Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1889/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3521/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3521/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddianın təmin edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 792 (yeddi yüz doxsan iki) manat 62 (altmış iki) qəpik məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 792,62 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1-də yerləşən fərdi yaşayış evi hal-hazırda iddiaçının mülkiyyətindədir. Həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Cavabdehin nümayəndələri tərəfindən yaşadığı fərdi yaşayış evində "su təchizatı və kanalizasiya xidmətləri"nə görə xx.xx.2022-ci il tarixə 792,62 manat borcunun olması bildirilmişdir. Qeyd edilən ünvanda xidmətlərə görə Sumqayıt Sukanal İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə kod açılmış və 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. İddiaçıya məxsus ünvanda cavabdehin nümayəndələri tərəfindən xx.xx.2021ci il tarixdə su sayğacı quraşdırılmışdır. Cavabdehin nümayəndələri borcunun olduğunu və həmin borc məbləğinin ödənilməsini tələb edirlər. Cavabdeh təşkilat tərəfindən əsassız olaraq iddiaçının ünvanında 4 nəfər ailə tərkibinə uyğun olaraq 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illər ərzində yaşayış olmadığı halda normativ qaydada hesabat aparılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olunmasına baxmayaraq qanunsuz qətnamə ilə bu tələb təmin edilmişdir. Belə ki, “Sudan istifadə qaydalarının” 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İş materialarından göründüyü kimi ünvanda yaşayış olmaması barədə sənəd təqdim olunmadığından kod açılan tarixdən sayğac quraşdırılan tarixədək 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. İddiaçının evdə yaşamamasına münasibət olaraq cavabdeh qeyd edir ki, Qanunun 61-ci maddəsinin 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Normanın tələbinə əsasən iddiaçı evdə yaşamayacağı üçün xidmətlərə görə hesabat dayandırılması barədə 4 iş günü ərzində ərizə ilə müraciət etməlidir. İş materiallardında göründüyü kimi iddiaçı tərəfindən belə bir müraciət olmamışdır. Bu hal da məhkəmə tərəfindən araşdırılmamış nəticədə maddi hüquq normaları pozulmuşdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Apelyasiya baxışında məhkəmə iclasında İddiaçı qətnamənin qanuni olduğunu, buna görə də apelyasiya şikayətinin rədd olunmasını xahiş etdi. O, bildirdi ki, mübahisəli fərdi yaşayış evi ona məxsusdur. Evə 2015-ci ildə kod verilsə də, yaşayış olmadığı üçün sudan istifadə edilməmişdir. Fərdi yaşayış evinin həyətyanı sahəsində meyvə ağacları vardır, mövsümə uyğun olaraq tərəvəz bitkiləri əkilib becərilmişdir. Həmin evdə 2021-ci ildən qardaşı yaşayır. Sayğac üzrə ödənişlər icra edilmişdir.. Lakin mübahisələndirilən borc məbləği heç bir əsas olmadan 4 nəfər ailə tərkibinə uyğun şəkildə aparılmışdır. Bu səbəbdən qeyd olunan borc məbləği silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1986-cı ildə, ünvan 3 ünvanında qeydiyyatdadır. Yenə iş materiallarında olan “Xəzri” Məhəllə Komitəsinin 593 saylı arayışından görünür ki, “Xəzri” MK-nın ərazisində 2015-ci ildən yaşayan iddiaçının X4, X5 və X2 ibarət ailə tərkibi vardır. Yenə “Xəzri” Məhəllə Komitəsinin 554 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən Sumqayıt şəhəri, Bağlar, 150/V nömrəli evdə yaşayış yoxdur. Mülki işdə olan İddiaçı məxsus Sumqayıt şəhəri, Bağlar ərazisi, ev 150/V-yə dair abonent kartından görünür ki, iddiaçının ailə tərkibi 4 nəfərdir, su və kanalizasiya xidmətlərinə görə 2016-2022-ci illər üzrə yekun olaraq 792,62 manat borcu qalmışdır. Abonent kartına əsasən tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün xx.xx.2015- ci il tarixli, 30181400 saylı müqavilə bağlanmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3521/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə iddianı təmin edərkən ona əsaslanmışdır ki, yaşayış olmayan mənzilə cavabdeh tərəfindən hər hansı bir borcun hesablanması qanunsuzdur. Bu mənzildə isə yaşayışın olmamasını “Xəzri” Məhəllə Komitəsinin 554 saylı, xx.xx.2022-ci il tarixli arayışı sübut edir. Məhkəmənin gəldiyi nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmaq olmaz. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi fərdi yaşayış evidir və oranın su ilə təchiz edilməsi və tullantı sularının təmin edilməsi ilə bağlı İddiaçı ilə Cavabdeh ASC arasında hüquq münasibətləri 2015-ci ildə yaranmış, 4 nəfər ailə tərkibi olan abonentə müvafiq kod verilmişdir. Bu hal isə onu deməyə əsas verir ki, 2015-ci ildə ünvana kod verilərkən istehlakçının ailə tərkibi dəqiqləşdirilmiş, həmin vaxt onların 4 nəfər olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı iddia etsə də, keçən müddət ərzində ünvanda yaşayışın olmamasını təsdiq edən arayış təchizatçı müəssisə olan “Sumqayıt Sukanal” İdarəsinə təqdim edilməmişdir. Ən azı iş materiallarında belə bir sübut yoxdur. Digər tərəfdən iddiaçının özünün də etiraf etdiyi kimi, fərdi yaşayış evinin həyətyanı sahəsində meyvə ağacları əkilmiş, mövsümi olaraq tərəvəz məhsulları yetişdirilmişdir. Başqa sözlə, belə halda sudan istifadə edilməsi inkar edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Daha öncə qeyd olunduğu kimi Cavabdeh ASC-nin abonent bazasında həmin yaşayış sahəsi üzrə su və kanalizasiya xidmətlərindən istifadə edən abonent kimi İddiaçı adına qeydə alınmışdır. Abonent kartında müqavilə tarixi xx.xx.2015-ci il, göstərilmişdir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçı qeyd olunan ünvanda yaşayış olmamasını iddia etsə də, bu ağlabatan deyildir. Bundan əlavə, isteklakçı tərəfindən ünvanda yaşayışın olmamasını təsdiq edən arayış təchizatçı müəssisə olan “Sumqayıt Sukanal” İdarəsinə təqdim edilməmişdir. Belə olan halda apellyasiya kollegiyası hesab edir ki, düzgün olaraq qeyd olunan ünvanda su təchizatı və tullantı sularına görə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılmışdır. Sadalanan hallara məhkəmə düzgün qiymət verməmiş, iddianın təmin edilməsi barədə qanunsuz nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmiş, Cavabdeh ASC isə apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı tutularaq ona qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti 5 min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404-1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3521/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh ASC tərəfindən ödənilmiş 15,00 manat dövlət rüsumu İddiaçı onun xeyrinə tutulsun. Qətnamə qətidir, dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1889/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1889/2022
13.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver