(067)-1496/2024 nömrəli iş üzrə ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı mərhum valideyni 1921-ci ii təvəllüdlü X10 70 yaşının tamam olduğu tarixdən vəfat etdiyi tarixədək qulluq etmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci bəndində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun. İddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1,3-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamma səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153,2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və va digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qevri-mümkünlüyü nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, İddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsini vaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, sözügedən məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin İddiaçıyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri iddiaçının ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının X4 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Qeyd etmək istəyir ki, İddiaçıyə məxsus 10 aprel 1984-cü il tarixli əmək kitabçasından görünür ki, o, 16.08,1979-cu il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin, X6 X7 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 59 nömrəli arayışdan görünür ki, İddiaçı 19,11,2001-cİ il tarixədək əmək müqaviləsi əsasında işləmişdir. Göründüyü kimi, İddiaçı anasına qulluq etdiyini ərizə etdiyi dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur və bu səbəbdən İddiaçı həmin dövrlər ərzində həm işləyib, həm də anasına qulluq edə bilməzdi. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, həm qanunvericiliyin, həm də Ali Məhkəmənin Plenumunun sözügedən Qərarına asasan iddiaçının hüquqi fakt qismində müəyyən etmək istədiyi tələb əsassızdır və təmin edilməməlidir.

20. Məhkəmə iclasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi fondunun nümayəndəsi X18 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, arayış 2024cü ildə tərtib olunmuşdur. Ali Məhkəmənin qərarına əsasən aktlar və arayışlar quuluq edilən şəxsin sağ olarkən verilməlidir. İddiaçı xəstəyə, ahıla qulluq edərkən eyni zamanda da işləmişdir. 2001-ci ildə işləməsə belə aktları mötəbər sübut hesab edə bilmirlər.

21. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X21 ifadəsində göstərmişdir ki, İddiaçı qonşusu, həm də qohumudur. İddiaçının xəstə anasına qulluq göstərdiyini təsdiq edir.

22. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində göstərmişdir ki, iddiaçının xəstə anasına və atasına qulluq göstərdiyini təsdiq edir.

23. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1496/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 1921-ci il təvəllüdlü, ahıl X9 2001-ci ildən vəfat etdiyi 22 may 2007-ci il tarixədək İddiaçı öhdəsində olması faktının müəyyən edilməsi, tələbin qalan hissəsi ilə bağlı iddiaçının inzibati məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun izah olunması qət edilmişdir (hakim Nərmin Abiyeva).

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 218.3-cu maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1, 1.2, 1.4, 16.1, 16.2-ci bəndlərinə, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri

25. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1496/2024 nömrəli təmin edilmiş hissədə ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edəsiniz.

26. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli, 03 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Göründüyü kimi, qanunvericilikdə öhdədə olma faktının müəyyən edilməsi zamanı vəfat etmiş şəxsin ərizəçinin öhdəsində olması faktının müəyyən edilməsi deyil, ərizəçinin vəfat etmiş şəxsin öhdəsində olması faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur.

27. Həmin Qərarın 1.2-ci bəndində qeyd olunmuşdur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərinizə çatdırmaq istərdik ki, ərizəçi İddiaçı ahıl anasına qulluq etdiyi dövrlər ərzində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, ərizəçiyə məxsus 10 aprel 1984-cü il tarixli əmək kitabçasından və X6 X7 tərəfindən verilmiş 59 nömrəli arayışdan görünür ki, ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.2001-ci il tarixədək müxtəlif idarələrdə əmək müqaviləsi əsasında işləmişdir. Lakin məhkəmə tərəfindən yekun qətnamə qəbul edərkən qeyd etdiyimiz hal nəzərə alınmamış, ərizəçi xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu halda 2001-ci ildən ahıl anasının ərizəçinin öhdəsində olması faktı müəyyən edilərək maddi hüquq normalarının tətbiqində kobud səhvə yol verilmişdir.

28. Həmin Qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Ərizəçi anasına qulluq etdiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur və bu səbəbdən ərizəçi həmin dövrlər ərzində həm işləyib, həmdə anasına qulluq edə bilməzdi. Göründüyü kimi, məhkəmə tərəfindən kifayət qədər araşdırılma aparılmamış, iş üçün əhəmiyyətli olan bütün hallar sübuta yetirilməmişdir.

29. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1876/2024 nömrəli qərarı ilə ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, ərizənin rədd edilməsi barədə qərar qüvvədə saxlanılmışdır. Sözügedən qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi mövcuddur ki, agentliyin fəaliyyət istiqamətlərindən biri də evdə (səyyar) sosial xidmət göstərilməsidir. Bu Qayda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən hazırlanmışdır və əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir. Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir. İş materiallarında ərizəçinin anasının qulluğa ehtiyacı olması və ya ona sosial xidmətin göstərilməsi barədə sənədlər mövcud olmadığı halda məhkəmə tərəfindən qeyd edilən məsələlər araşdırılmadan qərar qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

32. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

33. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.

35. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

36. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

37. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

38. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

39. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarı

40. Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

41. Bənd 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

42. Bənd 3. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur.

43. Bənd 3.1. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir.

44. Bənd 14. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

47. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1496/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsini xahiş etmişdir.

48. Kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizəyə məhkəmədə baxılmalı olmadığından, mülki iş üzrə icraata xitam verilməlidir.

50. Beləliklə, İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, mərhum anası 1921-ci il təvəllüdlü, İ qrup əlil X10 onun 70 yaşından sonra öldüyü xx.xx.2007-ci il tarixədək tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

51. İddianı qismən təmin edən birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının izahatı, şahidlərin ifadələri və yazılı sübutlarla iddiaçının 2001-ci il tarixdən etibarən əmək fəaliyyəti ilə məşğul olmamaqla 1921-ci il təvəllüdlü ahıl X4na qulluq etməsi faktı öz təsdiqini tapdığına görə və qanunvericilikdə şəxsin öhdədə olması faktının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulduğundan, iddia tələbi bu hissədə təmin edilməli və 1921-ci il təvəllüdlü, ahıl X9 2001-ci ildən vəfat etdiyi 22 may 2007-ci il tarixədək İddiaçı öhdəsində olması faktı müəyyən edilməlidir.

52. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, qanunvericilikdə öhdədə olma faktının müəyyən edilməsi zamanı vəfat etmiş şəxsin ərizəçinin öhdəsində olması faktının müəyyən edilməsi deyil, ərizəçinin vəfat etmiş şəxsin öhdəsində olması faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.2001-ci il tarixədək müxtəlif idarələrdə əmək müqaviləsi əsasında işləmişdir. Lakin məhkəmə tərəfindən yekun qətnamə qəbul edərkən qeyd etdikləri hal nəzərə alınmamış, ərizəçi xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu halda 2001-ci ildən ahıl anasının ərizəçinin öhdəsində olması faktı müəyyən edilərək maddi hüquq normalarının tətbiqində kobud səhvə yol verilmişdir.

53. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iddiaya məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi icraata qəbul edilməməli, edildiyi halda isə iş üzrə icraata xitam verilməli idi.

54. Belə ki, əvvəla qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.

55. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir.

56. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.

57. Göründüyü ki, birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək, məhkəmədə baxılmalı olmayan məsələyə mahiyyəti üzrə baxmış və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul etmişdir, bununla da maddi və prosessual normalarını pozmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır.

58. Belə ki, işin hallarındandan görünür ki, İddiaçı məhkəmədən mərhum X4na qulluq edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan Ali Məhkəməsi Plenumunun qərarına əsasən xəstəyə qulluq etməsi kimi hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmir. Belə olan halda kollegiya hesab edir ki, məhkəmə tərəfindən hazırkı tələbə baxıla bilməz.

59. Beləliklə, mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.5, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1496/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia ərizəsi məhkəmədə baxılmalı olmadığından, mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar