Məhkəmə qərarları › İş №2(102)-977/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-977/2025

13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-977/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “qulluq edilmə faktının müəyyən edilməsinə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il t arixli, 2(105)-1843/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Yəhyayeva (Cəmiyeva) Gülbanı Mirzə qızı 1921-ci ildə doğulmuş, 10 may 2007-ci ildə ölmüşdür.

2. X4 İ və sonra İİ qrup əlil olmuşdur.

3. İddiaçı X2 övladıdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Məhkəməsinə ünvanladığı 05 iyul 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı (pensiya, sosial müavinət, təqaüd) məlumatlara əsasən xx xxxxx 1959-cu il təvəllüdlü İddiaçı yaşa görə sosial müavinət təyin edil ib və ödənişi davam etdirilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarında məktubda qeyd edilən istiqamət üzrə 1991-2001-ci və 2001-2007-ci illərdə 70 yaşdan yuxarı şəxsə qulluq edənlərə pensiya, müavinət və təqaüd ödənilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası 1921-ci il təvəllüdlü, İ qrup əlil X3 onun 70 yaşından sonra öldüyü 10 may 2 007-ci il tarixədək iddiaçı tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1959-cu ildə Xaçmaz şəhərində doğulmuşdur. X1 İ qrup ümumi xəstəlikdən əlil olmaqla əlavə köməyə ehtiyacı olmuşdur. İddiaçı valideynləri ilə birgə yaşamış, 70 yaşlarından sonra onların hər ikisinə o, baxaraq, qulluq etmişdir. Hazırda iddiaçının 65-ə yaxın yaşı var. Yaxın vaxtlarda pensiyaya çıxacaq, sığorta stajın müəyyən edilməsi pensiya məsələsinin həlli üçün əhəmiyyət kəsb edir. Belə ki, onun 22 il 6 ay sığorta stajı vardır. Əmək pensiyası almaq üçün əmək stajı çatmır. Ahıl valideynlərinə, yəni yaşları 70-dən sonra onlara qulluq etdiyi müddət sığorta stajına daxil ediləcəyi halda tam əmək pensiyası almaq hüququ əmələ gələcəkdir.

7. Xaçmaz Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(067)-1496/2024 nömrəli qətnaməsi ilə (hakim N.Abiyeva) iddianın qismən təmin edilməsi, 1921-ci il təvəllüdlü, ahıl X2 2001-ci ildən vəfat etdiyi 22 may 2007-ci il tarixədək İddiaçı öhdəsində olması faktının müəyyən edilməsi, tələbin qalan hissəsi ilə bağlı iddiaçının inzibati məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun izah olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 218.3-cu, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali M əhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1, 1.2, 1.4, 16.1, 16.2-ci bəndlərinə, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci bəndinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilmiş hissədə ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(105)-1843/2024 nömrəli qərardadı ilə (hakim L.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Süleymanova və F.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(067)-1496/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından, mülki iş üzrə icraata xitam verilmişdir.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaya məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi icraata qəbul edilməməli, edildiyi halda isə iş üzrə icraata xitam verilməli idi. Belə ki, Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquq i şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.

12. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 apre l 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndinə istinad edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xəstəyə qulluq etməsi kimi hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmir. Belə olan halda kollegiya hesab edir ki, məhkəmə tərəfindən hazırkı tələbə baxıla bilməz.

14. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, Mülki Prosessual Məcəllənin 2.2, 261.0.1, 262.1, 384.0.5-ci maddələri ilə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(105)-1843/2024 nömrəli qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 21.2.2-ci, Mülki Prosessual Məcəllənin 384, 385.2-ci maddələrinin tələbləri pozulmuşdur.

17. Belə ki, iddiaçı ahıl anası, 1921-cı il təvəllüdlü X2 2021-ci ildən vəfat etdiyi 10 may 2007-ci il tarixədək iddiaçının öhdəsində olmuşdur. Ali Məhkəməsi Plenumunun qərarına əsasən xəstəyə qulluq etməsi kimi hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmir. İddia ərizəsinin hüquqi əsası kimi isə “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə (ahıllara, yaşı 70-ə çatmış şəxslərə qulluq edilməsi müddətinin sığorta stajına daxil edilməsi) istinad edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi isə ahıllar sözünü xəstə sözü ilə əvəzləmişdir. Belə əvəzləmə nəticəsində məhkəmə belə nəticəyə gəlmişdir ki, xəstəyə qulluq etmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yol verilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında ahıl, yaşı 70-ə çatmış şəxslərə qulluq edilməsi hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilə bilməməsi barədə hər hansı göstəriş yoxdur.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki pro sessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. İddiaçı apellyasiya inst ansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Belə ki, iddiaçı anasının 70 yaşından sonra öldüyü tarixədək onun tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsini məhkəmə qaydasında xahiş etmişdir.

25. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə məhkəmələrə izah olunmuşdur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icra at qaydasında baxılmasını istisna edir.

26. Qərarın 3 və 3.1-ci bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman mə hkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir.

27. Qərarın 14-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəm ə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər.

28. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı tələbə mülki mühakimə icraatında baxılmasının yolverilməzliyi nəticəsinə gələrkən, prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

29. İddianın hüquqi əsasının “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsi təşkil etməsinə dair kassasiya şikayətinin dəlili həmçinin apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz.

30. Belə ki, Qanunun həm in müddəasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir.

31. Göründüyü kimi, Qanunun qeyd olunan müddəası sığorta stajının müddətinin hesablanması qaydasını müəyyən edir. Lakin həmin normada bu müddətin ayrıca məhkəmə qaydasında müəyyən edilməli olması nəzərdə tutulmamışdır.

32. Məhkəmə kollegiyası izah edir ki, iddiaçının sığorta stajının müddəti hazırkı mübahisənin predmetini təşkil etmir və bununla bağlı iddiaçı ilə müvafiq icra hakimiyyəti orqanı arasında hər hansı mübahisə yarandığı halda, inzibati icraata qaydasında həll olunmalıdır.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələblərə mülki mühakimə icraatında baxılmasının mümkünsüz olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(105)-1843/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar