Məhkəmə qərarları › İş №2(105)-194/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-194/2024

24.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-194/2024 24.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə (Maraqlı şəxs1 və Maraqlı şəxs2 üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı şəhadətnamələrin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəhadətnamələrin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (sonuncu məhkəmə iclasına gəlməmişdir), üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 (sonuncu məhkəmə iclasına gəlməmişlər) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3991/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. 28 oktyabr 2014-cü il tarixli, 07/059/AİF nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, kreditor-ipoteka saxlayan "xxxx" ASC-nin “Sumqayıt” filialının müdiri İ.E.Nuriyev alıcı-ipoteka qoyan X7 alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqavilə bağlamışlar. Satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 oktyabr 2014-cü il tarixli, ********** nömrəli arayışa əsasən 4 otaqlı ümumi sahəsi 80.40 kvadrat metr, o, cümlədən yaşayış sahəsi 53.10 kvadrat metr olan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev. 72 ünvanında yerləşən 9 mərtəbəli, 7 bloklu binanın 2-ci blokunda, 7-ci mərtəbəsində 27 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Satılan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21 oktyabr 2014-cü il tarixli, ******* nömrəli, RX seriyalı hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur. Müqavilə bağlananadək mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Mənzilin satış qiyməti 72000 manatdır, mənzil dəyərinin 22000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 50000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 28 oktyabr 2014-cü il tarixli, 07/059/AİF saylı kredit müqaviləsinə əsasən alıcı-ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-ipoteka qoyan satılan mənzilin bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli, 07/059/AİF saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor ipoteka saxlayana ipoteka verir.

2. 28 oktyabr 2014-cü il tarixli, 07/059/AİF nömrəli kredit müqaviləsindən görünür ki, kreditor "xxxx" ASC-nin “Sumqayıt” filialının müdiri İ.E.Nuriyev birgə borcalan adlandırılacaq X7 ilə müqavilə bağlamışlar. Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 50000 manat məbləğində 360 ay müddətinə kredit verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirirlər. Kredit borcalana ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınmasına verilir.

3. Nikah haqqında akt qeydindən görünür ki, X7 ilə X9 xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşdurlar.

4. AZ-İİİ seriyalı, 691663 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. X2, anası İddiaçıdır.

5. AZ-İV seriyalı, 323832 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. X2, anası İddiaçıdır.

6. 008304 nömrəli şəhid ailəsinin üzvünün vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəsiqə verilmişdir.

7. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 1218 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə görə vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunverciliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Odur ki, vərəsələr dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmaması üçün məhkəmə müraciət etmək tövsiyyə edilmişdir.

8. Sumqayıt Regional Vəkil Bürosu tərəfindən 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə X3 tərəfindən açılmış sözügedən vərəsəlik işi ilə bağlı və sözügedən şəhadətnamənin verilməsi üçün əsas olan bütün sənədlərin surətlərinin Vəkil göndərilməsi barədə sorğular verilmişdir. Sorğuya cavab olaraq 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin notariusu Ə.M.Əmirəliyev tərəfindən 15 mart 2023-cü il tarixli, 626 nömrəli sorğuya cavab olaraq göndərilmiş məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir.

9. Reyestrdə 2V-2161 nömrə ilə qeyd edilmiş 13 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadənamə verilən miras əmlak – ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X5 verilmiş **********66-05101-093025 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 80.4 kv/m, yaşayış sahəsi 53.1 kv/m, yardımçı sahəsi 27.3 kv/m, 4 otaqlı olan mənzildən ibarətdir.

10. İddiaçı tərəfindən Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən – xx.xx.2014- cü il tarixdə verilmiş, **********66-05101-093026 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış (qeydiyyat vəsiqəsi, şəhadətnamə və sairə) əsasında mərhum X4 mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72 ünvanında yerləşən 27 saylı mənzilə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istədiyini bildirmişdir.

11. RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə X4 adına 54 nömrəli reyestr kitabının 150 nömrəli vərəqində ********** qeydiyyat nömrəsiilə xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır.

12. AZ-İİ 305686 nömrəli tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydində 722 nömrə ilə qeyd edilmişdir.

13. Reyestrdə V-981 nömrə ilə qeyd edilmiş, 05 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadənamə verilən miras əmlak – Azərbaycan Respublikası Müdafiə Nazirliyininin 15/2744 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən 56700 manat kompensasiyadan ibarətdir. Qeyd edilən əmlakın 3/5 hissəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

14. Reyestrdə V-981 nömrə ilə qeyd edilmiş 18 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadənamə verilən miras əmlak – Azərbaycan Respublikası Müdafiə Nazirliyininin 15/2744 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən 56700 manat 50 qəpik kompensasiyadan ibarətdir. Qeyd edilən əmlakın 2/5 hissə payı açıq saxlanılmışdır.

15. Reyestrdə 2V-1766 nömrə ilə qeyd edilmiş 07 oktyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadənamə verilən miras əmlak – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 xx.xx.2022-ci il tarixli, **********1 nömrəli arayışına əsasən 11000 manat sığorta məbləğindən ibarətdir.

16. Reyestrdə 2V-2210 nömrə ilə qeyd edilmiş 24 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadənamə verilən miras əmlak – ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 80.4 kv/m, yaşayış sahəsi 53.1 kv/m, yardımçı sahəsi 27.3 kv/m, 4 otaqlı olan mənzildən ibarətdir. Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********YV32010 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 3 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Əmlakın 3/5 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

17. Məhkəmə kollegiyasının qərardadı əsasında ləğv prosesində olan "xxxx" ASCdən əldə edilmiş məktubdan görünür ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 16 saylı xidmət müqaviləsinə əsasən X7 arasında bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklər, eləcə də zəruri sənədlər "xxxx" ASC-yə ötürüldüyündən xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək olan məlumatların verilməsi mümkün olmuşdur. Məktuba xx.xx.2014-cü il tarixli 07/059/AİF saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən X4 ölümündən sonra açılmış vərəsəlik işi ilə bağlı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında bütün şəhadətnamələrin ləğv edilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72 ünvanında yerləşən 27 saylı mənzildə payların yenidən bölüşdürülərək onun ümumi olaraq 6/10 hissədə payının, digər vərəsələr olan X12, X11, qayınanası Maraqlı şəxs1 və qayınatası Maraqlı şəxs2 isə hər birinin 1/10 hissədə payının müəyyən edilməsi öhdəliyinin 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. 20 aprel 2015-ci il tarixdə xx.xx.1988-ci il təvəllüdlü X7 ilə nikaha daxil olmuşdur. Onların bu nikahdan 2 övladları - xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2019cu il təvəllüdlü X11 anadan olmuşlar. Çox gözəl bir ailələri olmuşdur. Şəhid həyat yoldaşı X7 hərbçi olmuş və 2014-cü il avqust döyüşlərində, 2016-cı il aprel döyüşlərində və 2020ci ildə 44 günlük Vətən savaşında iştirak etmiş və müharibədə zabit rütbəsi almışdır. Lakin o Kəlbəcər bölgəsində zabit kimi hərbi xidmətdə olarkən 13 sentyabr 2022-ci il tarixdə keçirilən qisas əməliyyatı zamanı şəhid olmuşdur. Şəhid həyat yoldaşı X7 ilə onların ailə qurmağa qərar verdikləri vaxtlarda, yəni 2014-cü il tarixdə gələcəkdə yaşamaqları üçün ev almaq qərarına gəlmişlər. Lakin əldə ev almağa çatacaq qədər pul olmadığı üçün bu evi ipoteka ilə alaraq ailə qurduqdan sonra hər ikisi aylıq ödənişləri etmək qərarına gəlmişlər. Bunun üçün də şəhid həyat yoldaşı X7 xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72 ünvanında yerləşən 27 saylı mənzili 07/059/AİF nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən ipoteka ilə almışdır. Bundan sonra bu evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, **********66- 05101- 093026 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Onlar 20 aprel 2015-ci il tarixdə ailə qurduqdan sonra da həmin evdə yaşamışlar. Bu zaman isə birgə təsərrüfatları yaranmış və birgə təsərrüfatı idarə etmişlər. Bunun nəticəsində ailə qurmazdan öncə qərara gəldikləri kimi ipotekaya götürdükləri və yaşadıqları mənzilin aylıq ipoteka məbləğini də birgə təsərrüfat dövründə birlikdə ödəyirdilər. Bütün bunları həmin mənzilin aylıq ipoteka məbləğini ödəməyinə dair olan qəbzlər də tam olaraq sübut edir. Nəticədə, onlar 2022-ci ilin sentyabr ayınadək, yəni ümumi birgə təsərrüfatı idarə etdikləri nikah dövründə qazandıqları əmlak vasitəsilə həmin mənzilin aylıq ipotekasını ödəmişlər. Buna görə də bu mənzil ümumi birgə mülkiyyət dövründə əldə olunmuş mənzil, yəni əmlak hesab edilməlidir.

20. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinə dəqiqləşmə ilə bağlı ərizə müraciət edərək, məhkəmədən X4 ölümündən sonra vərəsəlik işi üzrə verilmiş bütün şəhadətnamələrinın etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilə 6/10 hissədə iddiaçının, 1/10 hissədə isə digər vərəsələrin paylarının müəyyən edilməsinə dair yeni vərəsəlik şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizələrini onunla əsaslandırmışlar ki, oğulları X7 torpaqlarının azadlığı uğrunda gedən 2014-cü ilin avqust döyüşlərində, 2016-cı ilin aprel döyüşlərində və 2020-ci ildə 44 günlük 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibədə gizir kimi iştirak etmiş, müharibədən sonra isə hərbi kurs keçərək zabit rütbəsi almış və Qarabağ bölgəsində Emrənistanla sərhəd rayonlarda zabit kimi hərbi xidmət keçmişdir. Oğulları Respublikanın Kəlbəcər bölgəsində zabit kimi hərbi xidmətdə olarkən 13 sentyabr 2022-ci ildə erməni yaraqlılarına qarşı keçirilən qisas əməliyyatı zamanı şəhid olmuşdur. X13 Aynur Oktay qızı ilə 20 aprel 2015-ci ildə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, birgə nikahdan 2016 və 2019-cu ildə iki övladları olmuşdur. Övladının həlakından sonra gəlinləri Aynur onlarla bütün əlaqəni kəsmiş, şəhid balalarının yadigarları olan nəvələri ilə görüşməyə əngəl törətməyə və onlara qarşı hörmətsizlik etməyə başlamışdır. Belə ki, Aynur “mən heç kimi hərləmirəm, ərimdən qalan hər şey mənə aiddir, heç kim mənim işimə qarışa bilməz, istədiyim kimi yaşayacam, evimdən çıxın və sairə” kimi ürək bulandıran söz və hərəkətlərlə ana kimi çəkdiyi iztirablara yeni bir iztirab qatmışdır. Aynurla dialoqa girərək onu düz yola dəvət etməyə çalışsalar da, müsbət nəticəsi olmamışdır. Bu qeyd edilənlər azmış kimi gəlini olan cavabdeh İddiaçı Oktay qızı sosial şəbəkədə şərəf və ləyaqətini alçaldan ifadələr yazaraq yaxın qohum-əqrəbasında ona qarşı mənfi fikir formalaşdırmağa çalışmışdır. Bu səbəbdən də ona qarşı və bacısı olan anasına qarşı İsmayıllı Rayon Məhkəməsində şərəf və ləyatəqin müdafiəsi ilə bağlı iddia qaldırmışdır. İddia hələ ki, məhkəmənin icraatındadır. Son nəticə verilməmişdir. Lakin gəlini ona və şəhid oğlunun ruhuna qarşı özbaşınalıqları və hörmətsizliyi davam etməkdədir. Qeyd edilənlərin davamı olaraq iddiaçı gəlin şəhid övladlarından miras qalan əmlakın bölgüsünün düzgün olmamasını, bölgünün 1/5-lə deyil, 1/10-la aparılmasını iddia edir. Belə ki, iddiaçı şəhid oğullarının sağlığında ailə qurmamışdan əvvəl xx.xx.2014-cü ildə ipoteka ilə satın aldığı, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72 ünvanda yerləşən 27 saylı mənzil guya iddiaçı oğulları hələ nişanlı olduqları vaxtda birgə məsləhətləri ilə almışdır. Bu tamamilə ağ yalandır. İddiaçı oğulları ilə 2015-ci ilin mart ayının 8-də nişanlanmış və aprel ayının 20-də toyları olmuşdur. Mənzil isə 2014-cü ilin noyabr ayında ipoteka ilə satın alınmışdır. Mənzil alınarkən təqribən 24000 manat ilkin ödəniş olunmuşdur ki, onun da bir hissəsi onlar valideynlərinin maddi köməkliyi ilə ödənilmişdir. Mənzil alındıqdan sonra ailə quranadək oğullları tərəfindən 17000 manat xərc çəkilərək mənzil əsaslı təmir edilmişdir. Təmir işlərinə nəzarəti digər oğulları həyata keçirmişdir. Şəhid oğulları iddiaçı ilə ailə qurarkən iddiaçı evliliyin ilk bir ilində tələbə olmuş, ali təhsili bitirdikdən sonra iki il işsiz olmuş, evliliyin dördüncü ilində Sabirabad rayonunun ucqar kəndində müəllimə kimi işə düzəlmiş, cəmi 9 ay işlədikdən sonra əmək haqqının azlığına, gediş-gəliş çətinliyinə görə, habelə aldığı əmək haqqı onun yol xərclərinə çatmadığına görə oradan işdən çıxmışdır. Bir də oğullarının şəhid olduğu 13 sentyabr 2022-ci ildə işə düzəlmişdir. Lakin iddiaçı tələbində qeyd edir ki, guya ipotekanı birgə qazancları hesabına ödəmişlər. İddiaçı oğulları ər-arvad olduqları 2015-ci ilin aprel ayının 20-dən 2022-ci ilin sentyabr ayının 13-dək olan müddətdə ipotekaya 20944 manat pul ödənilmişdir. xx.xx.2022-ci ildən isə qalan ipoteka Dövlət tərəfindən oğullarının şəhidliyinə bağışlanmışdır. Beləliklə də, mənzilə iddiaçı ailə quranadək 41000 manat, ailə qurandan sonra isə 20944 manat xərclənmişdir. Lakin iddiaçı tərəfindən həmin mənzil üçün bir manat da olsa xərclənməmişdir. Göründüyü kimi sözü gedən mənzil birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilə bilməz.

22. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3991/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Aynur Behbudova).

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi, 34-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 225.1, 1133, 1134, 1145, 1146, 1147.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1301.2-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2.1ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

24. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3991/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

25. Məhkəmə tamamilə yanlış qənaətə gəlmişdir. Məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını və iddiaçının illərdir birgə nikahda olaraq evə olan ödənişlərin edilməsində payının olduğunu nəzərə almamışdır. Halbuki o iddia ərizəsi ilə yanaşı məhkəməyə sübut olaraq bütün ödənişləri təsdiq edən sənədləri də göndərmişdir. Lakin məhkəmə nəinki bu sənədləri, heç iddia ərizəsində qeyd etdiyi işin faktiki hallarını da nəzərə almamışdır. Bununla da tamamilə qanunsuz qətnamə qəbul edilmişdir. Qətnamənin hüquqi əsaslandırılması da tamamilə yanlış əsaslar üzərində qurulmuşdur.

26. Birgə nikahda olduqları dövrdə mənzilin aylıq ödənişləri ödənilmişdir. Bu da ona əsas verir ki, mənzil onların ümumi birgə mülkiyyəti hesab edilsin. Məhkəmənin gəldiyi nəticənin qanuni əsaslandırmasından da görmək olar ki, ümumiyyətlə ödənişlərin birgə nikah dövründə edilməsi nəzərə alınmamışdır.Lakin burada əsas olan hüquqi fakt məhz elə ödənişlərin birgə nikah dövründə edilməsidir. Bunun Məhkəmə tərəfindən nəzərə alınmayaraq qətnamənin qəbul edilməsi isə, bu qətnamənin qanunsuzluğunun əsası olmalıdır. Buna dair bütün sübutlar isə məhkəməyə təqdim edilmişdir.

27. Məhkəmə qanunvericiliyin bəzi müddəalarını əsas tutaraq bu iddianı təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, ev birgə mülkiyyət olmamışdır. Lakin birgə nikah dövründə mənzilin ödənişləri edildiyi üçün mənzil onların ümumi birgə mülkiyyəti hesab edilməlidir.

28. Məhkəmə mənzilin ümumi birgə mülkiyyət olub-olmama məsələsini düzgün araşdırmamışdır. İşin hallarından da açıq şəkildə görünür ki, sözügedən mənzilin ipoteka ödənişləri edilərkən iddiaçı X7 ilə nikah münasibətlərində olmuşdur. Ödənişləri də birlikdə etmişlər. Bu ödənişləri təsdiq edən sənədlərin hələ də iddiaçıda olması bunun sübutudur. Bu da evin ümumi birgə mülkiyyət olmasına bir əsasdır, məhkəmə isə bütün bunları nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

30. İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

31. Üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirak etdikləri məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. Cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir.

33. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

34. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

37. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

38. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

39. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

40. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

41. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

42. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

43. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

44. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

45. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

46. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

47. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3991/2023 nömrəli qətnaməsini ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

57. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. İşin hallarına görə X7 ilə İddiaçı xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşlar. RX seriyalı ******* saylı çıxarışa əsasən sözügedən mənzil X4 adına xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. X7 ilə X9 xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşdurlar. Daha sonra X7 xx.xx.2022-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində törənmiş zədələnmələr nəticəsində Kəlbəcər rayonunda şəhid olmuşdur. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 13 dekabr 2022-ci il tarixli, 2V-2161 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən iddiaçı və uşağı hər biri həmin mənzilə münasibətdə 1/5 hissədə pay almışdır.

60. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72 ünvanında yerləşən 27 saylı mənzil X7 ilə İddiaçı birgə mülkiyyəti olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, həmin mənzilin E.Maraqlı şəxs2 vərəsələri arasında bərabər bölünməsi barədə notarius tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunidir, həmin şəhadətnamə verilən zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil.

61. Qətnamədən narazı qalan iddiaçı sözügedən mənzilin mərhum əri ilə birgə mülkiyyəti olmasını bildirərək birinci instansiya məhkəməsinin maddi hüquq normasını düzgün tətbiq etməməsinə istinad etmişdir.

62. İddiaçı yuxarıda qeyd edilən əsasa iddia tələbinin əsası, eləcə də apellyasiya şikayətinin dəlili kimi də istinad etsə də həmin halın hüquqi əsası yoxdur. Sözügedən mənzil ipoteka əsasında 2014-cü ildə alınmış, nikah isə 2015-ci ildə bağlanılmışdır. Odur ki, kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız sayır.

63. Yuxarıda göstərilən normaların dispozisiyanın şərtlərindən də göründüyü kimi, əmlakın birgə mülkiyyət sayılması üçün onun nikah zamanı birgə gəlirlər hesabına əldə olunması mütləqdir.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).

65. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. ...Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir”.

66. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli mənzillə bağlı öz tələbləni əsaslandıra bilməmiş, həmçinin MPM-nin 77-ci maddəsinə əsasən sübut edə bilməmişdir. Ona görə birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

67. Məhkəmə kollegiyası hesab edir ki, birgə nikah dövründə əldə olunmamış əmlak ər-arvadın birgə əmlakı kimi qəbul oluna bilməz.

68. Bununla belə, məhkəmə kollegiyasının araşdırması zamanı birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də maddi hüquq normalarına tamamilə uyğun olması, prosessual normaların pozulmasına yol verilmədiyi müəyyən edilmişdir.

69. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

70. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

71. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3991/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3991/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar