Məhkəmə qərarları › İş №2(105)-1953/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1953/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1953/2023 01.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: subroqasiya hüququ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(026)-31/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri DYPİ-nin 28 yanvar 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-cı və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib cərimə edilmişdir.

2. Bakı şəhəri DYPİ-nin 28 yanvar 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verildiyi üçün məhkəmə iş üzrə icraatı dayandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 27 mart 2023-cü il tarixli 3(103)-604/2023 saylı qərarı məhkəməyə təqdim edildikdən sonra icraat təzələnərək mahiyyəti üzrə baxılmışdır.

3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 06 aprel 2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta ödənişi üzrə 5000 manat zərər məbləği dəymiş ziyan üçün X1 verilmişdir.

4. “X8” avtomobillər texniki xidməti mərkəzinin 03 fevral 2022-ci il tarixli qüsur aktından görünür ki, 2009-cu il buraxılışlı “RENO MEQAN” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat ziyan dəymişdir.

5. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 3(003)- 108/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin Cavabdeh barəsində qəbul etdiyi 05 dekabr 2022-ci il tarixli “inzibati tənbeh vermə” haqqında qərarı ləğv edilmiş, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 27 mart 2023-cü il tarixli 3(103)-604/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 3(003)-108/2023 saylı qərarı ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin 29 yanvar 2022- ci il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 5000 manat məbləğində pul və 70 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Opel Astra minik markalı 77BT371 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində 99SU244 dövlət qeydiyyat nişanlı Renault Megane markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXMnin 327.1-ci və 332.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmış və AR İXMnin 327.1-ci və 332.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. Renault Megane markalı, 99SU244 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 5000 (beş min) manat ödənişi verilmişdir. “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(026)-31/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2009-cu il buraxılışlı “Renault Megane” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün ödənilmiş 5000 manat sığorta ödənişinin, 70 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Mirələm Quliyev).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 445.7, 448.1, 472.1, 472.2 və 936.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(026)-31/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 28 yanvar 2022-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu ərazisində, Mərdəkanla Binə qəsəbəsi arasındakı yanacaq doldurma stansiyasının yaxınlığında idarə etdiyi “Opel Astra” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı minik avtomobili “Renault Meqan” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən arxadan vurulmuş və nəticədə ona 3000 (üç min) manat civarında maddi ziyan dəymişdir. Hadisə yerinin 10-15 metrliyində 118 kodlu, təqribən 70 metr məsafədə sağda və solda uyğun olaraq 117 və 119 kodlu müşahidə kameraları vardır. Qeyd olunan yol nəqliyyat hadisəsi üzrə təhqiqat işini aparan polis təhqiqatçısı həmin kamera görüntülərini əldə etmədən araşdırmaya başlamış və onu təqsirli bilərək iş materiallarını məhkəməyə göndərmişdir. Məhkəmə hadisənin kamera görüntüləri olmaması əsası ilə iş materiallarını ibtidai araşdırmaya qaytarmışdır. Lakin təhqiqatçı kamera görüntülərini əldə etməyərək yenidən məhkəməyə müraciət etmişdir. Yenə də iş materialları natamam və qeyri-obyektiv olduğundan məhkəmə tərəfindən ikinci dəfə geriyə qaytarılmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 3(003)-108/2023 saylı qərarı ilə Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin onun barəsində qəbul etdiyi 05 dekabr 2022-ci il tarixli “inzibati tənbeh vermə” haqqında qərarı ləğv edilmiş və barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilmişdir. Sonradan özünün maraqlarını davam etdirən Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin təhqiqatçısı tərəfindən apellyasiya şikayəti verilmiş və o vəzifə səlahiyyətlərindən suiistifadə edərək istəyinə nail ola bilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 27 mart 2023- cü il tarixli, 3(103)-604/2023 saylı qərarı ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 3(003)-108/2023 saylı qərarı ləğv edilmişdir. İş üzrə məhkəmə qərarlarından isə görünür ki, minik avtomobillərinin avtoqəza hadisəsinin baş verdiyi yerin 10-15 metrliyində 118 kodlu, təqribən 70 metr məsafədə sağda və solda uyğun olaraq 117 və 119 kodlu müşahidə kameralarına baxış keçirilməmiş və dolayı vasitələrlə bundan imtina edilmişdir. Qanunları pozmaqla, faktları və sübutları gizlətməklə həqiqi və doğru nəticələr əldə edilə bilməz. Qətnamə tam əsassız olduğundan ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. İş üzrə iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir.

16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

17. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

19. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-31/2023 nömrəli qətnaməsinin tam ləğvini xahiş etmişdir.

24. Ona görə də kollegiya Qobustan Rayon xx.xx.2023-cü il tarixli, e-2(026)-31/2023 nömrəli qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

26. Məhkəmə kollegiyası hazırkı iddia tələbi üzrə hüquqi dəyərləndirməni apararaq, hesab edir ki, işin faktiki halları Cavabdeh qarşı yönələn iddia tələbinin qanuni əsasının dispozitiv şərtlərinə uyğun deyildir.

27. Kollegiya qeyd edir ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.

28. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.

29. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.

30. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

31. Göründüyü kimi, əşya sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.

32. Başqa hüquq münasibətlərinə aid olan tələblər mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan münasibətləri nizama salmaqdır.

33. Məhkəmə kollegiyasının iclasında cavabdehin izahatları, iş materialları və eləcə də şahid ifadəsi ilə müəyyən edilmişdir ki, avtomobil Famil Şahverdiyevə məxsus olmuşdur. Avtomobilə dair verilmiş etibarnamənin müddəti hadisədən bir neçə gün əvvəl bitmiş və onlar bundan məlumatsız olmuşlar. Cavabdeh avtomobili Famil Şahverdiyevin iradəsinə uyğun olaraq istifadə və idarə etmişdir. Bunun əksini sübut edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir.

34. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud subroqasiya tələbi əsassız olmuş və birinci instansiya məhkəməsinin həmin tələbin təmin edilməsi barədə gəldiyi nəticə isə düzgün olmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

35. Mülki Prosessual Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-31/2023 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-31/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar