Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1902/2023 13.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1037/2023 nömrəli, 02 may 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın təmin edilməsi, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” xx.xx.2022ci il tarixli komissiya qərarı əsasında İddiaçı əsassız olaraq hesablanmış 1095.09 manat məbləğində ziyan silinməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Xaçmaz X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022 -ci il tarixli № ******* saylı aktın etibarsız hesab edilməsi və həmin aktın əsasında hesablanmış, 1095.09 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri, Qudyalçay küçəsi ev 2V-də yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Digər sakinlər kimi onun da, fərdi yaşayış evinə texniki qaydalara riayət olunmaqla qaz xətti çəkilmiş, sayğac isə evin qarşısında küçədə quraşdırılmışdır. Digər abonentler kimi o da istifadə etdiyi təbii qazın sərfiyyatına görə nəzarətçilər tərəfindən hər ay yoxlanılaraq verilmiş bildirişdə göstərilən pul məbləğini vaxtı-vaxtında ödəyir və heç vaxt borcu qalmamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh Xaçmaz X3 İdarəsinin əməkdaşları onun yaşadığı evin qarşısına gedərək küçədə quraşdırılmış qaz sayğacının istismar müddəti bitdiyindən onu dəyişib yeni sayğac ilə əvəz edəcəklərini bildirdilər. O da onların təklifinə razılıq verdi. Onlar köhnə sayğacı yerindən çıxararaq onun iştirakı ilə sayğacın hər tərəfinə baxış keçirərək onun üzərində heç bir batıq əzik və digər müdaxilə izlərinin olmamasını müəyyən edib həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* saylı akt tərtib etdilər. O, tərtib olunmuş həmin akta imza atmışdır. Bundan bir neçə gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə həmin idarənin əməkdaşları tərəfindən onun iştirakı və xəbəri olmadan təbii qazın istifadə qaydalarının pozulması haqqında № ******* saylı akt tərtib edilmişdir. Onlar tərtib etdikləri həmin aktı ona təqdim etmədən qeyd olunan akta soyadının qarşısında guya akta imza atmaqdan imtina etməyini də göstərmişdilər. Onlar onun iştirakı olmadan tərtib etdikləri № ******* saylı aktda isə ona məxsus köhnə 64 tipli ******* nömrəli qaz sayğacının hesablanma mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Bunun əsasında Cavabdeh Xaçmaz X3 İdarəsinin əməkdaşları ona əsassız olaraq 1095.09 manat məbləğində cərimə hesablamışlar. Nə o, nə də ailə üzvləri tərəfindən heç vaxt sayğaca müdaxilə olunmamışdır. Onlar tərəfindən hesablanılmış 1095.09 manat məbləğində hesabat ayrılmış və ona məxsus fərdi yaşayış evinin abonent hesabına işlənmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmək məqsədilə həmin aktları və bununla bağlı digər sənədləri Cavabdeh Xaçmaz X3 İdarəsindən xx.xx.2023-cü il tarixdə götürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011- ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” mn 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nin (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısmın plombu olmalıdır. Həmin qaydaların 4.7 maddəsinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli ( fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Ona məxsus fərdi yaşayış evinin qaz sayğacı küçədə ictimai yerdə quraşdırılmışdır. Qaz sayğacı dəyişdirilərkən həmin idarənin əməkdaşları şəxsən onun iştirakı ilə sayğaca baxış keçirməklə akt tərtib etmişdilər. Həmin vaxtı sayğacın üzərində heç bir əzik sınıq və müdaxilə izləri aşkar olunmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları isə iddiaçının iddia ərizəsində şərh etdiyi kimi deyildir. Belə ki, Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin metrologiya xidmətinin işçiləri xx.xx.2022-cü il tarixdə İddiaçı yaşadığı evə gələrək qaz sayğacını xətdən açaraq növbəti dövlət yoxlamasına göndərmişlər. Laboratoriyada sayğaca müdaxilə olunduğu müəyyən edilmiş, bu barədə verilmiş “sayğacın hesablayıcı mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik, cızıq izləri var” rəyə əsasən satış xidmətinin işçiləri tərəfindən abonent barəsində xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilərək iddiaçının hesabına 8640 m və ya 1036,80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan məbləği yazılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək abonent İddiaçı hesabından 1036,80 manat deyil, 1095,09 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin işçiləri abonent İddiaçı sayğaca müdaxilə etməklə təbii qazdan istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, İddiaçı qaz sayğacı həyətinin içində, hasarın daxilindədir. Başqa adamın onun qaz sayğacına müdaxilə etməsi ehtimalı yoxdur. Lakin birinci instansiya məhkəməsində iddiaçının etiraf etdiyi cavabdeh tərəfindən məhkəməyə sübut kimi təqdim olunan bu hal qiymətləndirməmiş və ümumiyyətlə qətnamədə ona münasibət bildirməmişdir. Məhkəmə qətnaməsində əks olunan 1095,09 manat abonentin hesabından silinməsi qət olunan məbləğ haradan yarandığı, niyə görə həmin məbləğin silinməsinin qət edildiyi müəyyən deyildir. Çünki, İddiaçı üçün həmin məbləğdə ziyan hesablanmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olması, lakin cavabdehin bununla bağlı mötəbər sübutlar təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi akt əsasında hesablanmış borcun silinməsi barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1097.1. maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, mülki məsuliyyətin yaranması üçün ilk növbədə təqsir müəyyən olunmalıdır, lakin iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacının sonuncu tərəfindən hər hansı bir müdaxilənin olunmasını sübutetmə yükü üzərində olan cavabdeh sübut edə bilmədiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsinə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının silinməsini xahiş etdiyi borcun hesablanmasına əsas olan ******* saylı akta münasibətdə isə qeyd edir ki, bu yalnız laboratoriyanın rəyi əsasında aşkar olunmuş qüsurla bağlı faktı özündə əks etdirən sənəddir. Belə olan halda həmin aktın müstəqil şəkildə iddia tələbi kimi qoyulması və ona qiymət verilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1902/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1902/2023
13.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver