Məhkəmə qərarları › İş №2(105)-1965/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1965/2021

26.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1965/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, cavabdeh Məmmədov Nazim Valeh oğlunun iştirakı ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Məmmədov Nazim Valeh oğluna qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-721/2021 nömrəli qərardadından cavabdeh Məmmədov Nazim Valeh oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim R.Qoşqarlı) Məmmədov Nazim Valeh oğlunun Sumqayıt şəhər məhkəməsinin 2(060)- 721/2021 saylı iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Məmmədov Nazim Valeh oğlu qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt şəhər məhkəməsinin 02.04.2021-ci il tarixli, 2(060)-721/2021 saylı qərardadından cavabdeh Məmmədov Nazim Valeh oğlunun verdiyi şikayət 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Nazim Valeh oğlundan su və kanalizasiya xidmətləri üzrə yaranmış 1265 (bir min iki yüz altmış beş) manat 36 (otuz altı) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin, cəmi 1295 (bir min iki doxsan beş) manat 36 (otuz altı) qəpik məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Məmmədov Nazim Valeh oğlundan su və kanalizasiya xidmətləri üzrə yaranmış 1265 (bir min iki yüz altmış beş) manat 36 (otuz altı) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin, cəmi 1295 (bir min iki yüz doxsan beş) manat 36 (otuz altı) qəpik məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Məmmədov Nazim Valeh oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Məmmədov Nazim Valeh oğlu Sumqayıt şəhər məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadı ilə razı deyil, dövlət rüsumunu halhazırda ödəmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Məmmədov Nazim Valeh oğlu şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını dövlət rüsumunun ödənilməsi barədə qəbzin şikayətə əlavə edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu şikayətdə gəlinən nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə qəbul etdiyi qətnamə apellyasiya qaydasında mübahisələndirilmiş, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmişdir. “Dövlət rüsumu haqqında” 1.1. maddəsinə görə dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının Q-16 nömrəli 16 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda kassa əməliyyətlarının aparılması” Qaydalarının 1.2-ci bəndinə görə təşkilatların banklardan aldıqları nağd pullar müvafiq qaydada kassaya mədaxil edildikdən sonra təyinatı üzrə xərclənir. Büdcədən ayrılan təxsisatlardan başqa, digər mənbələrdən əldə etdikləri gəlirdən və daxilolmalardan kassaya mədaxil olunan nağd pul müvafiq xəzinədarlıq orqanının müvəkkil bankdakı tranzit hesabına köçürüldükdən sonra xəzinədarlıq haqqında mövcud qaydalara uyğun olaraq təyinatı üzrə xərclənir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə qəbz şikayətə əlavə edilərək məhkəməyə təqdim edilməlidir. Lakin cavabdeh Nazim Məmmədov apellyasiya şikayəti verərkən dövlət rüsumu ödəməmiş, birinci instansiya məhkəməsi bu halı əsas götürərək apellyasiya şikayətini geri qaytarmış, cavabdeh isə bu nəticəni mübahisələndirərək şikayət vermiş, lakin şikayət verməsinə baxmayaraq 20 aprel 2021-ci il tarixdə (apellyasiya şikayəti ona qaytarıldıqdan sonra) dövlət rüsumunu ödəmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh dövlət rüsumunu ödəməklə birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşıb nöqsanı aradan qaldırmış olsa da, həmin rüsumu apellyasiya şikayətinə əlavə edərək yenidən məhkəməyə müraciət etmək əvəzinə, qərardaddan şikayət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 02 aprel 2021-ci il tarixli və 28 aprel 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar