Məhkəmə qərarları › İş №2(105)-1889/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1889/2021

05.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1889/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna və «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh1, Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna və «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, «X12 (Azərbaycan)» QSC-yə və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, «X12 (Azərbaycan)» QSC ilə Cavabdeh1 arasında bağlanmış 18.12.2013-cü il tarixli İpoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, «X12 (Azərbaycan)» QSC ilə Cavabdeh1 arasında bağlanmış 18.12.2013-cü il tarixli İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri Cavabdeh1 ilə birgə nikah dövründə Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən, 0.5 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 255.0 kv.m olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evini 13.07.2013-cü il tarixdə satın almışlar. Uzun müddətdir ki, əri və uşaqları ilə birlikdə həmin evdə yaşayır. 15.10.2019-cu il tarixdə əri Cavabdeh1 adına məktub gəlmiş, Şahmalı evdə olmadığı üçün məktubu o, qəbul etmiş və oxumuşdur. Məktubda yazılmışdır ki, “X12 (Azərbaycan)” QSC-də götürülmüş, kreditlə bağlı ev hərraca satışa verilmiş, satılmış və onların evdən çıxarılmağı barədə məhkəmə qərarı icraya yönəlmişdir. Məktubu oxuduqdan sonra heç nədən xəbəri olmadığına görə dəhşətə gəlmiş və halı pisləşmişdir. Əri onunla razılaşmadan kredit götürmüş və ailəsinin yaşayış evini ipotekaya qoymuşdur. Əri də öz səhvlərini sonradan etiraf etmiş və borcu olduğu üçün ona bildirmədən bu hərəkətlərə yol verdiyini demişdir. Belə ki, onun razılığı olmadan həmin ev satışa çıxarıla, ipoteka girov qoyula bilməz. Birgə nikah dövründə əldə etdikləri üçün əri ilə bərabər həmin evdə onun da hüquqları vardır. Lakin bu hüquqları kobud şəkildə pozulmuşdur. Hüquqlarının bərpa olunması ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin də, Daşınmaz əmlaka birgə hüququ olan ərin arvadın razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aid edilir. Ərinin kredit götürməsindən kreditin təminatı kimi evi ipoteka ilə yüklü etməsindən xəbəri olmamış, bu barədə onun razılığı alınmamış, 2 saylı notariat ofisi ciddi qanun pozuntusuna və saxtakarlığa yol vermişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianın təmin olunmamasını onunla əsaslandırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2020-ci il tarixli 4/564 saylı ekspertizası ilə 19 dekabr 2013-cü il tarixli ərizənin «imza» qrafasında olan «İddiaçı» yazıları və həmin yazıların qarşısındakı imza onun tərəfindən icra olundugu bildirilmişdir. Ekspertin rəyi məhkəmə üçün məcbur deyil. Məhkəmə tərəfindən maddi prosessual normaları pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(012)-361/2020 saylı qətnaməsini ləğv edib, onun iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Abşeron rayon 1 saylı notariusu məhkəməyə məktub göndərərək, işə onların iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, Cavabdeh1 və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, ipoteka müqaviləsi bağlanan zaman heç bir qanun pozuntusunun olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 763322 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh1 və X4 arasında 03.05.1994-cü il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 6 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Bəylərova” soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışın kserosurətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən ümumi sahəsi 255.0 kv.m olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ Cavabdeh1 adına 09 yanvar 2014-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). İşə əlavə olan Abşeron rayon 1 saylı Notariat kontorunda bağlanmış 18 dekabr 2013cü il tarixli, 127769/01 №-li “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən müəyyən edilir ki, “borcverən” və ya “Kreditor-İpoteka saxlayan” – «X12 (Azərbaycan)» QSC bir tərəfdən, “alıcı-İpoteka qoyan” – Cavabdeh1 ikinci tərəfdən və “satıcı” – X6 üçüncü tərəfdən alqısatqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqaviləni bağlamışlar. “Satıcı” – X6 DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22.11.2013cü il tarixli, RX seriyalı ******* №-li çıxarışa əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni məhəllə ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində və onun üzərində yerləşən ümumi sahəsi 255.0 kv.m, yaşayış sahəsi 133.6 kv.m, yardımçı sahəsi 121.4 kv.m, otaqların sayı 5 olan, 2 mərtəbəli fərdi yaşayış evini “alıcı-İpoteka” qoyanın mülkiyyətinə verir, fərdi yaşayış evinin qiyməti isə 204000 (iki yüz dörd min) manatdır, fərdi yaşayış evinin dəyərinin 68000 (almış səkkiz min) manatı “Alıcı-İpoteka qoyanın” özü tərəfindən, 136000 (yüz otuz altı min) manatı isə “borcverən” və ya “Kreditor-İpoteka saxlayan” – «X12 (Azərbaycan)» QSC tərəfindən 18 dekabr 2013-cü il tarixli 127769/01 saylı kredit müqaviləsinə əsasən “alıcı-İpoteka qoyan” – Cavabdeh1 verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan İddiaçı tərəfindən Abşeron rayon Notariat Kontoruna ünvanlanmış 19 dekabr 2013-cü il tarixli ərizənin kserosurətindən görünür ki, X5 məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni məhəllədə torpaq sahəsi və onun üzərində yerləşən 5 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən alınmasına və ipoteka qoyulmasına etiraz etmir. İpoteka müqaviləsinin şərtləri ilə tanış olmuş və banka olan əsas, faiz və digər - ödənilmədiyi və bank qarşısında götürülən öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razıdır. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışın kserosurətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən ümumi sahəsi 255.0 kv.m olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ «X12 (Azərbaycan)» QSC-nin adına 23.11.2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli, 2(012)-385/2014 saylı qətnaməsindən (hakim: Ş.H.Nəcəfova) görünür ki, iddiaçı «X12 (Azərbaycan)» QSC cavabdehlər Cavabdeh1, Q.A.Bəylərova və B.Ə.Əsədova qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddiası təmin edilərək, «X12 Azərbaycan» QSC-nin 28 may filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.12.2013-cü il tarixli, 127769/01 saylı Kredit Müqaviləsindən yaranmış 133273.67 (yüz otuz üç min iki yüz yetmiş üç manat 67 qəpik) manat məbləğində əsas kredit borcunun, 19122.10 (on doqquz min yüz iyirmi iki manat 10 qəpik) manat məbləğində faiz borcunun, 1542.65 (min beş yüz qırx iki manat 65 qəpik) manat məbləğində cərimə borcunun, 40 (qırx) manat məbləğində çəkilmiş xərcin, 16.25 (on altı manat 25 qəpik) manat məbləğində poçt xərcinin, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə isə 154024.67 (yüz əlli dörd min iyirmi dörd manat 67 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1, Q.A.Bəylərov və B.Ə.Əsədovdan müştərək qaydada tutulub «X12 Azərbaycan» QSC-yə ödənilməsi, ödəmə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən, 0.5 ha torpaq sahəsində və onun üzərində yerləşən, ümumi sahəsi 255.0 kv.m olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərracda satılsın, fərdi yaşayış evinin ilkin satış qiyməti 204000 (iki yüz dörd min) manat müəyyən edilməsi, satışdan əldə edilən vəsaitdən cəmi 154024.67 (yüz əlli dörd min iyirmi dörd manat 67 qəpik) manat məbləğində pul vəsaiti «X12 Azərbaycan» QSC-nə ödənilməsi və satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh1 verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2017-ci il tarixli, 2(105)-638/2017 saylı qətnaməsindən (hakim: S.Qafari) görünür ki, Abşeron Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli, 2(012)-385/2014 saylı qətnaməsindən Cavabdeh1 vermiş olduğu apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İşə əlavə olan Abşeron Rayon Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(012)- 604/2016 saylı qətnaməsindən (hakim: S.M.Quliyeva) görünür ki, iddiaçı «X12 (Azərbaycan)» QSC Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, Azərbacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən “X12 Azərbaycan” QSC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 255.0 kv.m olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi Cavabdeh1 tərəfindən boşaldılması və mülkiyyətçi “X12” QSC-yə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 20 iyul 2018ci il tarixli, 2(105)-29/2018 saylı qətnaməsindən (hakim: A.Ə.Abbasov) görünür ki, Abşeron Rayon Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(012)-604/2016 saylı qətnaməsindən Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətinin təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(012)-604/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(004)-4248/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh «X12 (Azərbaycan)» QSC-yə, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nə və Abşeron rayon İcra şöbəsinə qarşı “keçirilmiş hərracın ləğv edilməsi və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 sentyabr 2018-ci il tarixli, 2(103)-713/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(004)-4248/2016 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2(103)-713/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı ipoteka müqaviləsinin etibarsızlığını onunla əsaslandırı ki, mübahisəli ev ipoteka qoyularkən onun razılıq ərizəsi alınmamışdır. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2020-ci il tarixli, 4/564 saylı ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 167-ci vərəqində İddiaçı adından əmlakın ipotekaya qoyulması və tələb ipoteka predmetinə yönəldiyi halda oranı qeydşərtsiz tərk etmək öhdəliyi barədə 19 dekabr 2013-cü il tarixli “Ərizə” də “İmza” qrafasında olan “İddiaçı” yazıları və həmin yazıların qarşısındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə prosesində iddiaçı məhkəmə ekspertizasının rəyini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası İddiaçı birinci instansiya məhkəməsi tərəfindən təkrar ekspertizasının keçirilməməsi barədə dəlili qəbul etmir. Bundan başqa iş materiallarında olan yuxarıda qeyd edilən məhkəmə qətnamələrindən göründüyü kimi iddiaçının əri Cavabdeh1 ilə bağlı 2016-cı ildən mübahisəli ev və kredit müqaviləsi üzrə çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Göründüyü kimi, bir ailə üzvü kimi bunlardan iddiaçı xəbərdar olmuşdur. Bununla belə hazırkı iddia ilə məhkəməyə 30.10.2019-cu ildə qanunla nəzərdə tutulan iddia müddətini ötürməklə də, iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Qeyd edilən maddələrin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4cü maddəsi ilə müəyyən edilir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 13 oktyabr 2020-ci il tarixli 2(012)-361/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar