Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1848/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh «Azərsu ASC»-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1113/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1113/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (Anar Sadıqov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1113/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbini təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 300 manat məbləğində pulun abonent hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 300 manat pul məbləğinin 290,68 manatı abonentin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə istinad etməklə belə bir nəticəyə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə iddia müddəti 3 il olduğundan, iddiaçının cavabdehdən yaranmış borc məbləğini 2020-ci ilin dekabr ayınadək tələb etmək hüquqi olmuş, iddiaçı bunu etmədiyindən , qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq mümkün deyildir. İddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanda ona məxsus 1 mərtəbəli yaşayış evi vardır. Yaşayış evinin yerləşdiyi 400kvm torpaq sahəsi qanuni əsaslarla əldə edilmişdir. Həmin torpaq sahəsində inşa etdirdiyi 1 mərtəbəli yaşayış evinə mülkiyyət sənədləri almamışdır. Bununla belə ailəsi ilə birlikdə həmin evdə yaşayır. Yaşayış evinə bütün kommunikasiya xətləri mövcüddür. Xaçmaz şəhərində su-kanal xətləri yenilənərək quraşdırılarkən həyətinə də su xətti çəkilmiş, saygac quraşdırılmış, lakin su xətti qoşulmamışdır. İstifadə etdiyi su əvvəllər mövcud olan su xətti (kaçalka) vasitəsi ilə əldə edilən sudur. Bununla belə ünvanına xəbərdarlıq məktubu və hesab faktura daxil olanda bilmişdir ki, xx.xx.2022-ci il tarixə 300 manat suya görə vəsait hesablanmışdır. Hesab fakturada həmin məbləg qalıq borc kimi göstərilmişdir. Halbuki yuxarıda göstərildiyi kimi cavabdehin çəkdiyi su xəttindən istifadə etmir. Yalnız kanalzasiya xətindən istifadə edir ki, onun da dəyərini ödəməkdən imtina etmir. 300 manat məbləğində hesablanmış vəsait əsassız hesablanmışdır və cavabdehin çəkdiyi su xəttindəki sudan istifadə etmədiyimə görə həmin məbləg silinməlidir. Qətnamədən belə anlaşılır ki, güya o, 2020-ci ilin dekabr ayınadək yaranmış borc məbləğinin cavabdehdən tələb etməli idi. Məhkəmə iddiaçı ilə cavabdehin yerlərini qarışdırmışdır. Halbuki o, cavabdehdən borc məbləğini ödənilməsini tələb etməmişdir. Onun tələbi ona əsassız hesablanmış 290 manat 68 qəpik pulun silinməsidir. 290 manat 68 qəpik borc hesablanmasını 2017-ci ildə deyil 2022-ci ildə bilmiş və cavabdehə müraciət edərək " abonentin saldosu " adlanan sənədi əldə etdikdə bilmişdir ki, qeyd olunan pul məbləğini 2017-ci ilə yazıblar. Ona görə də tərəfindən güya iddia müddətinin ötürülməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsassız və qanunsuz hesab edilməlidir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1113/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbini təmin edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə iddiaçı və cavadbeh “Azərsu ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə iddia müddəti üç il olduğundan, iddiaçının cavabdehdən yaranmış borc məbləğini 2020-ci ilin dekabr ayınadək tələb etmək hüququ olmuş, iddiaçı bunu etmədiyindən, qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Göründüyü kimi tələb üzrə iddia müddəti keçdiyindən iddia təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 373-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, məhkəmə iddiaı təmin etməməkdə əsaslı olmuşdur. Belə ki, iş materaillarından müəyyən edilir ki, silinməsi tələb edilən 290,68 manat borc məbləği 2017-ci ilədək hesablanmışdır. İş materiallarından görünür ki, iddia ərizəsi 24 fevral 2022-ci il tarixdə verilmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehin nümayəndəsi mübahisəyə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı iş üzrə iddia müddətini, yəni 3 illik iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsini tətbiq olunmaqla iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən borc tələbinin silinməsini üç illik iddia müddəti ərzində tələb edə bilərdiki, qeyd edilən borc məbləğinin silinməsini 5 ilə yaxın müddət keçdikdən sonra tələb etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsası sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçının apellyasiya şikayəti isə əsassız olduğu üçün təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr kimi qəbul edilməlidir və şikayətin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1113/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1848/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1848/2022
20.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver