Məhkəmə qərarları › İş №2(105)-1948/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1948/2023

22.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1948/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh1, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi X1, cavabdehlərin vəkili Vəkil iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-337/2023 nömrəli qətnaməsindən cavabdehlər X5 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İşdə olan xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 163.4 kv/metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

2. Qusar Rayon Məhkəməsinin 2(029)-420/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsinin surətindən də görünür ki, X1, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və onların həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(105)-1804/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(029)-420/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 iyul 2023-cü il tarixli arayışından görünür ki, Qusar şəhəri, H.Z.Tağıyev küçəsi, 3 saylı evin yerləşdiyi ərazidə fərdi yaşayış evlərin aylıq kirayə haqqı evin texniki vəziyyətindən asılı olaraq 400-700 manat civarındadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 (beş min) manat kompensasiya ödənilməklə cavabdehlər X1 Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddianı onunla əsaslandırılmışdır ki, cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və yaşayış evinə köçürülmələri barədə iddia tələbi Qusar Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli. 2(029)-420/2022 nömrəli qətnaməsi ilə (hakim Adil Vəliyev) təmin edilib. X5, Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları tanınmış və onların həmin fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-1804/2022 saylı qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(029)-420/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-1804/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilmişdir. Yuxarıda qeyd olunan qətnamələr qəbul edilən zaman İddiaçı mərhum atasından miras qalmış mübahisə predmeti olan yaşayış evinə daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş mülkiyyət hüququ mövcud olmadığından kompensasiya ödənilməklə cavabdehlərin evin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququn elementləri tam mövcud olmamışdır. Hazırda DƏDK və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

7. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-337/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X2 Cavabdeh2 və Cavabdeh1 7500 (yeddi min beş yüz) manat kompensasiya verilməsi yolu ilə həmin şəxslərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında, 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 163,4 kv.metr olan fərdi yaşayış evi xx.xx.2023cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 2000-ci ildən həmin mənzildə yaşamaqla mənzilə dair istifadə hüquqları vardır. Cavabdeh İsayeva Səadət iddiaçının keçmiş həyat yoldaşı, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə uşaqlarıdır. İddiaçı mülkiyyətində olan mənzildə cavabdehlərlə birlikdə yaşamasının mümkünsüz olduğunu, bu səbəbdən də həmin mənzildə yaşamadığını bildirmişdir. Odur ki, hazırda iddiaçının mənzilə dair mülkiyyət hüququ ilə cavabdehlərin istifadə hüquqları toqquşur və iddiaçı cavabdehlərə müvafiq kompensasiya verilməsi üsulu ilə mülkiyyət hüququnun müdafiə olunmasını tələb edir. Məhkəmə hesab edib ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və iddianın hüquqi əsası ilə işin faktiki halları uzlaşmaqdadır. Cavabdehlər Səadət İsayeva və Cavabdeh1 iddiaçının iddia tələbinə qarşı etiraz etmişdir. Bundan başqa məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmənin təklifi ilə kompensasiyanın məbləğini qaldıraraq 7500 manat məbləğində təklif etmişdir. Məhkəmə İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehlərin istifadə hüquqlarına 7500 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılmaları barədə dəlillərini müzakirə edərək hesab edib ki, cavabdehlərin həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin mənzilə oxşar bir mənzildə yaşamalarının təmin olunması üçün kifayətdir. Belə ki, qeyd olunan mənzil köhnə tikili olmaqla yaşayış sahəsi 163,4 kv.metr təşkil edir və Qusar şəhərində həmin ölçüdə və şəraitdə olan mənzillərin kirayə haqları yüksək deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi əmlakın dəyərinə görə müəyyən olunmur və kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Odur ki, cavabdehin etirazı iddiaçının iddia tələbinin əsaslı olmasını şübhə altına alacaq dərəcədə deyil və ona görə də, məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədə müvafiqdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 153.1, 157.1, 157.2, 157.4, 228.1, 228.2-ci maddələri, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-337/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İşin mahiyyəti ondan ibarətdir ki, hazırkı iş üzrə cavabdehlər mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddia qaldırmışlar. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-420/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək X1, Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvadna yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və onların həmin fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İş üzrə cavabdeh tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq məhkəmə aktlarına əsasən təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-740/2023 nörməli qərarında göstərilir ki, cavabdehin nümayəndəsi apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçı tərəfə müraciət edilərək tərəflər arasındakı mübahisənin könüllü qaydada 15.000 manat kompensasiya verilməklə məhkəmədənkənar həlli üçün razı olduqlarını təklif etmiş, lakin iddiaçı cavabdehin təklifi ilə razı olmadığını göstərmişdir. Qeyd olunan qətnamənin icra mərhələsində hazırkı iş üzrə iddia tələbi ilə iddiaçı Qusar Rayon Məhkəməsində iddia qaldırdığından icra işi dayandırılmışdır. Cavadehlər olaraq iddia tələbini qəbul etmirlər onlar həmin yaşayış evinə köçüb orada yaşamaq istəyirlər. Çünki, həmin yaşayış evinin dəyəri iddiaçının göstərdiyi kimi 30.000-35.000 deyil, daha yüksəkdir. Həmin yaşayış evinə uyğun fərdi yaşayış evinin aylıq kirayə haqqı iddiaçının göstərdiyi kimi 150-200 manat deyil, təxminən 500-600 manat təşkil edir. Bütün bunlara baxmayaraq məhkəmə iddiaçının məhkəmənin təklifi ilə kompensasiyanın məbləğinin qaldıraraq 7500 manat təklif etməsi ilə razılaşmış və iddia tələbini təmin etmişdir. İşə baxan məhkəmə tərəfindən hazırkı mübahisəyə tətbiq edilməli maddi hüquq normaları tətbiq edilməmişdir. Məhkəmə tərəfindən tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin qətnamə ilə cavabdehlər razılaşmır və hesab edirlər ki, qətnamə ilə hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi X5 və cavabdehlərin vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayət əsassızdır. Bununla belə iddiaçı tərəf kompensasiya məbləğinin son həddinin 15000 manat olmasını qəbul etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

16. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları:

17. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...”

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

20. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-337/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilməlidir.

27. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institutundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehlərə müvafiq kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam verilməsindən ibarətdir.

28. Kollegiya qeyd edir ki, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.

29. Kollegiya bildirir ki, qeyd olunan mövqe mübahisənin həllinə təsiri baxımından önəmli olmaqla, kompensasiya institutu ilə uzlaşır.

30. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında bildirdi ki, iddiaçı tərəf kompensasiya məbləğini artıraraq, cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına 15000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsini xahiş etmişdir.

31. İşin mübahisə olunmayan hallarına görə ünvan 1 ünvanında 0,04 ha torpaq saəsində yerləşən ümumi sahəsi 163,4 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər iddiaçının keçmiş arvadı və övladlarıdır.

32. İddiaçı cavabdehlərlə bir evdə yaşamaqlarının mümkün olmadığına görə cavabdehlərə kompensasiya verilməklə onların mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat zamanı bu məbləğ 7500 manat, sonradan apellyasiya icraatı zamanı isə iddiaçı məbləği artıraraq 15000 manat müəyyən etmişdir.

33. Cavabdeh tərəf isə iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razılaşmır və etirazının əsası kimi onu göstərir ki, həmin məbləğlə normal şəraiti olan yaşayış sahəsi ilə təmin edilməsi mümkün deyil, onlar ümumiyyətlə iddianı qəbul etmir və fərdi yaşayış evində yaşamaq hüquqlarının təmin edilmələrini istəyirlər.

34. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı cavabdehlərlə birlikdə yaşamağın mümkünsüzlüyündə israrlıdır.

35. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.

36. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.

37. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

38. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır.

39. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur.

40. Sadalananlara əsasən kollegiya qeyd edir ki, iddiaçının cavabdehlərə təklif edildiyi sonuncu məbləğ, yəni 15000 manat kompensasiya məbləği mübahisəli evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.

41. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri şəxsi mülahizələr hesab edən apellyasiya kollegiyası həmin dəlillərlə razılaşmır və hesab edir ki, hazırkı işdə işin halları aşkardır. Belə ki, mülkiyyətçi kimi iddiaçının hazırkı tələbinin faktiki və hüquqi əsasları mövcuddur. Apellyasiya şikayətinin dəlilləri isə iddia tələbinin rədd edilməsi üçün əsaslı hesab edilə bilməz.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

43. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

44. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır.

45. İşdən də müəyyən olunduğu kimi iddiaçı cavabdehlərə 15000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

46. Şərh olunanları ümumiləşdirən kollegiya qeyd edir ki, iddiaçı tərəfindən ilk olaraq təklif olunmuş kompensasiya məbləğinin artırılması barədə məhkəmənin təklifini nəzərə alan iddiaçı kompensasiya məbləğini ilkin məbləğə münasibətdə əhəmiyyətli dərəcədə artırmışdır ki, (7500 manatdan 15000-a dək) kollegiya da həmin məbləğlə razılaşmışdır.

47. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı kompensasiyanın məbləğini artıraraq cavabdehlərə 15000 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsini xahiş etdiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiyanın məbləğinə münasibətdə dəyişdirilməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-337/2023 nömrəli qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilsin. Cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı təklif olunan kompensasiyanın məbləği 15000 (on beş min manat) müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar