Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1913/2022 24.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməklə, 262400 manat pulun, əldən çıxmış fayda və mənəvi zərərin əvəzinin qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Kazımov) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış mənzil tikintisi haqqında 27 dekabr 2019-cu il tarixli, 472 və 473 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, 27 dekabr 2019-cu il tarixli, 472 və 473 nömrəli müqavilələr üzrə ödənilmiş ümumilikdə 262.400 (iki yüz altmış iki min, dörd yüz) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1- ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.metr və 124 kv.metr olan iki ədəd qeyriyaşayış sahələrinin 1 həftə müddətində cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilməsi və iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun cavabdeh MTK-dan tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh Mənzil Tikinti Kooperartivi arasında mənzil tikintisi haqqında 27 dekabr 2019-cu il tarixdə 472 və 473 nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə görə, Cavabdeh MTK ünvan 1 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.metr və 124 kv.metr olan iki ədəd qeyriyaşayış sahələrini ona verməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 472 nömrəli müqaviləyə əsasən, 105 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri 126.000 manat, 473 nömrəli müqaviləyə əsasən isə 124 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri 136.400 manat müəyyən olunmuşdur. Müqavilələr bağlanan gün onun tərəfindən hər iki qeyri-yaşayış sahəsinin tam dəyəri cavabdehə ödənilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 27 dekabr 2019-cu il tarixli maliyyə arayışlarında qeyd edilir ki, onun tərəfindən qeyri-yaşayış sahələrinin dəyəri tam ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. Tərəflərin şifahi razılaşmasına əsasən Cavabdeh MTK qeyri-yaşayış sahələrini 1 ay müddətində ona təhvil verməli idi. Həmin binanın tikintisi yekunlaşmışdır, digər sakinlər tərəfindən öz mənzillərində tikinti təmir işləri aparılır, binanın birinci mərtəbəsində olan bəzi qeyri-yaşayış sahələrində hətta mağaza və digər sahibkarlıq obyektləri də fəaliyyət göstərir. Lakin bu günə kimi cavabdeh qeyriyaşayış sahələrini ona təhvil vermir və onun qeyri-yaşayış sahələrindən istifadə etməsinə maneələr yaradır. Artıq 1 ilə yaxındır ki, cavabdeh müxtəlif bəhanələrlə onu get-gələ salır və müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edir. O, dəfələrlə cavabdehə yazılı və şifahi müraciət edilərək qeyri-yaşayış sahələrinin ona təhvil verilməsini tələb etsə də, bu günə kimi cavabdeh tərəfindən həmin müraciətlərə cavab verilməmiş və heç bir əməli addım atılmamışdır. Buna görə də öz hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etsə də, o, həmin qeyriyaşayış sahələri üzərində ən azından qanuni sahiblik və istifadə hüququna malikdir ki, bu da ona öz əmlakından maneəsiz istifadə imkanı verir. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Lakin işin faktiki hallarında qeyd edildiyi kimi, cavabdeh müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiyinə görə o hələ də, qeyri-yaşayış sahələrindən istifadə edə bilmir. Yuxarı da qeyd edildiyi kimi, tərəflərin şifahi razılaşmasına əsasən cavabdeh 1 ay müddətində qeyd olunan qeyri-yaşayış sahələrini təhvil verməyi öz öhdəsinə götürsə də, bu günə kimi təhvil verməmişdir. Hətta o həmin binada onun payının olmadığını da bildirmişlər. İddiaçı isə öz növbəsində onun üzərinə düşən öhdəliyi tam yerinə yetirərək müqavilələrin dəyərini ödəmişdir. Cavabdeh 1 ilə yaxındır ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirməkdən yayınır. Cavabdeh öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçıya həm də mənəvi zərər vurmuşdur. Mənəvi zərər məsələsinə gəldikdə isə, Cavabdeh MTK-nin müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsi, həmçinin keçən 1 il ərzində onun get-gələ salması, hər dəfə bir bəhanə ilə qeyriyaşayış sahələrini ona verməkdən imtina etməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi, cavabdehin qeyd olunan hərəkətləri onunla qanunla müdafiə olunan hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Belə ki, o, mənzil almaqdan ötrü cavabdehə müraciət etmiş, həmin binada mənzil aldığını qohumları, qonşuları, onu və ailəsini tanıyan şəxslər bilmişlər. Hazırda isə hamıya bəlli olmuşdur ki, o aldadılıb, cavabdeh MTK 1 ildir ona məxsus olan qeyri-yaşayış sahəsini təhvil vermir. Buna görə də, o mənəvi iztirablar keçirmiş, səhhətində və ailə üzvlərinin səhhətində ciddi problemlər yaranmışdır. Ona görə də, dəymiş mənəvi ziyana görə cavabdehdən 5.000 manat alınaraq ona ödənilməlidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə baxışında iddiaçı tərəf Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək göstərmişdir ki, o, Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahələrinin təhvil verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edildiyi kimi, Cavabdeh MTK müqavilə bağlandıqdan sonra 1 ay müddətində qeyri-yaşayış sahələrini ona təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin üzərindən 1 il 6 ay vaxt keçməsinə baxmayaraq, cavabdeh öz öhədliyini yerinə yetirməmişdir. Həmin binada hazırda yaşayış var və binanın 1-ci mərtəbəsində yerləşən digər qeyri-yaşayış sahələri və iaşə obyekləri faəliyyət göstərir, yəni binadan mənzil və ya qeyri-yaşayış sahəsi almış şəxslər artıq həmin obeyktlərdən fayda əldə edirlər. Hazırki mübahisədə də, iddiaçı cavabdehin MTK-dan qeyri-yaşayış sahəsi əldə etmişdir, onun həmin qeyri-yaşayış sahələrini əldə etməkdə əsas məqsədi obyektləri icarəyə verərək oradan gəlir əldə etmək idi. Lakin uzun müddətdir ki, cavabdeh tərəf qeyri-yaşayış sahələrini təhvil verməkdən imtina etdiyi üçün o həmin obeyktlərdən faydalana bilmir. Bu da, öz növbəsində iddiaçının mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmasına səbəb olur. Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeyri-yaşayış sahələrinin 1 kv.metrinin icarə haqqı ortalama 10 manat təşkil edir. Onun əldə etdiyi qeyri-yaşayış obeyktlərinin ümumi sahəsi 234 (105+124) kv.metrdir. Yəni, qeyriyaşayış sahələri vaxtında təhvil verilsəydi, o, həmin obeyktləri icarəyə verməklə aylıq 2340 manat gəlir əldə edərdi. Tərəflər arasında 27 dekabr 2019-cu il tarixdə müqavilələr bağlanmış və hər 2 qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfidən MTK-ya tam ödənilmişdir. Ortalama 1 ay ərzində cavabdeh tərəfindən qeyri-yaşayış sahələrini təhvil verilməsi müddətini və 1 ay ərzində də, onun həmin qeyri-yaşayış sahələrində təmir işlərini aparmasını nəzərə alsaq, 27 fevral 2020-ci il tarixindən iddiaçı həmin qeyri-yaşayış sahələrini icarəyə verib gəlir əldə edə bilərdi. İşin hallarından göründüyü kimi, cavabdeh qeyri-yaşayış sahələrini təhvil verməkdən imtina edir və bu da, öz növbəsində iddiaçının adi mülki dövriyyə şəratinində əldə edəcəyi gəlirlərdən məhrum olmasına səbəb olur. Qeyd olunanlara əsasən, əldən çıxmış faydanın əvəzi olaraq 27 fevral 2020-ci il tarixindən hesablanaraq qeyri-yaşayış sahələrinin təhvil verildiyi günədək hər kv.metr üçün 10 manat olmaqla, aylıq 2340 manat pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Odur ki, ünvan 1 ünvanında 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.metr və 124 kv.metr olan 2 ədəd qeyri-yaşayış sahələrinin 1 ay müddətində cavabdeh “PROGRESS2016" Mənzil Tikinti Korporotivi tərəfindən ona təhvil verilməsi, əldən çıxmış faydanın əvəzi olaraq 27 fevral 2020-ci il tarixdən hesablanaraq qeyri-yaşayış sahələrinin təhvil verildiyi günədək hər kv.metr üçün 10 manat olmaqla, aylıq 2340 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Mənzil Tikinti Korporotivindən tutularaq ona ödənilməsi və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun Cavabdeh Mənzil Tikinti Korporotivdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. . İddiaçı tərəf məhkəmə gedişatında iddia tələbinin dəyişdirilməsi ilə bağlı dəqiqləşmə barədə 25 iyun 2021-ci il tarixli ərizə təqdim edərək, onunla "xxxx" 2016 MTK arasında bağlanmış mənzil tikintisi haqqında 27 dekabr 2019-cu il tarixli, 472 və 473 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə 262.400 manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi, əlavə olaraq Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq 19680 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi və mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh MTK-nın nümayəndəsi E.Səməndərov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddianın əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, işin faktiki hallarına münasibətdə məhkəmənin düzgün hüquqi nəticəyə gəlməməsinə əsas verən hal ondan ibarətdir ki, İddiaçı 472 və 473 nömrəli müqavilələr üzrə qeyri-yaşayış sahələrinə dair MTK-ya pul ödəməmiş, o, bu barədə məhkəməyə kassa mədaxil orderi təqdim edə bilməmişdir. Həmin müqaviləyə müvafiq olaraq kassa mədaxil orderi olmadığı halda, mövcud maliyyə arayışının heç bir hüquqi qüvvəsi olmur. Bundan başqa, iddiaçıda həmin qeyri- yaşayış sahələrinin plan cizgisi də yoxdur. Əgər qeyri-yaşayış sahələri həqiqətdə ona verilmiş olsaydı, yerləşdiyi yeri, sahəni və digər göstəriciləri əks etdirən plan-cizgi mövcud olardı. Məhkəmə isə işin bu hallarını tam aydınlaşdırmamışdır. Məhkəmə iddiaçının bir neçə səhifədən ibarət formal mülahizələrlə dolu iddia ərizəsində yazılanlarla kifayətlənmiş, heç bir araşdırma aparmamışdır. İşin faktiki hallarına münasibətdə məhkəmə hər hansı bir maddi hüquq normasına əsaslanmamış, formal yanaşma ilə öz qətnaməsini əsaslandırmağa çalışmışdır. Qeyd olunanlardan başqa, məhkəmənin iddia müddətinin ötürülməsi ilə bağlı hüquqi mövqeyi də tam əsassız olmuşdur. Belə ki, MTK-nın nümayəndəsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə verərək izahatında göstərmişdir ki, müqavilə 27 dekabr 2019-cu il tarixdə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi isə 25 iyun 2021-ci il tarixdə irəli sürülmüşdür. Məhz mövcud mübahisə üzrə iddia müddəti qanunvericilkdə 1 il nəzərdə tutulmuşdur. Məhkəmə isə öz qətnaməsində iddiaçının hüququnun pozulduğunu bildiyi gündən, yəni 25 dekabr 2020-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmiş və bu əsasla da iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. İlk tələb üzrə iddianın xx.xx.2020-ci il tarixdə məhkəməyə verildiyini və iddia ərizəsində iddiaçının “MTK 1 ildir ona məxsus qeyriyaşayış sahəsini təhvil vermir” fikrini ifadə etməsini nəzərə alındığı halda iddiaçının hüququnun məhz həmin tarixdən 1 il əvvəl pozulduğunu bildiyi başa düşülür. İddiaçı isə sonuncu tələbini, yəni əvvəlki iddia tələbini dəyişdirərək 25 iyun 2021-ci il tarixdə həmin müqavilənin etibarsız hesab edilməsi barədə məhkəməyə ərizə vermiş və məhkəmə bu tələb üzrə qətnamə çıxarmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən tələb etmə müddəti ötürülmüçdür. İddia tələbinin dəqiqləşdirilməsi, tələbin həcminin artırılması və ya azaldılması mahiyyət etibarı ilə ilkin verilmiş iddia tələbinə bərabər tutulan ərizədir. Bütün bunlar onu göstərir ki, iddiaçı müqavilənin etibarsız hesab olunması və eyni zamanda digər tələblərlə bağlı hüququnun pozulduğunu bildiyi gündən 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli e-2(012)- 1232/2021 saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçı ilə bağlanan müqavilənin şərtlərinin, bununla da onun Konstitusion hüquqlarının pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İcraçı” Cavabdeh MTK ilə "xxxx" İddiaçı arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli, 472 saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, bu müqaviləni Cavabdeh MTK ilə və ya hüquqi varisi olduğu "xxxx" MMC ilə əvvəllər bağlanmış 12 dekabr 2019cu il tarixli, 447 saylı müqaviləyə əsasən aşağıda göstərilən şərtlərlə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndindən görünür ki, “İcraçı” əvvəlki müqaviləyə uyğun olaraq ünvan 1 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.metr olan, izolə olunmuş qeyri-yaşayış sahəsini pay kimi "xxxx"ya ayırmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndindən görünür ki, "xxxx" müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndindən görünür ki, "xxxx" bu müqavilədə göstərilmiş məbləği razılaşmaya müvafiq olaraq vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, qeyri-yaşayış sahəsinin 1 kvadrat metr sahəsinin dəyəri 1200 manat təşkil edir. Sahəsi 105 kv.metr olan mənzil üçün cəmi 126.000 manat müəyyən olunmuşdur. Müqavilənin 3.4-cü bəndindən görünür ki, bu müqavilə mənzilə görə ödəniş mədaxil qəbzi olduğu halda etibarlı sayılır, mədaxil qəbzi olmayan yalnız maliyyə arayışı ilə bağlanan müqavilələr etibarsız sayılır. Müqavilənin 7.1-ci bəndindən görünür ki, bu müqavilə hər iki tərəfin imzaladığı tarixdən hüquqi qüvvəyə minir və bununla da əvvəlki bağlanmış müqavilələr ləğv edilir. Yaşayış binası istismara qəbul edildikdən sonra, yaxud da həmin mənzilə (qeyri-yaşayış sahəsinə) dair hüquqların dövlət reyetr xidmətində müvafiq qeydiyyatından sonra hazırki müqavilə öz hüquqi qüvvəsini itirir. “İcraçı” Cavabdeh MTK ilə "xxxx" İddiaçı arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli, digər 473 saylı mənzil tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bu müqaviləni Cavabdeh MTK ilə və ya hüquqi varisi olduğu "xxxx" MMC ilə əvvəllər bağlanmış 27 noyabr 2019cu il tarixli, 436 saylı müqaviləyə əsasən aşağıda göstərilən şərtlərlə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndindən görünür ki, “İcraçı” əvvəlki müqaviləyə uyğun olaraq ünvan 1 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.metr olan, izolə olunmuş qeyri-yaşayış sahəsini pay kimi "xxxx"ya ayırmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndindən görünür ki, "xxxx" müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndindən görünür ki, "xxxx" bu müqavilədə göstərilmiş məbləği razılaşmaya müvafiq olaraq vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, qeyri-yaşayış sahəsinin 1 kvadrat metr sahəsinin dəyəri 1100 manat təşkil edir. Sahəsi 124 kv.metr olan mənzil üçün cəmi 136.400 manat müəyyən olunmuşdur. Müqavilənin 3.4-cü bəndindən görünür ki, bu müqavilə mənzilə görə ödəniş mədaxil qəbzi olduğu halda etibarlı sayılır, mədaxil qəbzi olmayan yalnız maliyyə arayışı ilə bağlanan müqavilələr etibarsız sayılır. Müqavilənin 7.1-ci bəndindən görünür ki, bu müqavilə hər iki tərəfin imzaladığı tarixdən hüquqi qüvvəyə minir və bununla da əvvəlki bağlanmış müqavilələr ləğv edilir. Yaşayış binası istismara qəbul edildikdən sonra, yaxud da həmin mənzilə (qeyri-yaşayış sahəsinə) dair hüquqların dövlət reyetr xidmətində müvafiq qeydiyyatından sonra hazırki müqavilə öz hüquqi qüvvəsini itirir. 27 dekabr 2019-cu il tarixli maliyyə arayışdan görünür ki, ünvan 1 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.metr olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK-ya məxsusdur və həmin mənzilin dəyəri, 126.000 manat "xxxx" İddiaçı tərəfindən tam ödənilmişdir və sonuncunun MTK-ya heç bir borcu qalmamışdır. 27 dekabr 2019-cu il tarixli maliyyə arayışdan görünür ki, ünvan 1 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.metr olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK-ya məxsusdur və həmin mənzilin dəyəri, 136.400 manat "xxxx" İddiaçı tərəfindən tam ödənilmişdir və sonuncunun MTK-ya heç bir borcu qalmamışdır. xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MTK ünvan 1 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 və 124 kv.metr olan qeyri-yaşayış sahələrinin 2 gün müddətində "xxxx" İddiaçı təhvil verilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə mühəndis-texniki ekspertizasının 17 aprel 2020-ci il tarixli, 20528 saylı rəyindən görünür ki, layihə sənədlərinə əsasən, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının İİ blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 332,0 kv.metr təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olundu ki, Cavabdeh MTK ilə İddiaçı arasında 27 dekabr 2019-cu il tarixdə bağlanmış 472 və 473 nömrəli müqavilələrə əsasən, ünvan 3 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.metr və 124 kv.metr olan mübahisələndirilən iki ədəd qeyri-yaşayış sahələrinin dəyəri tam ödənilməklə sonuncu tərəfindən alınmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh MTK həmin qeyri-yaşayış sahələrini iddiaçıya verməyi öz öhdəsinə götürmüş və Cavabdeh MTK qeyri-yaşayış sahələrini 1 ay müddətində iddiaçıya təhvil verməli idi. Lakin, cavabdeh MTK iddiaçının qeyri-yaşayış sahələrindən istifadə etməsinə maneələr yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Eyni Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflər arasında müqavilələr imzalanmış, sonradan iddiaçıya məlum olmuşdur ki, o, aldadılmış, müqaviləni yanılma halında imzalamışdır. Belə ki, qeyd edilən hər iki müqavilənin 3.4-cü bəndinə görə, bu müqavilə ödəniş mədaxil qəbzi olduğu halda, etibarlı sayılır və yalnız maliyyə arayışı ilə bağlanan müqavilələr etibarsız sayılır. İş materiallarından göründüyü kimi, hər iki müqavilə bağlanandan sonra iddiaçıya mədaxil qəbzi verilməmiş, yalnız maliyyə arayışı verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri məhz cavabdeh MTK tərəfindən pozulduğundan və müqavilələr üzrə mübahisə olduğu üçün tərəflər arasında imzalanmış “Mənzil tikintisi haqqında” 27 dekabr 2019-cu il tarixli, 472 və 473 nömrəli müqavilələr elə bağlandığı andan etibarsız hesab edilməli və İddiaçı müqavilə üzrə ödədiyi ümumilikdə 262.400 manat məbləğində pul vəsaiti Cavabdeh MTK tərəfindən sonuncuya geri qaytarılmalıdır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X1 qiymətləndirilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərarından görünür ki, şahid qismində dindirilmiş İddiaçı Rəşid Məmmədovun onun tanışı Natiq adlı şəxsə 60000 ABŞ dolları borcu olduğunu, bu borcun girovu kimi mübahisəli iki qeyriyaşayış sahəsinin alqı-satqı müqavilələrinə əsasən ona satıldığını bildirir. Razılaşma belə olmuşdur ki, ümumi dəyəri 260 manat olan hər iki əmlak bir ay ərzində satılacaq və əldə edilmiş vəsaitdən Natiqə olan 60000 ABŞ dolları Xəyama qaytarılacaqdır. Hər iki qeyriyaşayış sahəsilə bağlı bütün danışıqları o, Emil Səməndərovla ilk dəfə görüşənə qədər Rəşid aparmışdır. O, ancaq MTK-ya getmiş, şəxsiyyət vəsiqəsini vermiş və hər iki obyekt onun adına sənədləşdirilmişdir. Rəşid Məmmədovdan 60000 ABŞ dollarını tələb edir, lakin onun bunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddia tələbinin pul vəsaitini qanunsuz saxlamağa görə dəyən zərərin əvəzi kimi Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq 19.680 manat məbləğində vəsaitinin cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Göründüyü kimi, sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Cavabdeh MTK İddiaçı müqavilə öhdəliyi üzrə ödədiyi pul vəsaitinin qanunsuz istifadə və həmin vəsaitindən istifadə edilməsi ilə bağlı hər hansı başqa hallar mövcud deyildir. Bundan əlavə, məhkəmə iddia üzrə iddiaçının ona vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdehdən 5.000 manat məbləğində pulun tutulması hissəsində əsassız hesab edir. Məhkəmə iddia tələbinin həlli üçün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Göründüyü kimi, qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni və cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. Hazırkı halda, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasını, səhhətində ciddi problemlər yaranmasını cavabdehin hərəkətləri nəticəsində onun qanuni əsaslarla əldə etdiyi əmlakdan məhrum olması, bunun isə dərəcəsi heç nə ilə ölçülməyən güclü psixoloji təsir göstərməsi və səhhətində gərginliyi yaratması ilə əsaslandırmağa çalışsa da, mübahisələndirilən qeyri-yaşayış sahələrini qanuni əsaslarla əldə etmədiyi hazırki məhkəmə araşdırması ilə müəyyən edilmişdir. Belə olan halda, iddiaçının göstərilən əsaslarla mənəvi ziyanın ödənilməsi hissəsində tələbi əsassızdır və iddia tələbi bu hissədə təmin edilə bilməz. Cavabdehin nümayəndəsinin hazırkı iddiaya iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsi vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu bildiyi gündən, yəni 25 dekabr 2020-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, yəni iddiaçı hazırkı tələbi üzrə qanunda nəzərdə tutulan bir illik iddia müddətini ötürməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi Emil Səməndərovun apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 07 iyul 2021-ci il tarixli 2(012)-1232/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1913/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1913/2022
24.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver