Məhkəmə qərarları › İş №2(105)-1893/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1893/2021

24.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1893/2021 24.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh1 və Cavabdeh3 hüquqi varisi X12 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X10 və Cavabdeh4 qarşı (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi) mirasda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 284/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-284/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva), İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qarşı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli yaşayış evinə onun və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 miras paylarının müəyyən edilməsi barədə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X10 və Cavabdeh4 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli yaşayış evinə onun və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh olan bacı və qardaşları ilə birgə 1985-ci il tarixdə vəfat etmiş mərhum atası- X3 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində doğulmuş və orada yaşamışlar. Anası Nəcəfova (Quliyeva) Zəhra Heybətqulu qızı da həmin evdə qeydiyyatda olaraq yaşamış və orada vəfat etmişdir. Cavabdeh olan bacıları hər ikisi ailə həyatı qurduqdan sonra özlərinə məxsus şəxsi evlərində yaşamağa başlamışlar. Onun bacı-qardaşları ilə münasibətləri əvvəllər normal olsa da, valideynləri vəfat etdikdən sonra pisləşmişdir. Belə ki, Cavabdeh3 atasından miras qalan əmlaka tək sahib olmaq üçün onu əmlakdan məhrum etməyə çalışmış, hətta həyətə belə buraxmamışdır. Həmin torpaq sahəsinin atasının adına özəlləşdirilməsinə cavabdehlər razı deyil və maneçilik törətmişlər. Məcburi pay hüququnun həyata keçirilməsi üçün torpağın mərhumun adına özəlləşdirilməsi zəruridir. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin onların arasında bölünməsi gərəkdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 284/2021 №li, 15.02.2021-ci il tarixli qətnaməsinin ləğv olunması, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli yaşayış evinə onun və digər cavabdehlərin - Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X10 və Cavabdeh4 miras paylarımızın müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiasını təmin etməyən Abşeron Rayon Məhkəməsi qərarını belə əsaslandırmışdır ki, Novxanı kənd XDS İK-nin 1983-1985-ci illərin təsərrüfatbaşına kitabında vətəndaş X2 adına 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmış, lakin həmin torpaq sahəsi üzrə hüquqlar qeydiyyatdan keçməmişdir. Bununla belə ölənin və onun vərəsələrinin həmin torpaq sahəsinə mülkiyyət hüququ üzrə gözlənti hüquqları vardır. Qeyd edilən torpaq sahəsinin üzərində isə yaşayış üçün nəzərdə tutulan özbaşına tikili mövcuddur, həmin tikili miras əmlak kütləsinə daxil deyildir. X5 03.04.1985-ci il tarixdə ölmüşdür. Məhkəmə onu əsas tutmuşdur ki, o, atasının ölümünədək həmin ünvandan köçmuşdur. Bundan əlavə, Novxanı kənd XDS İK-nin 1983- 1985-ci illərin təsərrüfatbaşına kitabında vətəndaş X2 adına 0.12 ha həyətyanı torpaq sahəsinə hüquqlar miras əmlak kütləsinə daxil olsa da, atasının ölümündən sonra o, həmin torpaq sahəsini faktiki qəbul etməmiş, hüquqlarını qanunla müəyyən edilən qaydada rəsmiləşdirmək üçün müvafiq orqanlara müraciət etməmiş və bu səbəblə iddia müddəti ötürülməklə məhkəmədə iddia qadırmışdır. Bildirir ki, o, İddiaçı 1959-cu ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuşdur. O və cavabdeh olan bacı və qardaşları mərhum atası - X3 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində doğulmuşlar və orada da yaşamışlar. Anası-Nəcəfova (Quliyeva) Zəhra Heybətqulu qızı həmin evdə yaşamış, qeydiyyatda olmuş və orada da vəfat etmişdir. Atası - X5 ölən günə qədər həmin evdə yaşamış, qeydiyyatda olmuş və 03.04.1985-ci il tarixdə də həmin evdə mədə xərçəngindən vəfat etmişdir. Bu barədə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 08.04.1985-ci il tarixli, 03 saylı ölüm haqqında şəhadətnamədə verilmişdir. Cavabdeh olan bacıları hər ikisi ailə həyatı qurmuş və onlar özlərinə məxsus şəxsi evlərində ailələri ilə birlikdə yaşamışlar. Abşeron rayonu, Novxanı kəndində yerləşən mərhum atasının adına olan 0.12 ha torpaq sahəsi üzərində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində qardaşı Cavabdeh3 ailə ilə birlikdə yaşayır. Ata və anası vəfat edən günə qədər onların arasında heç bir problem olmamış və mehribanlıqla yaşamışlar. O, valideynləri vəfat edəndə də onların yanında olmuş, onlara qulluq etmiş və müxtəlif təlabatlarını ödəmişdir. Valideynləri vəfat etdikdən sonra aralarında mübahisələr yaşanmış və cavabdeh X6 atalarından miras qalmış əmlaka tək başına sahib olmaq istəmiş, onu atasından miras qalmış əmlakdan məhrum etmiş və həmin həyətə buraxmamışdır. Novxanı kənd XDS İcraiyə komitəsinin 220 saylı qaytanlanmış kitabında 278 №-li şəxsi hesabla 0.12 ha torpaq sahəsi mərhum atası X2 adına olmuş, texniki pasport verilmişdir. Həmin torpaq sahəsinin mərhum atasının adına özəlləşdiirlməsinə cavabdehlər razı olmamışlar. O, miras pay istədiyinə görə maneçilik törətmişlər. Ona görə də məcburi pay hüququnu həyata keçirmək üçün həmin torpaq sahəsi məcburi qaydada mərhum atası X2 adına özəlləşdirilməli, miras payları müəyyən edilməlidir. Hesab edir ki, o da qanun üzrə birinci növbə vərəsə olduğundan, hal-hazırda həmin evdə yaşayan qardaşı Cavabdeh3 kimi atasından miras qalmış sözügedən 0.12 ha torpaq sahəsinə və üzərində inşa edilmiş iki mərtəbəli yaşayış evinə onun da hüquqları tanınmalı və 0.12 ha torpaq sahəsi və üzərində inşa edilmiş iki mərtəbəli yaşayış evi cavabdehlərlə aralarında bölünməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 şikayəti qəbul etməyərək bildirdi ki, miras əmlakı vərəsələrdən yalnız mərhum qardaşı Seyidqulu qəbul etmişdir. Heybətqulunun isə öz evi vardır. Xalaları kimsəsiz olduğundan onların atalarının himayəsində yaşamışdır. Xalalarının adına 6-6,5 sot torpaq olub. Atası xalasının evini və torpağı Heybətquluya verdi. O da özünə orada ev tikdi. Həbsdən çıxandan sonra da öz evinə gəlib. Onun bağı da var idi, 80 000 ABŞ dollarını satdı. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh3 hüquqi varisi X19 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, Heybətqulu evlənən vaxtdan bu evdən çıxıb. Qaynatası 1985-ci ildə ölüb. Heybətqilu onda həbsdə olub. Həbsdən çıxandan sonra öz evinə gəlib. Xlasının adına olan həyətdə 3 mərtəbə evi var. Qonşuluqda yerləşir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh5, X10 və Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı teleqram vuraraq və ərizə yazaraq səhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini, bu səbəbdən də iclasın təxirə salınmasını xahiş etmiş, lakin teleqrama heç bir sübut əlavə etməmişdir və digər şəxslər isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən işə yuxarıda adları çəkilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2018-ci il tarixli, 253205 №-li arayışdan müəyyən edilir ki, X5 03.04.1985-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində ölmüşdür. Yenə iş materiallarından olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 11 iyul 2019-cu il tarixli, 406431 №-li arayışdan müəyyən edilir ki, X7 20.08.1984-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Abşeron Rayon İHB-nın Novxanı kəndi üzrə Nümayəndəliyi tərəfindən verilən 20 avqust 2018-ci il tarixli, 1079 №-li arayışdan müəyyən edilir ki, X8 ölən günə kimi Abşeron rayonunun Novxanı kəndində X5, Cavabdeh3, Cavabdeh1, X4, İddiaçı və X9 ilə birgə yaşamışdır. Yenə iş materiallarına əlavə edilmiş Abşeron Rayon İHB-nın Novxanı kəndi üzrə Nümayəndəliyi tərəfindən verilən 20 avqust 2018-ci il tarixli, 1080 №-li arayışdan müəyyən edilir ki, X5 ölən günə kimi Abşeron rayonunun Novxanı kəndində Cavabdeh3, Cavabdeh1, X4, İddiaçı və X9 ilə birgə yaşamışdır. Mülki işin materiallarından olan Abşeron rayon Dövlət Arxivinin 29.10.2018-ci il tarixli, H-120 №-li məktubdan müəyyən edilir ki, Novxanı kənd XDS İK-nin 1983-1985-ci illərin təsərrüfatbaşına kitabında vətəndaş X2 adına 0,12 ha həyətyanı torpaq sahəsi olduğu yazılıb. İşə əlavə edilmiş elekton sorğu sistemindən çıxarışdan görünür ki, Cavabdeh3 23.02.2021-ci ildə ölmüşdür. Yenə işə əlavə edilmiş Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 12.08.2021-ci il tarixli, 2247 saylı məktubundan bəlli olur ki, X19 mərhum əri Cavabdeh3 vərəsələri dairəsinə daxil edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirtak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hər şeydən əvvəl, qeyd olunmalıdır ki, iddiaçının tələbi ataları X1 miras qalmış Abşeron rayonu Novxanı kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli yaşayış evində onun və cavabdehlərin miras paylarının müəyyən edilməsi olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli torpaq sahəsi və yaşayış evinə dair vərəsəlik hüquq münasibətlərinin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarının müəyyən edilməsi zəruri olduğundan, ilk əvvəl mübahisənin həll olunmalı olduğu maddi hüquq normaları müəyyən olunmalı və iş üzrə əhəmiyyət kəsb edən faktiki hallara həmin maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Daha öncə qeyd olunduğu kimi Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 11 iyul 2019-cu il tarixli, 406431 №-li arayışdan görünür ki, iddiaçının atası X5 03.04.1985-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə dair mübahisəli hüquq münaisbətlərinə iddiaçının atası X2 vəfat etdiyi tarixdə, yəni 03.04.1985-ci ildə qüvvədə olan maddi hüquq normaları tətbiq edilməli və iş üzrə müəyyən olunmuş faktiki hallara həmin maddi hüquq normalarına əsasən qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, Novxanı kənd XDS İK-nin 1983-1985-ci illərin təsərrüfatbaşına kitabında vətəndaş X2 adına 0,12 ha həyətyanı torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsi üzrə hüquqlar qeydiyyatdan keçməmişdir. Bununla belə ölənin və onun vərəsələrinin həmin torpaq sahəsinə mülkiyyət hüququ üzrə gözlənti hüquqları vardır. Qeyd edilən torpaq sahəsinin üzərində isə yaşayış üçün nəzərdə tutulan özbaşına tikili mövcuddur, həmin tikili miras əmlak kütləsinə daxil deyildir. X5 03.04. 1985-ci il tarixdə ölmüşdür. İddiaçı onun ölümünədək həmin ünvandan köçüb getmişdir. Beləliklə də müəyyən olunur ki, Novxanı kənd XDS İK-nin 1983-1985-ci illərin təsərrüfatbaşına kitabında X2 adına ayrılan 0,12 ha həyətyanı torpaq sahəsinə hüquqlar miras əmlak kütləsinə daxli olsa da, iddiaçı X2 ölümündən sonra iddiaçı həmin torpaq sahəsini faktiki qəbul etməmiş, hüquqlarını qanunla müəyyən edilən qaydada rəsmiləşdirmək üçün müvafiq orqanlara müraciət etməmiş və iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır və qeyd olunan torpaq sahəsində yerləşən iddiaçının vərəsəlik paylarının müəyyən edilməsini tələb etdiyi yaşayış evi özbaşına tikilidir, həmin tikili miras kütləsinə daxil deyildir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara tətbiq edilməli qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini əsassız sayraq təmin etməməsinə dair nəticəsi əsaslı və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə dair mübahisəli hüquq münaisbətlərinin yarandığı vaxt, yəni iddiaçının atası X2 vəfat etdiyi 03.04.1985-ci ildə qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açlır. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeyidlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı birinci növbəli vərəsələrin dairəsinə daxil olsa da, o, bu hüququnu reallaşdıraraq Novxanı kənd XDS İK-nin 1983-1985-ci illərin təsərrüfatbaşına kitabında X2 adına ayrılan 0,12 ha həyətyanı torpaq sahəsini vaxtında istər yuridik, istərsə də faktiki olaraq qəbul etməmişdir. İş üzrə müəyyən olunmuş dugər faktiki haldan isə müəyyən olunur ki, qeyd olunan torpaq sahəsində yerləşən iddiaçının vərəsəlik paylarının müəyyən edilməsini tələb etdiyi yaşayış evi özbaşına tikilidir, həmin tikili miras kütləsinə daxil deyildir. Bundan başqa, iş materiallarından həmçinin müəyyən olunur ki, İddiaçı hazırkı iddianı qaldırarkən tələb etmə müddətini də ötürmüşdür. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qeyd olunduğu kimi, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 1985-cu il tarixdə yarandığından, həmin vaxt qüvvədə olan (1964-cü il redaksiyası) Mülki Məcəllənin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və münsiflər məhkəməsi tərəfindən tətbiq edilir. Yenə həmin Məcəllənin 78-ci maddəsinə görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Eyni Məcəllənin 82-cı maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianın rədd etmək üçün əsasdır. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə dair mübahisəli hüquq münaisbətləri 1985-ci ildə atasının ölümü ilə yaransa da, o, həmin vaxtdan keçən 3 il ərzində iddia qaldırmamış, bununla da iddia müddətini ötürmüşdür və iddia tələbi bu əsasla da təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının tələbini miras əmlakda cavabdehlərin payının müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiacı yalnız öz adından məhkəmədə iddia qaldırmaq hüququna malikdir, cavabdehlərin adından iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Bеləliklə məhkəmə kоllеgiyаsı iş mаtеriаllаrını аrаşdırıb belə nəticəyə gəlir ki, hаzırkı mübаhisə birinci instаnsiyа məhkəməsi tərəfindən düzgün həll оlunmuşdur, iş üzrə iddiaçının аpеllyаsiyа şikаyətində göstərilən dəlillər fоrmаl mülаhizə хаrаktеri dаşıyır, аpеllyаsiyа şikаyətinin təmin еdilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin edilməsi üçün hüquqi əsaslar yoxdur və ona görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 284/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki. MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-284/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar