Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1943/2023 17.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4602/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı adına olan **********08440 saylı abonent saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 2023-cü il üzrə 2073,6 manat borc yazılmışdır, ünvan üzrə sayğac Zenner G4T mexaniki tiplidir, quraşdırılma tarixi xx.xx.2023-cü ildir.
2. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Metallurgiya bağları, ev 844-ə əsassız olaraq hesablanmış 2073,60 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Metallurgiya bağları, ev 844 iddiaçıya məxsusdur. İllərlə həmin ünvanda yaşamış, ailəsi ilə bərabər həmin ünvanda məskunlaşmışlar, həmin evdə istifadə etdikləri qaza, suya, işığa və s. görə kommunal ödənişləri və s. vergiləri həmişə vaxtlı-vaxtında ödəmişdir. Heç vaxt hansısa vergidən yayınmamışdır. Yaşadığı yerdə nəzarətçi ona deyəndə bəlli olmuşdur ki, 30 may 2023-cü il tarixdə iddiaçıya məxsus olan yaşayış sahəsində cavabdehin əməkdaşları tərəfindən yoxlanılma həyata keçirilmiş və yoxlamanın nəticəsi olaraq da sayğaca baxış keçirilərək sayğacda sınıq olduğu müəyyən olunmuşdur. Hansı ki, həmin yoxlamadan iddiaçının xəbəri olmamışdır, sayğac da hamının müdaxilə edə biləcəyi yerdə, əlçatan yerdə-çöldə yerləşir. Gəlib yoxlama keçiriblər və özbaşına yeni sayğac quraşdırıblar, iddiaçıya da bu barədə heç bir məlumat verilməyib. Səbəbini də sənədləri əldə edəndə bilmişdir. İddiaçı vaxtlı-vaxtında, həmişə qaz borcunu ödəmiş və yayınmaq kimi niyyəti olmamışdır. Bu onun vətəninə, millətinə sevgisindən, hörmətindən, qanunlara verdiyi dəyərdən irəli gəlir.
4. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x24x180=17280m3 x 0,12 qəpik= 2073,6 manat dəymiş ziyan hesablanmışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4602/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilərək, İddiaçı **********08440 saylı abunə hesabından Cavabdeh İB tərəfindən ******* saylı, xx.xx.2023-cü il tarixli akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 2073,6 (iki min yetmiş üç manat, altmış qəpik) manat borcun silinməsi, Cavabdeh İB-dən 40,74 (qırx manat, yetmiş dörd qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS-nin əməkdaşları İddiaçı ünvanında sayğaca baxış keçirərkən, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rənginin qoruyucu örtüyün rəngindən fərqli olduğu, sayğacın element yuvasının qapağının alt hissədən, gövdəyə birləşən hissədən sındırılıb, sonradan yapışqan maddə vasitəsi ilə yapışdırıldığını aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-yə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Sumqayıt QİS-nin əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı Sumqayıt QİS-nin abonent bazasındakı **********08440 nömrəli abonent koduna 17280 m3 – 2073,60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 2073,60 manat itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları:
5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Qaz paylayıcısı və istehlakçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.
19. İş materiallarında olan tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etməlidir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Qeyd edilən müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı qazdan istifadə qaydalarının tələblərinə əməl etməlidir. Göstərilən müqavilənin 2.3.6-cı bəndinə əsasən istehlakçı müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
22. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
23. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlidir. Sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sındırılıb, sonradan yapışqan maddə vasitəsilə yapışdırılıb. Sayğacın yaddaş arxivi oxunmuş, sayğacda xx.xx.2021, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində ALARM-1 rejimi aşkar olunduğundan, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.
24. Cavabdeh İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı ******* saylı, xx.xx.2023-cü il tarixli akt əsasında fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqli olmağı, sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sındırılıb, sonradan yapışqan maddə vasitəsilə yapışdırılması və sayğacın yaddaş arxivi oxunarkən, sayğacda xx.xx.2021, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində ALARM-1 rejimi aşkar olunduğundan, sayğacın istismara yararsız olması ilə əlaqədar, 180 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 17280 kub metr əlavə sərfiyyat hesablanmışdır.
25. İş materiallarındakı İddiaçı adına olan **********08440 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 2023-cü il üzrə 2073,6 manat borc yazılmışdır, ünvan üzrə sayğac Zenner G4T Mexaniki tiplidir, quraşdırılma tarixi xx.xx.2023-cü ildir.
26. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı tərəf deyil, cavabdeh özü daşıdığından, o cümlədən 5 ildən artıq müddətdə istismar olunan sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan plombların rənginin qoruyucu örtüyün rəngindən fərqli olmasında iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə irəli sürülmüş tələb əsaslıdır.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
28. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4602/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.