Məhkəmə qərarları › İş №2(105)-729/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-729/2023

03.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-729/2023 03.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X39 və X9 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi X22, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(012)-977/2022 nömrəli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, Masazır qəsəbəsi 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzil, həmin binanın həmin mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzil və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 4 saylı mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini təmin etmək üçün həmin mənzillər Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh MTK-dan 70 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh MTK qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1345/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(012)-977/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və Z.Əliyev) İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1345/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzil, həmin binanın həmin mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzil və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 4 saylı mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini təmin etmək üçün həmin mənzillərin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi və mənzillərə dair öz adına çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılmasının MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2018ci il tarixdə 3 müqavilə bağlanmış, həmin müqavilələrdən birinə görə MTK ona Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan yaşayış kompleksində 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzili, digər müqaviləyə görə həmin binanın həmin mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzili, sonuncu müqaviləyə görə isə həmin binanın 2-ci mərtəbəsində sahəsi 59,43 kv.m. olan 1 otaqlı 4 saylı mənzili satmış, o, müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri icra edərək mənzillərin dəyərini MTK-ya tam ödəmiş və buna dair ona müvafiq maliyyə arayışları verilmişdir. Həmin müqavilələrə əsasən MTK mənzilləri ona təhvil verməyi öhdəsinə götürmüş, mənzillər tikilib hazır edilmişdir. İndi də əvvəllərdə olduğu kimi tez-tez gedib mənzillərini yoxlayır. Hazırda mənzillərinə qapılar qoymaq, təmirə başlamaq istəsə də, MTK müxtəlif bəhanələrlə buna mane olmağa çalışır. MTK-nın rəhbərliyi arasında problemlər yarandığından ona da problemlər yaratmağa başlamışlar. Hazırda isə MTK yaranmış həmin hüquqlarının realizəsinə mane olmağa çalışdığından hazırkı iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Mənzil Tikinti Kooperativi Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. X25 həmin müqavilələri qanunsuz yolla əldə etmiş və həmin mənzillər ilə o MTK-nın kassasına pul ödəməmiş, müqavilələrin harada tərtib olunması və həmin müqavilələrə möhürün harada vurulması məlum deyildir. Həmin müqavilələrə baxış keçirilən zaman müəyyən edilmişdir ki, müqavilə Arzuman Əliyevin adı göstərilsə də, həmin imzalar A.Əliyevə məxsus deyildir. Bundan əlavə müəyyən edilmişdir ki, həmin imza xətt nümunəsi həmin dövrdə "xxxx" MTK-da xəzinədar vəzifəsində çalışan X11 imza xətt nümunələrinə oxşardır. Yəni həmin müqaviləyə A.Əliyev deyil, A.Fərzəliyevə imza etmişdir. Şahid isə həmin müqavilələri imzalamağa hüququ olmamışdır. A.Fərzəliyevə isə A.Novruzovun atası Qəzənfər Novruzovun yaxın dostu olmuş və Binəqədi rayon İcra hakimiyyətində bir yerdə işləmişlər. Q.Novruzovun xahişi ilə A.Fərzəliyevə "xxxx" MTK-da xəzinədar vəzifəsində işə götürülmüşdür. 2018-ci ilin may ayından isə "xxxx" MTK-nın sədri A.Əliyev Azərbaycan ərazisindən kənarda-Bakı Apellyasiya məhkəməsinin qərarı ilə axtarışda olmuşdur. Həmin möhür isə təsisçi R.İsayevə verilmişdir. R.İsayev isə həmin müqavilələrə möhür vurmadığını bildirmişdir. Bu faktlarla bağlı Baş prokurorluq yanında Korrupsiya idarəsində araşdırma aparılmış və orada toplanmış material vardır. Bundan başqa, 1 ci binanın 57 saylı mənzili X4 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTKya hissə-hissə ödənilmiş, hazırda 2050 manat borcu qalmışdır. 1-ci binanın 58 saylı mənzili X2 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilmiş hazırda 22080 manat borcu qalmışdır. 1-ci binanın 04 saylı mənzili X6 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilmiş hazırda 20200 manat borcu qalmışdır. A.Q.Novruzovun məhkəməyə təqdim etdiyi müqavilələrin və maliyyə arayışlarının saxtadır. A.Q.Novruzov "xxxx" MTK-nın 2- ci bina, 89 saylı mənzilin ələ keçirmiş və həmin mənzili xx.xx.2018-ci il tarixdə X23 100.000 manatdan artıq qiymətə satmaqla həmin pulu da mənimsəmişdir. Məhkəmə bunları nəzərə almamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi X34 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X42 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilən Şahid ifadəsində 2017-ci ildən 2019-cu ilədək Cavabdeh Mənzil Tikinti Kooperativində xəzinədar işlədiyini, həmin MTK-da sənədləşmə işləri apardığını, İddiaçı atası Qəzənfər Novruzlunu tandığını, sonuncu ilə Binəqədi rayon İcra Hakimiyyətində bir yerdə işlədiyini, sonradan onun vasitəsilə MTK-ya işə düzəldiyini, mübahisəli mənzillərlə bağlı müqavilələri özünün imzaladığını, lakin möhürün onda olmadığını, müqavilələri imzalamağına baxmayaraq iddiaçı aralarında olan etibardan sui-istifadə edərək, həmin mənzillərə görə ödəniş etməmişdir. Sənədlərin sonradan kim tərəfindən və harada möhürlənməsi barədə məlumatı olmamış, müqavilələri möhür olmadığından rahatlıqla imzalamışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18 və X13 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını, şahid ifadələrini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni iddiaçı tərəfindən mübahisəli mənzillərlə bağlı öhdəliklər tam yerinə yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh Mənzil Tikinti Kooperativi bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsini qət etmiş, bu nəticədən narazı qalan İddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən mübahisəyə aidiyyatı olmayan maddi hüquq normalarına istinad etməsinə, mübahisənin predmeti olan mənzilləri iddiaçıya təhvil verilməsinin mümkünsüzlüyü barədə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində izahat vermiş cavabdeh MTK-nın nümayəndəsinin dəlillərinə məhkəmələr tərəfindən həmin halları təsdiq edən sənədlər təqdim olunmadığına dair məsələyə hüquqi qiymət vermədiyinə, eləcə də qəbul edilən qətnamənin X14, X10 və X16 hüquq və vəzifələrinə toxunub toxunmadığına, onların işə cəlb olunmasının zəruriliyi məsələsinə müzakirə etmədiyinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdən görünür ki, iddiaçı Cavabdeh MTK ilə bağlanmış xx.xx.2018-ci il tarixli 3 müqaviləyə istinad edərək həmin mənzillərin ona təhvil verilməsini tələb etmişdir. Cavabdeh MTK isə iddia tələbinə etiraz edərək, mənzillərin alqı-satqısına dair müqavilələr üzrə mənzillərin dəyərinin ödənilməsi barədə maliyyə arayışlarının qanunla müəyyən edilmiş qaydada tərtib edilməməsinə, müqavilələr və maliyyə arayışlarının MTK-nın rəhbəri tərəfindən imzalanmasına, əksinə buna səlahiyyəti olmayan şəxs olan MTK-nın xəzinədarı tərəfindən imzalanmasına, sözügedən müqavilələr və maliyyə arayışları Cavabdeh MTK-nın arxivində mövcud olmamaqla qeydiyyatdan belə keçmədiyinə, həmin müqavilələrə imza etmiş Şahid isə İddiaçı atası X21 rayon İcra Hakimiyyətində bir yerdə işlədiklərindən, sonuncunun xahişi ilə Cavabdeh MTK-da xəzinədar vəzifəsinə işə götürüldüyünə, MTK-nın möhürünün R.İsayevə verildiyini və onun həmin müqavilələrə möhür vurmadığına, 57 saylı mənzilin X3, onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməklə, hazırda 2050 manat borcu qalmasına, 58 saylı mənzili isə X1, mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməklə, hazırda 22080 manat borcu qalmasına, 04 saylı mənzilin də X5 mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməsi, hazırda 20200 manat borcu qaldığını bildirmişdir. Qeyd olunmalıdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqavilələrdə və maliyyə arayışlarında MTK-nın möhürünün vurulması, həmin sənədlərin MTK sədrinin adından imzalanması, hüquqi şəxs kimi MTK-ya aid rekvizitlərin (VÖEN nömrəsi, bankda hesabı, müxbir hesabı, əlaqə nömrələri) göstərilməsi, müqavilələrin və maliyyə arayışlarının MTK-ya aid xüsusi blanklarda yazılması mübahisəsizdir. Belə olan halda qarşı tərəfin hüquqi şəxsin adından sənədləri imzalayan şəxsin səlahiyyətli olubolmadığını yoxlamaq zərurəti yaranmır. Çünki həmin sənədlərin MTK-nın möhürü ilə təsdiq edilməsi MTK ilə müqavilə bağlayan istənilən şəxsə münasibətdə mötəbər sayılması üçün yetərlidir. Müqavilələr və maliyyə arayışları səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda belə, sonradan səlahiyyətli şəxs tərəfindən möhür vurulması həmin sənədlərin mötəbərliliyi və imzalayan şəxsin də qarşı tərəf üçün səlahiyyətli olması anlamına gəlir. Tərəflər arasında bağlanmış müqavilələrin və MTK tərəfindən verilmiş maliyyə arayışlarının MTK-nın arxivində olmaması, MTK-da qeydiyyatdan keçməməsi isə ümumiyyətlə həmin sənədlərin etibarsızlığına dəlalət edən hallar sayıla bilməz. Bu məsələlər MTK rəhbərliyi tərəfindən sənədləşmə və kargüzarlıq işlərinin aparılması qaydalarının pozulmasının nəticəsidir ki, kənar şəxslər, o cümlədən iddiaçı buna görə məsuliyyət daşımır. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi 1 saylı binanın 2-ci mərtəbəsində 1 otaqlı 4 saylı mənzili xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X27, 23 iyun 2020-ci il tarixli müqaviləyə əsasən X7, Abşeron rayonu, Masazır qəsəbəsi 1 saylı binanın 8-ci mərtəbəsində 3 otaqlı 57 saylı mənzili isə xx.xx.2017-ci ildə X24, 58 saylı mənzili isə xx.xx.2017-ci ildə X35, daha sonra 03 oktyabr 2022-ci il tarixdə X8. Bu mənada məhkəmə kollegiyası cavabdehin həm etirazında, həm də apellyasiya şikayətində göstərdiyi dəlilləri bu hissədə əsaslı hesab etmir. Məhkəmə kollegiyası mübahisə predmeti olan mənzillərin digər şəxslərə satılması və onların istifadəsində olmasına dair dəlili ilə bağlı mübahisəli mənzillərə baxış keçirilmiş, yerli baxış zamanı mübahisə predmetini təşkil edən Abşeron rayonu, Masazır qəsəbəsi 1 saylı binanın 2-ci mərtəbəsində yerləşən 4 saylı mənzilin qapısını üçüncü şəxs X26 açması, həmin mənzil Zəfər Cəfərov tərəfindən təmir olunaraq yaşayış üçün zəruri olan məişət avadanlıqları ilə təmin edilməsi və sonuncunun ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması, həmin ünvanda yerləşən 57 saylı mənzilin qapısını isə üçüncü şəxs X20 açması, həmin mənzildə Nahid Mahmudov tərəfindən təmir işləri aparılması, halhazırda mübahisəli mənzildə ustaların işləməsi və görülən işlər müqabilində zəhmət haqqı olaraq onlara Nahid Mahmudov tərəfindən ödənildiyini, sonuncunun da öz izahatında mənzilin açarının onda olduğunu, həmin mənzilin faktiki istifadəsində və sahibliyində olduğunu, mənzildə təmir işləri apardığını, həmin təmir işlərinin özünün aylıq məvacibinin bir hissəsi hesabına gördürdüyünü bildirməsi, həmin ünvanda yerləşən 58 saylı mənzilin qapısını isə X36 açması və mənzilin təmir olması, mübahisəli mənzil elektrik enerji təchizatı, su-kanalizasiya sitemi ilə təmin edilməsi, təmir üçün zəruri olan bəzi materialların Anar İsayev tərəfindən alınaraq mənzildə yerləşdirilməsi, bu səbəbdən mənzildə hazırda yaşayışın olmasa da, mənzilin faktiki Anar İsayevin istifadəsində və sahibliyində olduğunu, təmir işlərinin özünün aylıq məvacibinin bir hissəsinin hesabına gördürdüyü müəyyən etmişdir. Göründüyü kimi İddiaçı dəyərini ödəmiş olduğu mənzillərin ona təhvil verilməsi tələbini irəli sürsə də, lakin həmin mənzillərin hazırda dəyəri üçüncü şəxslər Zəfər Cəfərov, Nahid Mahmudov və Anar İsayev tərəfindən ödənilməklə faktiki sahibliyində və istifadəsində olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh MTK arasında mənzillərə dair müqavilə mübahisəli 4 saylı mənzilə dair Zəfər Cəfərov və 58 saylı mənzilə dair Anar İsayevlə ilə Cavabdeh MTK arasında bağlanmış müqavilədən daha əvvəl, 57 saylı mənzilə dair Nahid Mahmudovdan isə sonra bağlansa da, fərdi-müəyyən əşya olan mənzillər Cavabdeh MTK ilə Zəfər Cəfərov, Anar İsayev və Nahid Mahmudov arasında bağlanmış müqavilələr əsasında onlara təhvil verildiyindən, iddiaçı Anar Novruzlu mənzillərin Cavabdeh MTK-dan alınaraq ona verilməsini tələb etmək hüququna malik deyildir. Ona görə ki, onun bu hüququ mənzillərin Zəfər Cəfərov, Anar İsayev və Nahid Mahmudova təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, hər üç mənzilin Zəfər Cəfərov, Nahid Mahmudov və Anar İsayev dəyərini ödəyərək mənzillərə sahiblik və istifadə etmək hüququnu əldə etməklə faktiki olaraq onların istifadəsində olduğundan, həmin mənzillərin iddiaçıya təhvil verilməsi barədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzillərin təhvil verilməsinə dair hissədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar