Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1844/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(060)-425/2021 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(060)-425/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mkr, ev 4/55, 48 saylı mənzilinə aid **********00480 abonent koduna hesablanmış itirilmiş qazın sərfiyyatına görə 216 manat borcun və yararsız hala salınmış sayğacın dəyəri olaraq 235,88 manat olmaqla, ümumilikdə 451,88 manat borcun silinməsi, iddianın verilməsinə görə 20 manat dövlət rüsumunun cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, cavabdeh “Cavabdeh” İstahsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus evin qaz hesabat sayğacına görə tərtib edilmiş 15 aprel 2020-ci il taixli, ******* saylı aktın qanunsuz və əsassız olduğu üçün etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 216 manat borcun və sayğacın dəyişdirilməsinə görə 235,88 manat məbləğin ondan tələb olunmasının qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, 2020-ci ilin aprel ayında ona məxsus ünvan 1 ünvanında yerləşən evə cavabdehin nümayəndələri tərəfindən 15.04.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Belə ki, 06.03.2020-ci il tarixində yaşadığı binanın pilləkən meydançasında cavabdeh tərəfindən binanın hər sakini üçün G-4 markalı qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacların aparılmasından bir müddət keçdikdən sonra, yəni aprel ayında cavabdeh qurumun əməkdaşları yenidən yaşadığı binaya gələrək ona təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş 15 aprel 2020-ci il tarixli akt təqdim etmişlər. Cavabdehin tərtib etdiyi sənədlərdən məlum olmuşdur ki, yaşadığı mənzilə qaz sərfiyyatına görə və sayğacın bərpasına görə 451,88 manat məbləğində borc yazılmışdır. Cavabdeh tərəfindən onun evinə külli miqdarda borcun hesablanması qeyri-qanuni və əsassızdır. Aktda guya köhnə sayğacın müayinəsi zamanı kənar müdaxilə aşkar edildiyi qeyd olunmuş, akt sayğacın plombunun, qapağının qırılması və sair səbəblərdən tərtib edilmişdir. Plombun və sayğacın hansısa hissəsinin olmaması sayğaca müdaxilənin məhz mənzil sahibi tərəfindən edildiyini sübut etmir. Aktda aşkar olunmuş pozuntular, yəni plombun, qapağın qırılması və sair hamısı gözlə görünən və müəyyən edilə bilən hallardır. Bu halların müəyyən edilməsi və akt tərtib edilməsi üçün laboratoriya müayinəsinə heç bir ehtiyac belə yox idi. Həmçinin köhnə sayğac yenisi ilə əvəzlənən zaman vizual baxış keçirilmişdir. Əgər sayğacda qapağının qırılması halı aşkar edilsə idi, bu ciddi müdaxilə hesab edilməli və sayğacın qapağının qırılması və sair barədə yerində akt tərtib edilməli idi. Lakin bu hallardan heç biri aşkar edilməmişdir. Cavabdeh tərəfindən ona qarşı əsassız şəkildə borc hesablanmış və akt tərtib edilmişdir. Qaz sayğacı mənzilin daxilində deyil, binanın pilləkən meydançasında quraşdırılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış 216 manat borcun və 235,88 manat sayğacın dəyərinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, ünvan 1 saylı yaşayış evinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, 06.03.2020-ci il tarixli aktda sayğacda qeyd olunan nöqsan, yəni sayğacın Alarm-1 rejimində olduğu, element yuvasının alt hissəsinin aralandığı, qazı buraxmadığı yazılmışdır. Sayğac 06.03.2020-ci il tarixdə akt tərtib olunmaqla çıxarılmış və laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında sayğacın element yuvasının qapağının alt hissədə gövdəyə birləşən hissədən sınıq olduğu, nəticədə sayğacın Alarm-1 rejimində olduğu, klapanının işlək olmadığı, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda 03.03.2020-ci il tarixdə Alarm-1 rejimi aşkar olunduğu, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işlədiyi, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilərkən kənar təsir izlərinin aşkar edilmədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Cavabdeh” İstahsalat Birliyinin Sumqayıt X6 əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və dövlətə vurduğu ziyan müəyyən edilərək 15.04.2020-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 216,00 manat cərimə hesablanmışdır. 06.03.2020-ci il tarixli akta əsasən abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız G-4 markalı sayğacın dəyəri 235,88 manat abonentdən tələb edilmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, qaz sayğacı pilləkən meydançasında quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mkr, 4/55 saylı evin 48 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 16.01.2018ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 06.03.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 5-ci mkr, 4/55 saylı evin 48 saylı mənzilinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 15.04.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 5-ci mkr, 4/55 saylı evin 48 saylı mənzilində quraşdırılmış qaz sayğacının element yuvasının qapağının alt hissədə gövdəyə birləşən hissədən sınıq olduğu, nəticədə sayğacın Alarm-1 rejimində olduğu, klapanının işlək olmadığı, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda 03.03.2020-ci il tarixdə Alarm-1 rejimi aşkar olunduğu, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işlədiyi, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilərkən kənar təsir izlərinin aşkar edilmədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyinin 15.04.2020-ci il tarixli hesabatının surətindən görünür ki, İddiaçı yaşadığı mənzil üzrə (abonent kodu **********00480) itirilmiş qazın sərfiyyatı 2160 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı yaşadığı mənzil üzrə (abonent kodu **********00480) akta görə borc 216 manat təşkil edir. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyinin Sumqayıt X7 tərəfindən İddiaçı ünvanlanmış 17.07.2020-ci il tarixli xəbərdarlığından görünür ki, ünvanından çıxarılmış qaz sayğacı istismara yararsız kimi qiymətləndirilmiş, itirilmiş qazın sərfiyyatına görə 216 manat borcun, yararsız hala salınmış sayğacın dəyəri 235,88 manat olmaqla, ümumilikdə 451,88 manat cərimənin 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. “Cavabdeh” İstehsalat Birliyinin Sumqayıt X4 əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən qaz sayğacının element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır, nəticədə sayğac Alarm-1 rejimindədir, klapan işlək deyil, sayğacın yaddaş arxivi oxundu, sayğacda 03.03.2020-ci il tarixdə Alarm-1 rejimi aşkar olunub, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda -100% nisbi xəta ilə işləyir, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(060)-425/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1844/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1844/2021
17.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver