Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1929/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3550/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3550/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanına (abonent kodu: **********20170) hesablanmış 1857 (bir min səkkiz yüz əlli yeddi) manat məbləğində borcun silinməsi qət edilmişdir.(hakim G.Tanrıverdiyeva) Qətnamədən narazı qalan cavabdeh “Azəriqaz” İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İB tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə akta görə hesablanmış 1857 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 xx.xx.2012-ci il tarixdən onun şəxsi mülkiyyətindədir. Bu illər ərzində o, yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. xx.xx.2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ******* saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında ona məxsus olan mənzilə 1857 manat borc hesablanmışdır. Bu da qanunvericiliyin tələbinə ziddir. Cavabdeh təşkilat əsassız olaraq ona cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır. İstehlakçı olaraq onun hüquqlarının pozulmasıdır. Qeyd edir ki, onun və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Cavabdeh “Azəriqaz” İB-nin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Sayğacda olan hər hansı bir texniki nasazlığa görə o, heç bir məsuliyyət və cavabdehlik daşımır. Cavabdeh təşkilatın belə nəticəyə gəlməsi istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. O, sayğac üzrə ödənişləri vaxtıvaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, cərimə kimi ondan tələb olunan borc silinməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ Cavabdeh “Azəriqaz” İB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsasızdır. Belə ki, “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan iddiaçının **********20170 saylı abonent kodu verilmiş mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirərkən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Sayğac yoxlanışdan keçirilərkən, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən “sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” aşkar edilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir və sayğacdan keçən təbii qazın dəyərini ödəməmişdir. Məlumdur ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Çünki, qaz sayğacı mənzilin daxilində yerləşdiyindən sayğaca müdaxilə mənzildə yaşayanlardan savayı kimsə müdaxilə edə bilməzdi. Lakin məhkəmə bu faktları nəzərə almamış və səhv nəticəyə gələrək iddianı təmin etmişdir. Bundan əlavə məhkəmə itirilmiş qazın dəyərini cərimə olaraq nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən “Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir”. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarında yer alan xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli Tələbnamədə də öz əksini tapan 9288 m qeydə alınmayan və itirilmiş təbii qazın dəyəri əsasında hesablanmış 1857 manat dəymiş ziyan məbləğinə 1-ci instansiya məhkəməsi “CƏRİMƏ” kimi hüquqi qiymət vermişdir. Daha sonra isə cərimə borcu kimi qələmə verdiyi məbləğin silinməsinə dair qətnamə qəbul etmişdir. Göstərilənlər əsasında apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 şikayətin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli evin qaz sayğacı balkonda yerləşir və ora mənzildə yaşayan şəxslərdən başqa kiminsə müdaxilə edə bilməsi absurddur. Bundan əlavə iddiaçı özü də etiraf etdi ki, mübahisəli mənzil sənədlər əsasında ona məxsus olsa da, əmlaka faktiki olaraq başqa şəxsi sahiblik edir. Yəni hazırkı iş üzrə iddiaçı ümumiyyətlə borcun nə vaxtdan, yaxud hansı əsaslardan yaranmasını bilə bilməz. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı şikayətin dəlillərini qəbul etmədi. Əlavə olaraq bildirdi ki, ev sənəd əsasında ona məxsus olsa da, real evin sahibi onun bacısının əridir. Mübahisəli evdə 2016-cı ildən bəri yaşayış olmamışdır. Yaşayış olan dövr 2012-ci ilə təsadüf edirdi ki, o zaman bir nəfər şəxs həmin evdə yaşamış və qazdan istifadə üzrə borcunu da ödəmişdir. Birinci instansiya məhkəməsi iş üzrə lazımi qədər araşdırma aparmış və düzgün nəticəyə gəlmişdir. Odur ki, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45B, 17 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. Yenə mülki işdə olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına açılmış G-2.5 markalı, Belarus tipli 035182 nömrəli sayğac Smart tipli, G-4 markalı, 1802A**********321 nömrəli sayğacla əvəzlənmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, MSK-29/1710-01091-3 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x01091 saylı, xx.xx.2018-ci il tarixli məktubuna əsasən xx.xx.2018-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 1 ünvanında G-2.5 markalı qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi qeyd edilmişdir. Yenə işdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 9288 m3 (20 qəpikdən hesablanmaqla) müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 1857,60 manat borc hesablanmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3550/2022 nömrəli qətnaməsi qismən ləğv edilməklə, ünvan 1 ünvanına (abonent kodu: **********20170) hesablanmış 1857 manat borcun 928,80 manat borc silinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 xx.xx.2012-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Həmin mənzildə qaz sayğacına xx.xx.2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və bu barədə eyni tarixli, ******* saylı akt tərtib olunmuşdur. Bu akt əsasında mənzilə 1857 manat borc hesablanmışdır. Müəyyən olundu ki, iddiaçıya məxsus mənzildə qazdan istifadə edilsə də, qaz sərfiyyatı qeydə alınmamış, nəticədə qaz paylayıcısı olaraq cavabdehə ziyan dəymişdir. Bununla belə, vurulmuş ziyan hesablanarkən ““Azəriqaz” İstehsalat Birliyinin xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimatın tələbləri pozulmuş, istehlakçıya artıq qaz sərfiyyatı hesablanmışdır. Həmin borcla razılaşmayan iddiaçı qeyd olunan borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, onun tələbi məhkəmə tərəfindən təmin edilmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Daha öncə də qeyd olunduğu kimi işdə olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən cavabdehə 0.8 m3 m3/saat x 6 saat x 180 gün = 864 m3, 2.6 m3/saat x18saatx180 gün = 8424 m3, cəmi 9288 m3 qaz sərfiyyatı 20 qəpikdən hesablanmaqla ümumilikdə 1857.60 manat məbləğində əlavə ödəniş hesablanmışdır. Kollegiya bu qaydada hesabatla razılaşmır və qeyd edir ki, cavabdeh təşkilat sözügedən tələbnamədə hesabat müddətinin hansı əsasdan 180 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, həm PQ-3-ün maksimal saatlıq qaz sərfi, həm də kombinin maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, ““Azəriqaz” İstehsalat Birliyinin xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-443.3 maddələnin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında öhdəliyi yaranmışdır. O, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Sadalanların davamı olaraq kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən əsaslıdır və cavabdeh şikayətinin dəlillərini məhkəmə iclasında qismən sübuta yetirə bilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün yetərlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı cavabdehin özünə aid edilməli, 10 manatı isə iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda iddianın qiyməti mübahisələndirilən hissədə beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3550/2022 nömrəli qətnaməsi qismən, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına (abonent kodu: **********20170) hesablanmış 1857 (bir min səkkiz yüz əlli yeddi) manat borc məbləğinin 928,50 (doqquz yüz iyirmi səkkiz manat, əlli qəpik) manatının silinməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi 928.50 (doqquz yüz iyirmi səkkiz manat, əlli qəpik) manat borc məbləğinin silinməsi hissəsində təmin edilməsin. Qətnamə ünvan 1 ünvanına (abonent kodu: **********20170) hesablanmış 928.50 (doqquz yüz iyirmi səkkiz manat, əlli qəpik) manat məbləğində borcun silinməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı cavabdeh “Azəriqaz” İB-nin özünə aid edilsin, 10 manatı İddiaçı alınaraq “Azəriqaz” İB-nə verilsin. Qətnamə dərhal qüvvəyə minir. Ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1929/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1929/2022
11.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver