Məhkəmə qərarları › İş №2(105)-1943/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1943/2021

27.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1943/2021 27.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı X2 və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə dair bütün hüquqların (köçürmə, istifadə hüququ) itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1070/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1070/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 10000 (on min) manat məbləğində kompensasiya verilmək yolu ilə onun Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə dair bütün hüquqlarının (köçürülmə, istifadə hüququ) itirilmiş hesab olunması qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1070/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə dair bütün hüquqlarının (köçürmə, istifadə hüququ) itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı əsil iddiaçı X5 ilə əvəz olunmuşdur. X5 iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək, Cavabdeh Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə dair 10.000 (on min) manat kompensasiya verməklə bütün hüquqlarının (köçürmə, istifadə hüququ) itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş gəlinidir. Cavabdehin onun oğlu ilə birgə nikahından iki övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 18.01.2019-cu il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh onun faktiki istifadəsində olan Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə köçürülməsinə dair iddiası təmin edilmişdir. 06.01.2020-ci il tarixdə oğlu X8 ilə ailə həyatı qurmuşdur. Oğlunun yeni ailəsi, həmçinin əri və özü mübahisəli evdə yaşayırlar. Oğlunun cavabdeh ilə nikahının pozulmasına səbəb cavabdehin xəyanəti olmuşdur. Cavabdeh mübahisəli yaşayış evinə köçürülərsə onunla yaşamaq mümkün olmayacaqdır. Ona görə qərara gəlmişdir ki, cavabdehə müəyyən məbləğdə kompensasiya verməklə onun həmin evə dair bütün hüquqlarına xitam verilsin. Təklif etdiyi 10000 (on min) manat cavabdehin 3 il müddətinə yaxşı şəraitdə yaşaması üçün kifayət edən məbləğdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh tərəfindən apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Kompensasiya verilməklə yaşayış sahəsinə xitam verilməsi tələbi ancaq mülkiyyətçiyə məxsus olan hüquqdur. İş üzrə çıxarılmış qətnamədən də göründüyü kimi, Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən tikili özbaşına tikilidir. Həmin tikili dövlət tərəfindən qeydiyyata alınmamışdır. Ona görə də hazırda iddiaçının bu iddia tələbi də məhkəməyə müraciət etmək üçün heç bir subyektiv hüququ yoxdur. Göründüyü kimi, məhkəmə qətnamə çıxararkən «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının tələblərinə düzgün riayət etməmişdir. Ali Məhkəmənin həmin Qərarının 6-cı bəndində göstərilir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Bu baxımdan da birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni qanuni və əsaslı hesab edilə bilməz. Bu hallara məhkəmə düzgün qiymət vermədiyindən qətnamə ləğv edilməli, iddia isə təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, kompensasiyanın məbləği minimum 15000 manat olsa, mübahisəli evdə yaşamaqdan imtina edə bilər. 10000 manata isə o, Sumqayıt şəhərində, başqa yerdə özünü yaşayış sahəsi ilə təmin edə bilməz. Məhkəmə kollegiyasının iclasında iddiaçı X5 şikayətlə razılaşmadı və bildirdi ki, kompensasiya kimi təklif edilən məbləğ yaşayış sahəsilə təmin olunmaq üçün qənaətbəxşdir. O, şikayətin rədd olunmasını xahiş etdi. Sonuncu məhkəmə iclasında iddiaçı maksimum 10000 manat kompensasiya verə biləcəyini bildirdi. Əlavə etdi ki, cavabdehin etdiyi qəbahətdən sonra qayıdıb onlarla yaşaması mümkünsüzdür. Oğlu Amid yenidən ailə qurub. Keçmiş arvadla yeni ailə qurduğu qadının eyni evdə yaşaması heç cürə mümkün deyildir. Təklif etdiyi kompensasiya məbləğini də çarəsizlikdən xərc-borc düzəldib verir ki, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisənin qarşısını alsın. Məhkəmə iclasında X2 vəkili Vəkil, iddiaçının izahatını müdafiə edərək bildirdi ki, apelyasiya şikayəti əsassızdır. Heç yerdə özbaşına tikilidə yaşamaq hüququna kompensasiya verilməklə xitam verilməsini qadağan edən norma nəzərdə tutulmamışdır. Bu kompensasiya məcburiyyətdən verilir ki, gələcəkdə baş verə biləcək dava-dalaşın qarşısı alınsın. Eşitdiyinə görə cavabdeh də ailə qurmuşdur. Onların bir yerdə yaşaması mümkün deyildir. Ona görə də şikayətin rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-963/2019 saylı, 18.01.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Əliyeva Günel Habil qızı arasında 19.04.2011-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikah qeydiyyatının pozulması, tərəflərin birgə nikahlarından olan 22 may 2014-cü il təvəllüdlü X11 və 28 sentyabr 2011-ci il təvəllüdlü X6 anaları Əliyeva Günel Habil qızının himayəsinə verilməsi və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq Əliyeva Günel Habil qızına verilməsi qət edilmişdir. Yenə iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı Əliyeva Günel Habil qızının azyaşlı övladları 28.09.2011-ci il təvəllüdlü X10 və 22.05.2014-cü il təvəllüdlü X11 ilə birlikdə Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları, ev 11) yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Yenə də iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 2949/2019 saylı, 10.09.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3408/2019 saylı, 18.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş AZ-İİ 379188 saylı, 06.01.2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında 06.01.2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmış və arvada Əliyeva soyadı verilmişdir. İşdə olan X3 aid "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bağçının üzvülük kitabçasının surətindən görünür ki, X1 Cəmiyyəti üzvlərinin 10.10.2005-ci il tarixli, 4 saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, “Metallurq” kollektiv Bağçılıq Cəmiyyətinin bağçılıq cəmiyyəi bağından sahəsi 12 sot olan 510 saylı bağ sahəsi Sumqayıt şəhər XDS-nin 22 iyun 1988-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daim istifadə etmək üçün verilmişdir. Yenə işdə olan fərdi qaydada ev alqı-satqı ilə məşğul olan F.A.Həziyevin 17.03.2021-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, Metallurq Bağlarında kirayə haqqı 70 manatla-130 manat arası dəyişir. Yenə də işdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 22 saylı Mənzil Kommunal Sahəsinin 22.10.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 2- də qeydiyyatdadır, lakin orada yaşamır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi 8-ci Məhəlləsi üzrə 1 saylı Məhəllə Komitəsinin 506 saylı, 15 iyul 2021-ci il tarixli arayışından görünür ki, X5 1 saylı məhəllədə yerləşən 510 saylı evdə yaşayır və vergilərini ödəmişdir. Ödəmə ilə bağlı işdə bir sıra qəbzlər mövcuddur. Yenə iş materiallarında olan fiziki şəxs E.A.Məmmədovun 15.07.2021-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, Metallurq Bağlarında yerləşən 2 otaqlı evlərin kirayə haqqı 70 manatla-110 manat arası dəyişir. Yenə də iş materiallarında olan fiziki şəxs E.N.Sadıqovun 10.07.2021-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, Metallurq Bağlarında yerləşən 2 otaqlı evlərin kirayə haqqı 60 manatla-120 manat arası dəyişir. İşdə olan abonent saldosundan görünür ki, X3 məxsus mübahisəli ev təbii qazla təchiz edilmişdir və ona abonent kodu verilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC “Metallurq-1” kollektiv kooperativ bağçılıq cəmiyyətinin 14 iyul 2021-ci il tarixli arayışından görünür ki, X1 Cəmiyyəti üzvlərinin 10.10.2005-ci il tarixli, 4 saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, 12 sot olan 510 saylı bağ sahəsi Sumqayıt şəhər XDS-nin 22 iyun 1988-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daim istifadə etmək üçün 2001-ci ildə ona verilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1070/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh iddiaçının oğlu İddiaçılə 19 aprel 2011-ci il tarixdə nikaha girmişlər və bu nikahdan onların Fərhad və Fidan adlı uşaqları olmuşdur. Sonradan onların nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlar analarının himayəsinə verilmişdir. Bundan sonra, Cavabdeh İddiaçı qarşı evə köçürülmə barədə məhkəmədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli qətnaməsilə onun iddiası təmin edilərək, iddiaçı Əliyeva Günel Habil qızının azyaşlı övladları 28.09.2011ci il təvəllüdlü X10 və 22.05.2014-cü il təvəllüdlü X11 ilə birlikdə Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları, ev 11) yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, lakin hələ icra edilməmişdir. İşdən görünür ki, mübahisəli tikili iddiaçıya məxsus bağ torpaq sahəsində inşa edilmişdir. Belə ki, X3 aid "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bağçının üzvülük kitabçasının surətindən görünür ki, o, Bağçılıq Cəmiyyəti üzvlərinin 10.10.2005-ci il tarixli, 4 saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, Sumqayıt şəhər XDS-nin 22 iyun 1988-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən “Metallurq” kollektiv Bağçılıq Cəmiyyətinin sahəsi 12 sot olan 510 saylı bağ sahəsi daim istifadə etmək üçün F.Əliyevaya verilmişdir. İşin faktiki hallarından məlum olur ki, hazırda tərəflər arasında münasibətlər olduqca pisdir. Cavabdehin keçmiş əri-iddiaçının oğlu İddiaçı yenidən nikaha girmişdir və yeni ailəsi ilə mübahisəli evdə yaşayır. Hazırda həmin evin faktik sahibi və istifadəçisi X5 (İddiaçı anası) məhkəmədə iddia qaldıraraq, 10.000 (on min) manat kompensasiya verilməklə Cavabdeh Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə dair bütün hüquqlarının (köçürmə, istifadə hüququ) itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli yaşayış evinin hüququ statusu müəyyən edilməlidir. Daha öncə qeyd edildiyi kimi mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi iddiaçı F.Əliyevaya üzvü olduğu “Metallurq” kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmişdir. Bu barədə Cəmiyyətin qərarı və iddiaçıya verilmiş bağçının üzvlük kitabçası heç kəs tərəfindən mübahisələndirilməmiş, qüvvədədir. F.Əliyevanın adına qeyd olunan sənədlər olsa da, nə həmin torpaq sahəsi, nə də yaşayış evi daşınmaz əmlakın dövlət reyrestrində qeydiyyata alınmamışdır. İşin faktiki hallarından məlum olur ki, mübahisəli ev lazımi icazələr alınmadan inşa edilmişdir. Buna görə də özbaşına tikili hesab olunur. Bununla yanaşı həmin evə və onun yerləşdiyi torpaq sahəsinə faktiki sahibliyi həyata keçirən və ondan istifadə edən, yerli vergiləri ödəyən iddiaçının qanuni gözlənti hüququ istisna edilmir. Bununla əlaqədar məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən, Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, X2 şəxsi vəsaiti hesabına inşa edilmiş mübahisəli evə “qanuni gözlənti” hüququ vardır. Qüvvədə olan qanunvericiliyə əsasən özbaşına tikililərə istifadə hüququ tanınmadan şəxsin bu tikiliyə köçürülməsini birbaşa tənzimləyən norma yoxdur. Məhkəmə təcrübəsinə əsasən bu tip mübahisələr qanunun analogiyası tətbiq edilməklə həll edilir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli qətnaməsindən də görünür ki, Cavabdeh mübahisəli tikiliyə məhz qanunun analogiyası tətbiq edilməklə 2009-cu ilin 01 oktyabr tarixindən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməklə köçürülmüşdür. Azərbaycan Respublikasının qanunvericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə köçürülmənin müəyyən pul məbləği ödəməklə (hüquqa kompensasiya ödəməklə xitam verilməsi) qarşısının alınması ilə bağlı hüquq normaları mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin Plenumu 26.09.2007-ci il tarixli qərarında faktiki münasibətlərin hüquqi müstəviyə keçirilməsinə və məhkəmə mübahisələrinin hüquq normaları əsasında həllinin zəruriliyinə toxunaraq qeyd etmişdir ki, subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq olmadıqda münasibətlərin hüquq əsasında nizamlanması zəruridir. Münasibətləri məhz hüquq münasibətləri kimi qəbul olunması üçün onları hüquq norması (normaları) vasitəsilə tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər biri-birindən öz strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və hüquqi vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin hüquqi məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər üzrə həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir. Həmin elementlər üst-üstə düşmədikdə hüquq münasibətlərinin eyniyyəti yaranmasa da, onların oxşarlığı mümkündür. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Plenum xüsusilə qeyd etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kompensasiya ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddiaların Mənzil Məcəlləsinin 123-cü maddəsində kompensasiya institutu nəzərdə tutulmaması səbəbilə rədd edilməsi Konstitusiyanın 13, 29, 71,147 və 149-cu maddələrinin, Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin, habelə Mülki Məcəllənin 1.2, 11.1, 11.5 və 228.2-ci maddələrinin tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun daha öncə istinad olunan Qərarında göstərilmişdir ki, “kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Yuxarıda da qeyd olunduğu kimi, tərəflər arasında şəxsi münasibətlər korlanmışdır və cavabdehin keşmiş əri İddiaçı təkrar nikaha girərək mübahisəli evdə yaşamaqdadır. Belə olan halda, Cavabdeh həmin evə köçürülməsi mübahisənin bitməsinə deyil, onun uzun müddət ərzində davam etməsinə səbəb ola, onun F.Əliyevaya məxsus yaşayış evinə yaşamaq üçün köçməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bununla belə, evin faktiki sahibi F.Əliyeva tərəfindən təklif edilən kompensasiya məbləğinə cavabdehin uzun müddət eyni şəraitdə digər ünvanda yaşaması mümkündür. Belə ki, məhkəməyə təqdim edilmiş arayışlardan da görünür ki, mübahisəli ərazidə eyni otaqlı və şəraitli tikili üçün aylıq kirayə haqqı maksimum 120 manat təşkil edir və təklif olunan kompensasiya məbləğilə 83 ay (təqribən 7 il) bu cür evdə yaşamaq mümkündür. Məhkəmə kollegiyasının iclasında da Cavabdeh qaldırılmış iddianı faktiki qəbul etmiş, lakin yalnız kompensasiyanın məbləğini mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda, kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənlərə əsasən qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Hazırkı işdən də görünür ki, iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği normaldır və cavabdehin digər ünvanda uzun müddətli yaşayış hüququnu təmin edir. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə, təklif olunan 10000 manat kompensasiya məbləği bazar qiymətlərinə uyğun olmaqla Cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki fərdi yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyindən iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin o faktı da nəzərə alır ki, məlum məhkəmə qətnaməsi olmasına baxmayaraq Cavabdeh keçən iki il müddət ərzində mübahisəli evə köçməmiş və yaxud buna cəhd etməmişdir. Məhkəmə kollegiyası, Cavabdeh kompensasiya təklifi ilə bağlı, başqa yerdə mənzilin dəyəri kimi 15000 manatın verilməsi barədə şərt irəli sürməsinə münasibətdə hesab edir ki, bu məsələyə düzgün yanaşma deyildir. Belə ki, daha öncə qeyd edildiyi kimi kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) İş materiallarından görünür ki, mübahisəli evin sahibi tərəfindən ora köçürülməsi qərara alınan Cavabdeh təklif edilən kompensasiya məbləği onun başqa yerdə, oxşar şəraitdə uzun vaxt ərzində yaşamasını mümkün edir. Bu baxımdan F.Əliyevanın iddiası əsaslı hesab edilməli və təmin olunmalıdır. Mübahisənin bu qaydada həll edilməsi, tərəflər asrasındakı uzun müddətli münaqişənin də həll edilməsi mənasına gəlir və iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına, həmçinin sadalanan normaların tələblərinə uyğundur. Məhkəmə kollegiyasının qənaətinə görə mənzil münasibətlərindən doğan bu tipli əmlak mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan məhkəmə presedenti yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını nəzərə almaqla iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı X5 iddiasının əsasını sübut edə bilsə də, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizə kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər öz təsdiqini tapmadığı kimi, daha öncə şərh olunan hallara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Mübahisəli tikilinin mülkiyyətdə olmamasına istinad edilməsi əsassızdır, çünki tərəflər arasında mübahisə varsa, məhkəmə onu ya birbaşa normalarla, ya da oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq etməklə həll etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1070/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1070/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar