Məhkəmə qərarları › İş №2(105)-1933/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1933/2021

02.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1933/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı İsgəndərov Tofiq İsmixan oğlunun vəkili X1, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(060)-2131/2021 saylı qətnaməsindən iddiaçı İsgəndərov Tofiq İsmixan oğlunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(060)-2131/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddiaçı İsgəndərov Tofiq İsmixan oğlunun cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofisinə qarşı buraxılmış müddətin uzadılması tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İsgəndərov Tofiq İsmixan oğlu Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxslər qismində işə cəlb etməklə buraxılmış müddətin uzadılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, atası İsgəndərov İsmixan Məmməd oğlunun vəfatından sonra qalmış ünvan 1 ünvanında yerləşən 15 saylı mənzili miras əmlak kimi qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 25.02.1991-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62,30 m2 olan 3 otaqdan ibarət olan 15 saylı mənzili mülkiyyət hüququ əsasında mərhum atası İsgəndərov İsmixan Məmməd oğluna məxsus olmuşdur. Atası İsgəndərov İsmixan Məmməd oğlu 01.02.2012-ci il tarixdə, anası X5 isə 01.05.2004-cü il tarixdə vəfat etmişdilər. Atası vəfat etdikdən sonra o, digər vərəsələrə miras əmlakda paylarının könüllü şəkildə həll edilməsini təklif etmişdir. Lakin, müəyyən səbəblərdən bir neçə il miras əmlakın sənədləşdirilməsi uzanmışdır. Mərhum atasının vəfatından sonra miras əmlakı faktiki qəbul etsə də nə o, nə də digər vərəsələr bunu rəsmiləşdirməmişlər. 2015-ci ildə notariat kontoruna müraciət etmişdi. Lakin digər vərəsələr də notariat kontoruna müraciət etmədiyi üçün yenə də öz payına vərəsəlik şəhadətnaməsi almağı israr etməmişdir. İndi isə ona məlum olmuşdur ki, bacısı Maraqlı şəxs1 19.06.2020-ci ildə özünə aid 1/3 hissəyə vərəsəlik haqqında şəhatnamə almışdır. Buna görə o da notariat kontoruna müraciət etmişdir. Lakin digər vərəsələrin də notariusa gəlməməyi səbəbindən, həmçinin müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İsgəndərov Tofiq İsmixan oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək atası İsgəndərov İsmixan Məmməd oğlunun vəfatından sonra qalmış və Sumqayıt şəhəri, 11-ci mkr, 22 saylı evin 15 saylı mənzilinin miras əmlak kimi qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməyə əsasən onun Azərbaycan Respublikası MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci, Azərbaycan Respublikası MM-nin 152, 1159, 1243, 1246, 1248, 1255-ci maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Belə ki, 25.02.1991-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62.30 m2 olan 3 otaqdan ibarət olan 15 saylı mənzili mülkiyyət hüququ əsasında mərhum atası İsgəndərov İsmixan Məmməd oğluna məxsus olmuşdur. Atası İsgəndərov İsmixan Məmməd oğlu 01.02.2012ci il tarixdə, anası X5 isə 01.05.2004-cü il tarixdə vəfat etmişlər. Atası vəfat etdikdən sonra o, digər vərəsələrə miras əmlakda paylarını könüllü şəkildə həll edilməsini təklif etmişdir. O, Rusiya Federasiyasında yaşadığı üçün atasının vəfatından dərhal sonra Azərbaycana qayıdıb, dəfn işləri ilə məşğul olmuş, faktiki olaraq mirası qəbul etmişdir. Böyük övlad kimi o, digər vərəsələrə miras əmlakda paylarını könüllü şəkildə öz aralarında müəyyən edəcəklərini bildirmişdir. Lakin müəyyən səbəblərdən bir neçə il miras əmlakın sənədləşdirilməsi uzanmışdır. Atasının vəfatından sonra miras əmlakı faktiki olaraq qəbul etsə də, nə o, nə də digər vərəsələr bunu rəsmiləşdirməmişdilər. 2015-ci ildə o, notariat kontoruna müraciət etmiş, lakin digər vərəsələr notariat kontoruna müraciət etmədiyi üçün yenə də öz payına vərəsəlik şəhadətnaməsi almağa israr etməmişdir. İndi isə ona məlum olmuşdur ki, bacısı Maraqlı şəxs1 19.06.2020-ci ildə özünə aid 1/3 hissəyə vərəsəlik haqqında şəhadətnamə almışdır. Buna görə o da notariat kontoruna müraciət etmiş, lakin digər vərəsələrin notariusa gəlməməyi səbəbindən, həmçinin müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunaraq, ərizəsi təmin edilməmişdir. Bacısı Zülfiyyə və mərhum qardaşı Arifin oğlu Azər həmin mənzildə qeydiyyatdadırlar. Notariat orqanına o da müraciət etdiyi üçün mənzil faktiki olaraq 3 vərəsə arasında bölünməlidir. Bacısı Zülfiyyə payının 1/3 hissəsini almış, mərhum qardaşının oğlu isə notariat orqanına gəlmədiyi üçün notarius nə Azərə, nə də ona aid olan payın 1/3 hissəsini verməkdən imtina etmişdir. Məhkəmə baxışı zamanı da digər vərəsə olan bacısı Zülfiyyə məhkəməyə ərizə yazaraq payın 1/3 hissəsinin onun tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Faktiki olaraq notariat orqanı onun da payını açıq saxlamışdır. Məhkəmə bütün bunları nəzərə almamış, onun buraxılmış müddətini bərpa etməmişdir. Halbuki vərəsələrdən faktiki olaraq notariat orqanına müraciət edən yalnız o olmuşdur. Mənzil onun tərəfindən idarə olunmuş, mərhum atasının vəfatından sonra mirası faktiki olaraq o, qəbul etmişdir. O, Rusiya Federasiyasının vətəndaşıdır, hər dəfə Azərbaycana gedib gələ bilmir. Onun açıq saxlanmış payının hüquqi rejimi həll edilməsə, digər vərəsələrin də hüquqları pozulmuş olur. Bütün bunları nəzərə almayan məhkəmə onun göstərdiyi halları üzürlü saymamış və müddəti bərpa etməmişdir. O, mübahisənin könüllü şəkildə həll olunmasını istəmişdir və bacısı payının 1/3 hissəsini almasaydı, yəqin ki, hələ uzun müddət məhkəməyə müraciət etməyəcəkdi. Bu faktı da onunla əsaslandırır ki, miras əmlak onun idarəçiliyindədir və mirası faktiki olaraq qəbul etmişdir. Hazırda onun və digər vərəsənin payı açıq saxlanılmışdır. Ona görə də hesab edir ki, buraxılmış müddət üzürlü sayılmalı və uzadılmalıdır. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İsgəndərov Tofiq İsmixan oğlunun vəkili X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı İsgəndərov Tofiq İsmixan oğlu və cavabdeh Sumqayıt şəhəri 1 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin 15 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İsgəndərov İsmixan Məmməd oğlunun adına 05.03.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İsgəndərov Tofiq İsmixan oğlu xx.xx.1961-ci il tarixdə anadan olmuşdur, atası İsgəndərov İsmixan Məmməd oğlu, anası X4r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsgəndərov İsmixan Məmməd oğlu 01.02.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01.05.2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 01.02.2012-ci il tarixdə ölmüş İsgəndərov İsmixan Məmməd oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən 15 saylı mənzildən 1/3 hissədə pay verilmişdir, əmlakın qalan 2/3 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarında olan ünvan 3 ünvanlanmış 28 nömrəli, 14 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, 01.02.2012-ci ildə vəfat etmiş atası İsgəndərov İsmixan Məmməd oğlundan miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizəsinə baxılmış, miras əmlakı qanunda nəzərdə tutulmuş müddətdə qəbul etməmiş, mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürmüşdür, ona artıq bir dəfə 2015-ci ildə imtina qərarı verilmişdir, buraxılmış müddətin uzadılması üçün məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə sayılırlar. İşin mübahisə edilməyən hallarından görünür ki, 01.02.2012-ci ildə vəfat etmiş İsgəndərov İsmixan Məmməd oğlunun birinci növbədə vərəsələri uşaqları İsgəndərov Tofiq İsmixan oğlu, Maraqlı şəxs1 və nəvəsi Maraqlı şəxs2 olmuşdur. Azərbaycan Respublikasının MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və ya bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İsgəndərov Tofiq İsmixan oğlu miras əmlakı qəbul etmək üçün iki dəfə, 2015-ci və 2021-ci illərdə notariat orqanına müraciət etmiş, hər iki halda ona imtina cavabı verilmişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, iddiaçı 2015-ci ildə olan birinci imtinanın səbəbini həmin vaxt vərəsələr arasında razılığa gələ bilməməsi, aralarında mübahisənin yaranması, digər vərəsələrin miras əmlakı qəbul etmək üçün gəlməməsi ilə izah etmiş və o özü də bu səbəblərdən qanun üzrə vərəsəlik şəhadətnaməsini almaqda israrlı olmamışdır. Bundan sonra miras əmlakı qəbul etməməsinin səbəbini isə iddiaçı 2015-ci ildən etibarən ölkə ərazisində olmaması və buna görə də vaxtında notariat orqanına müraciət edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının müddəti ötürmə səbəbi kimi göstərdikləri hallar üzrlü sayıla bilməz. Belə ki, iddiaçı özünün də qeyd etdiyi kimi ölkə ərazisində olmadığına görə miras əmlakı qəbul etmək müddətini ötürmüşdür. Vərəsələr arasında razılıq olmaması səbəbindən vərəsəlik şəhadətnaməsi ala bilməməsi barədə iddiaçının göstərdikləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər və vərəsələr arasında razılığın olmaması hər hansı bir vərəsənin miras əmlakı qəbul etmək hüququndan məhrum etmir. İddiaçı apellyasiya şikayətində mirası əmlakı faktiki olaraq qəbul etdiyini göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı İsgəndərov Tofiq İsmixan oğlu mirası əmlakı faktiki olaraq qəbul etməsini, yəni miras əmlaka faktiki sahiblik etməsini və ya miras əmlakı faktiki idarə etməsini məhkəmə iclası zamanı sübuta yetirə bilməmiş, məhkəməyə kollegiyasına da bu halı təsdiq edən sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı İsgəndərov Tofiq İsmixan oğlunun apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(060)-2131/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar