Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1887/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı Abdullayeva (Babayeva) İradə Cəlil qızının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı1 cavabdehlər X3, Cavabdeh4 və Cavabdeh3 MMC-nin direktor müavini X7 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, yeni alqı-satqı müqaviləsinin bağlanması və əmək bölgüsü tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(067)-287/2018 saylı qərardadından cavabdeh X8 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı1 Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 MMC-nin direktor müavini X7 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, yeni alqı-satqı müqaviləsinin bağlanması və əmək bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(067)-287/2018 saylı qarardadı ilə tərəflər arasında imzalanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardaddan cavabdeh X9 şikayət edərək onun ləğv edilməsini və mübahisəyə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(067)-287/2018 saylı qarardadından çikayət vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, barışıq sazişinin şərtlərinə əsasən İddiaçı1 ona qarşı bütün əmlak tələblərindən əl çəkməli, o özü isə ona 150.00 (yüz əlli min) manat məbləğində pul ödəməli idi. İ.Babayeva həmin məbləğdən məqsədəuyğun şəkildə istifadə etməklə, gəlirləri uşaqlar arasında bölüşdürməli idi. Lakin, həmin vaxt Xaçmaz Rayon Məhkəməsində sırf əmlak tələbinə baxıldığına görə bu şərti barışıq sazişinə daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də onlar iddiaçı ilə razılığa gəlmişlər ki, Xaçmaz Rayon Məhkəməsində təsdiq olunmalı barışıq sazişində əmlak məsələlərini göstərirlər, aliment məsələsini isə öz aralarında razılaşdırırlar ki, gələcəkdə aliment dəyişikliyi olmasın. Lakin, iddiaçı aralarındakı razılaşmanı pozaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış və aylıq gəlirlərinin 1/3 hissəsi miqdarında ondan aliment tutulmasını xahiş etmişdir. İddiaçı aralarındakı razılaşmanı pozduğu üçün qərardaddan indi şikayət verməli olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(067)-287/2018 saylı qarardadı ilə Cavabdeh1 buraxılmış apelyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilməmişdir. (hakim İ.Xəlilov) Qərardaddan narazı qalan cavabdeh X8 ondan şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(067)-287/2018 saylı qarardadının ləğv edilməsini, şikayətin verilməsi müddətinin bərpa olunması barədə ərizəsinın təmin edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(067)-287/2018 saylı qarardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : Cavabdeh X8 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin onun müddətin bərpası barədə ərizəsini rədd etməsi barədə qərardadı əsassızdır. Belə ki, o, iddiaçı ilə aralarında olan şifahi razılaşmanın pozulmasına sübut kimi, onun 2020-ci ildə Nərimanov Rayon Məhkəməsində aliment barədə qaldırdığı iddia ərizəsini təqdim etmişdir. Deməli, bu hal nəzərə alınmaqla barışıq sazişinin təsdiq edilməsi barədə qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddət bərpa olunmalı idi. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, müddətin bərpa edilərək mübahisəyə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Abdullayeva (Babayeva) İradə Cəlil qızının nümayəndəsi X10 şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan qəbzdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(067)-287/2018 saylı qarardadı cavabdeh X1 nümayəndəsi X4 həmin tarixdə təqdim edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını iddiaçının şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(067)-287/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(067)-287/2018 saylı qarardadı cavabdeh X1 nümayəndəsi X2 məhkəmə iclasında iştirakıyla elan edilmiş və həmin tarixdə ona şəxsən təqdim edilmişdir. Tərəfin ərizə və şikayətindən görünür ki, tərəflər arasında barışıq sazişinin təsdiq edilməsi barədə qərardad onun tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 396.1 və 396.2-ci maddələrinə görə şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, prosessual qanunvericliyə əsasən iş üzrə qəbul edilmiş qərardadlardan şikayət vermə müddəti 10 gün müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi həmin məhkəmə iclasında iştirak etmiş, həmin tarixdə qərardad ona rəsmi qaydada şəxsən təqdim edilmişdir və buna görə də həmin qərardaddan ən geci 27 avqust 2018-ci ilədək şikayət verilə bilərdi. Lakin cavabdeh qərardaddan şikayət verilməsi müddətinin ötürülməsinin səbəbini iddiaçının onunla şifahi razılaşmanın şərtlərini pozması və bu halın iddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində ona qarşı qazancın 1/3 hissəsi miqdarında alimentin tutulması barədə iddia qaldırmasından sonra məlum olması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmır, çünki tərəflər arasında imzalanmış və məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişində bu şərt göstərilməmişdir. Onlar arasında bununla bağlı şifahi razılığın olması barrədə isə işdə heç bir mötəbər sübut yoxdur, yəni cavabdeh bu halı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi müddətin bərpa olunması barədə onun ərizəsini rədd edərkən qanuni nəticəyə gəlmişdir, şikayətin dəlilləri isə mahiyyətcə düzgün qərardadın ləğv edilməsi üçün əsaslar yaratmır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh X8 tərəfindən verilmiş şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(067)-287/2018 saylı qarardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İş üzrə cavabdeh X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(067)-287/2018 saylı qarardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1887/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1887/2021
25.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver