Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1856/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi, qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin hüquqlarının müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(012)-2311/2023 nömrəli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" MTK-ya təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa olunan yaşayış binasının S giriş, 5-ci yaşayış mərtəbəsinin ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzil İddiaçı ilə Nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli mənzil alqı-satqı müqaviləsinə uyğun olaraq İddiaçı sahiblik və istifadəsinə verilmişdir.
2. Satıcı Nümayəndə ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, inşa etdiyi binada ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının S girişi 5-ci mərtəbə, 4 otaqlı, ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzili razılaşdıqları məbləğə, yəni 80000 manata alıcıya satmışdır.
3. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində ilkin müqavilənin bağlandığı gündən əmələ gəlir. Müqavilənin 3-cü bəndinə əsasən, əsas müqavilənin bağlanması xx.xx.2027-ci il tarixədək başa çatdırılmalıdır.
4. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı daşınmaz əmlakın razılaşdırılmış qiyməti olan 80000 manatı tam olaraq notariat ofisinin "xxxx" ASC-nin Sumqayıt 8 saylı filialı vasitəsilə depozit hesabına qoyaraq satıcıya tam olaraq ödəmiş və satıcı mənzil özəlləşdirildikdən, hüquqmüəyyənedici sənədləri çıxarış və Foma1 arayışı aldıqdan sonra əsas müqavilənin bağlandığı tarixdə müqavilənin rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür.
5. "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli "xxxx"dən görünür ki, MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzili ümumi dəyəri 85000 manata alıcıya satmağı öhdəsinə götürmüşdür.
6. Müqavilənin 4-cü bəndinə əsasən, müqavilə bağlanan gün alıcı tərəfindən mənzilin ümumi dəyəri tam şəkildə ödənilmişdir.
7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binanın S girişi, 5-ci yaşayış mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin ümumi dəyəri alıcı İddiaçı tərəfindən 85000 manat olmaqla tam şəkildə ödənilmiş, MMC-yə borcu yoxdur.
8. "xxxx" MMC ilə alıcı Maraqlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli "xxxx"dən görünür ki, MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 164.21 kv.m olan 26 saylı mənzili ümumi dəyəri 106737 manata alıcıya satmağı öhdəsinə götürmüşdür.
9. İşə əlavə edilmiş 25 iyul 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 164.21 kv.m olan 26 saylı mənzilin dəyəri olan 106737 manat pul Maraqlı şəxs tərəfindən tam ödənilmişdir. Sonuncunun "xxxx" MMC-yə borcu yoxdur.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binada, binanın “S” girişi yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən 26 saylı mənzilə dair mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mübahisəli mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, iddiaçının istifadə və sahibliyində olan mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, inşa edilmiş binada Nümayəndə məxsus ünvan 2 ünvanında yerləşən, 5-ci mərtəbə, ümumi sahəsi 165 kv.m olan, 26 saylı, 4 otaqdan ibarət olan mənzil 80000 manata İddiaçı satılmışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, daşınmaz əmlakın razılaşdırılmış satış qiyməti olan 80000 manat notariat ofisinin depozit hesabına qoyularaq iddiaçı tərəfindən satıcıya tam olaraq ödənilmişdir. Buna görə də satıcı mənzil özəlləşdirildikdə hüquqmüəyyənedici sənədləri aldıqdan sonra əsas müqavilənin bağlandığı tarixdə müqavilənin rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. MMC-nin xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, mənzilin ümumi dəyəri 85000 manat müəyyən olunmuşdur. MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən binanın S-girişi yaşayış sahəsinin 5-ci yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin ümumi dəyəri 85000 manat alıcı İddiaçı tərəfindən tam ödənilmiş və MMC-yə borcu qalmamışdır. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.
14. Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(012)-2311/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.2022-ci il tarixli "xxxx"yə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi, 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir. (hakim H.Əhmədov)
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, icraçı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022ci il tarixli müqavilə mənzilin alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilədir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsinə dair maliyyə arayışı verilmiş və müqavilənin bütün mühüm şərtləri barəsində tərəflər arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Lakin bununla belə, müqavilə üzrə öhdəliklər cavabdeh qurum tərəfindən icra edilməmiş, bununla da, müqavilə üzrə alıcı mənzillə təmin olunmaq hüququndan məhrum edildiyindən onun məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edib ki, iddiaçının müqavilə əsasında aldığı mənzilə münasibətdə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında mənzilin alqısatqısına dair müqavilənin bağlanmasına baxmayaraq, mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi təmin edilməmiş, məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi mənzilin başqa şəxsə satılmadığını, mənzildə kimsənin yaşamadığını bildirsə də mənzilin təhvil verilməmə səbəbini mənzilin ümumi dəyərinin tam şəkildə ödənilməməsi ilə əlaqələndirmiş, lakin borcun tam şəkildə ödənilməsini təsdiq edən maliyyə arayışının təqdim edilmə səbəbini izah edə bilməmişdir. Nəticədə məhkəmə hesab etmişdir ki, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində cavabdehin öhdəliyinə əməl etməməsi, mənzili iddiaçıya təhvil verməməsi müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli "xxxx"yə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi, 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 165 kv.m olan, 26 saylı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-yə həvalə edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 385.1, 389.1, 399.1, 405.1, 442, 448.1-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 107, 119.1, 124.1, 14.2, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e- 2(012)-2311/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
18. Cavabdeh MMC ilə onun arasında bağlanmış 25 iyul 2015-ci il tarixli “Mənzil alqısatqısı haqqında” müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H. Aslanov (Qolubiyyə) küçəsi 21-ci məhəllədə inşa edilmiş çox mərtəbəli yaşayış binasının “S” blokunun 5-ci yaşayış mərtəbəsinin 4 otaqdan ibarət 26 saylı mənzili ona satılmışdır. Mənzilin ümumi dəyəri olan 106.137 (bir yüz altı min bir yüz otuz yeddi) manat elə həmin gün tərəfindən tam olaraq ödənilmişdir. Bu barədə ona 25 iyul 2015-ci il tarixli Maliyyə arayışı da təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən aldığı mənzil üzərində mülkiyyət - sahiblik və istifadə hüququ əldə etmişdir. Cavabdeh MTK tərəfindən qanunsuz olaraq ona məxsus mənzil razılığı olmadan başqa şəxsə satılmışdır ki, bu da yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinin, eləcə də onun mülkiyyət hüquqlarının açıq aşkar şəkildə pozulmasıdır. Cavabdeh MTK-nin, eləcə də digər şəxsin mübahisəli mənzili cavabdehə satmaq kimi hər hansı bir səlahiyyəti mövcud olmamışdır. Göründüyü kimi işə baxan məhkəmə qeyd olunan halları araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hazırkı halda İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə onunla (M. Muradovla) Cavabdeh MMC arasında bağlanmış 25 iyul 2015-ci il tarixli müqavilə qanunla müəyyən edilmiş qaydada ləğv edilmədən, Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını, Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(012)-2311/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023cü il tarixli, e-2(012)-2311/2023 nömrəli qıtnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. İş üzrə Cavabdeh MMC- yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
23. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
24. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
26. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
29. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
32. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
33. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Verilmiş apellyasiya şikayətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(012)-2311/2023 nömrəli qətnaməsi apellyator tərəfindən tam mübahisələndirilmişdir.
43. Ona görə də məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023cü il tarixli, e-2(012)-2311/2023 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia rədd olunmalıdır.
45. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, mübahisəsi gedən mənzilə dair "xxxx" MMC ilə alıcı Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixli "xxxx" bağlanmış və həmin müqaviləyə əsasən MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 164.21 kv.m olan 26 saylı mənzili ümumi dəyəri 106737 manata alıcıya satmağı öhdəsinə götürmüşdür. 25 iyul 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 164.21 kv.m olan 26 saylı mənzilin dəyəri olan 106737 manat pul Maraqlı şəxs tərəfindən tam ödənilmişdir.
46. Yenə işdən görünür ki, cavabdeh MMC mübahisəli mənzili eyni qaydada xx.xx.2022-ci il tarixli müqavilə əsasında alıcı İddiaçı 80000 manata satmağı öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binanın S girişi, 5-ci yaşayış mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin ümumi dəyəri alıcı İddiaçı tərəfindən tam şəkildə ödənilmiş və sonuncunun MMCyə borcu yoxdur.
47. Kollegiya Mülki Məcəllənin 452-ci maddəsinə istinad edərək qeyd edir ki, bu norma ilə fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Deməli, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil daha əvvəl Maraqlı şəxs mülkiyyətinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Bu halda məhkəmənin xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binanın S girişi, 5-ci yaşayış mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin İddiaçı təhvil verilməsi barədə gəldiyi nəticə də əsassızdır.
48. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında da göstərmişdir ki, mübahisəli mənzil Maraqlı şəxs təhvil verilib, iddiaçının isə MMC-yə qarşı “mənzilin iddiaçıya təhvil verilməsi” barədə tələbin irəli sürülməsi bir daha onu təsdiq edir ki, mübahisə predmeti iddiaçının faktiki sahibliyinə verilməmişdir.
49. Beləliklə, mübahisəli mənzil artıq Maraqlı şəxs qanuni əsaslarla mülkiyyətinə verildiyindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə İddiaçı hazırkı tələbi təmin oluna bilməzdi.
50. Kollegiya hesab edir ki, "xxxx" MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il müqavilə ləğv edilmədən iddiaçı ilə cavabdeh arasında müqavilə bağlandığından, Maraqlı şəxs mübahisəli mənzilin iddiaçıya satılmasına dair razılığı olmadığından, İddiaçıla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə etibarsız sayılmalıdır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
52. Bununla belə məhkəmə kollegiyası izah edir ki, iddianın bu şəkildə təmin olunmaması mübahisəli mənzil üçün İddiaçı oglu tərəfindən "xxxx" MMC-yə ödənilmiş pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.
53. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır.
54. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(012)-2311/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(012)-2311/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.