Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1885/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2108/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 1715 manat əsas və 215 manat cərimə olmaqla, ümumilikdə, cəmi 1930 manat borc və 40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “X3” mağazasından 1740 manat dəyərində 01 ədəd mobil telefonu müqavilə yazaraq almağa razılaşmış, bundan sonra cavabdehə ilkin ödəniş və hissə-hissə 12 ay ödəmək şərti ilə mobil telefon satılmışdır. Cavabdeh cəmi 25 manat ödəniş edildikdən sonra şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş etməkdən boyun qaçırmış, məsuliyyətdən qəsdən yayınmışdır. Hal-hazırda cavabdehin əsas borcu 1715 manat və cərimə borcu 215 manat təşkil edir. Nəticədə Cavabdeh həmin borcun və dövlət hesabına ödənilmiş rüsumun tutularaq ödənilməsi zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
3. Abşeron Rayon Məhkəməsinin e-2(012)-2108/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 1715 (min yeddi yüz on beş) manat borc və 10 (on) manat cərimə olmaqla, ümumilikdə, cəmi 1725 (min yeddi yüz iyirmi beş) manat borc və 36 (otuz altı) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov).
4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən müqavilə üzrə qiyməti müəyyən edilmiş əşya almış və həmin əşyanın dəyərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürsə də öhdəliklərini icra etmədiyindən iddiaçı qarşısında 1715 manat borcu yaranmışdır.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 328.1, 385.1, 386.1, 442, 445, 448.1, 462.1, 467, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e-2(012)- 2108/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuz və ədalətsizdir. Qətnamə heç bir qanuna əsaslanmamış və lazımi qaydada əsaslanmadan çıxarılmışdır. Belə ki, kredit müqaviləsinin tarixlərindən də göründüyü kimi bu cür müqavilələr əsassızdır və həmin müqavilələrin etibarlılığı məhkəmə tərəfindən müəyyən edilməlidir. Çünki müqavilələnin etibarlılığını yoxlamaq məhkəmənin borcudur və bunun üçün qarşılıqlı iddia qaldırmaq ehtiyac deyil (Bax: Konstutisiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı). Bundan başqa onun tərəfindən pul hər ay 11 ay müddətində tam olaraq ödənilmişdir. Lakin iddiaçı əsassız olaraq borcunun olmasını bildirmiş və onu əlavə maliyyə sanksiyasına məruz qoymuşdur. Lakin sözügedən iddianın heç bir hüquqi əsası yoxdur və iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Ona məhkəmə iclası barədə rəsmi qaydada məlumat verilməməsi səbəbindən məhkəmədə iştirak edib iddia müddətinin tətbiqi ilə bağlı ərizə verə bilməmişdir. Lakin hazırda iddia müddətinin tətbiq edilməsini xahiş edir. Belə ki, sözügedən iş üzrə iddia müddəti ötürülmüşdür. İddia müddətinin axımı iddiaçının da göstərdiyi kimi xx.xx.2017-ci ildən hesablanmalı, ən çoxu iddiaçının da bildirdiyi kimi sonuncu ödəniş olan xx.xx.2018-ci ildən hesablanmalıdır. Onun tərəfindən pul tam olaraq ödənilməsinə baxmayaraq iddiaçının qanunsuz olaraq bu cür tələb irəli sürməsi əsassızdır. Bu səbəbdən də göstərilən hər iki müddətdən 3 ildən çox bir vaxt keçmiş və bu səbəbdən də iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM-nin 375.2-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 fevral 2022-ci il tarixli qərarı). Hakim qətnamə çıxararkən sübutlara deyil, qanunla nəzərdə tutulmayan öz daxili inamına əsaslanmışdır. MPM-nin və Mülki Məcəllənin tələblərini pozmaqla çıxarılmış qətnamənin ləğv olunacağı mütləq və labüddür.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2108/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbərləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467 maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 600.1. maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır.
13. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.220.5. maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətindən görünür ki, məhkəmənin qətnaməsini iddia tələbinin təmin edilməsinə dair hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni iddia tələbini təmin edilən hissədə müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin e-2(012)-2108/2023 saylı, xx.xx.2023-cü il tarixli tarixli qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.
18. Mülki iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, alıcı İddiaçı 1740 manat dəyərində olan əşyanı (mobil telefonu) xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay hissə-hissə ödəniş etmək şərti ilə almışdır.
19. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, alıcının müqaviləyə əsasən 1715 manat əsas və 215 manat cərimə olmaqla, cəmi 1930 manat borcu yaranmışdır.
20. İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, müqavilə üzrə qiyməti müəyyən edilmiş əşya almış və həmin əşyanın dəyərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürsə də öhdəliklərini icra etmədiyindən iddiaçı qarşısında 1715 manat borcu yaranmışdır.
22. Müəyyən edilmişir ki, iddiaçı tərəfindən müqavilələr üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır.
23. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab etmişdir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı.
24. Qeyd edilənlərə əsasən məhkəmə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə 1715 manat ödənilməmiş əsas borca hesablanmış 215 manat cərimənin azaldılaraq 10 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm iddiaçının əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab etmişdir.
25. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 40 manat dövlət rüsumu ödənilmişdir.
26. AR Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab etmişdir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, 36 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalıq qalan 4 manat dövlət rüsumu məbləği isə iddiaçıya aid edilməlidir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
29. Belə ki, iş materiallarında olan iddiaçı Satıcı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, alıcı İddiaçı 1740 manat dəyərində olan “Samsung” S8 markalı mobil telefonu xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay hissə-hissə ödəniş etmək şərti ilə almışdır, xx.xx.2023-cü il tarixli maliyyə arayışından isə görünür ki, alıcının müqaviləyə əsasən 1715 manat əsas və 215 manat cərimə olmaqla cəmi 1930 manat borcu yaranmışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilənin bağlanılması işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin onunla müqavilə bağlağını və cavabdehin ona borcu olduğuna dair müvafiq sənədləri məhkəmyə təqdim etmiş və iddiasını əsaslandırmışdır.
31. Lakin cavabdeh apellyasiya şikayətində borcunu tamamilə ödəməsini qeyd etsə də buna dair hər hansı bir sübut təqdim edə bilməmiş, öz dəlilini əsaslandıra bilməmişdir.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materiallarında olan müqavilə ilə sübuta yetirmişdir.
33. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddia ərizəsinə qarşı etiraz ərizəsi verməmiş, iddiaçıya borcu olmamasını əsaslandırmamışdır.
34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, cavabdeh məhkəmə iclasları barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasları barədə müqavilədə qeyd edilən ünvana rəsmi qaydada bildiriş göndərilməklə, eləcə də sms bildiriş vasitəsi ilə məlumatlandırılsa da cavabdeh məhkəmə kollegiyasının iclasında da iştirak etməmiş, apellyasiya şikayətini əsaslandırmamışdır.
35. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bunu əsassız hesab edir. Belə ki, qanunvericiliyin tələblərinə görə iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə baxışınadək təqdim edilməli idi. Cavabdeh isə məhkəmə iclasları barədə məlumatlandırılmasına baxmayaraq vaxtında ərizə təqdim etməmişdir.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz.
37. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
38. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2108/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Abşeron Rayon Məhkəməsinin e-2(012)-2108/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.