Məhkəmə qərarları › İş №e-2(012)-3650/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3650/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3650/2025 21.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 8 dekabr 2020-ci ilədək vərəsəlik işiaçılmadığı halda, mərhum atası X1 adına daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi və hüquqi qeydiyyatının aparılması faktının hüquqi fakt kimi müəyyən edilməsini və tanınması; 8 dekabr 2020-ci ilədək həmin əmlak üzrə dövlət ödənişlərinin kim tərəfindən həyata keçirildiyinin araşdırılaraq hüquqi fakt kimi müəyyən edilməsini və tanınmasını; 8 dekabr 2020-ci ildən sonrakı dövrdə əmlak üzrə bütün ərizələr üzrə dövlət rüsumu, xidmət haqqının onun tərəfindən həyata keçirildiyinin hüquqi fakt kimi müəyyən edilməsi və tanınması; JN-231D dövlət aktında anası X2, X3 atasına X1 ailə üzvü kimi müəyyən edilməsi və tanınmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsi məhkəmənin müəyyən etdiyi fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların dairəsini tənzimləyir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1.ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya ilkin olaraq ona lazım olan hüquq müəyyənedici sənədin alınması üçün müvafiq dövlət orqanına müraciət etməsi, imtina olunduğu halda məhkəməyə müraciət etməsi izah edilməlidir. Bundan əlavə ərizəçinin tələbi aydın olmamaqla qeyri-müəyyəndir. Məhkəmə izah etməyi zəruri hesab edərək bildirir ki, hüquqi əhəmiyyətli fakt əvvəl mövcud olmuş reallığın sonradan hüquqi nəticələr doğuran təsdiqini nəzərdə tutur. Yəni məhkəmə hər hansı bir faktı deyil, yalnız hüquqi nəticələrə səbəb faktları məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi müəyyən edə bilər. Həmçinin ərizəçiyə izah edilir ki, əgər hansısa hüquqi əhəmiyyətli faktı müəyyən ediməsini xahiş edirsə həmin faktın müəyyən edilməsinin ərizədə ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinın iddianın yolverilməzliyi ilə əlaqədar imtina edildiyindən, ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2, 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbi barədə ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, **********73 saylı qəbz nömrəsi ilə) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar