Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1965/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə Şamaxı rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(074)-574/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair Cavabdeh tərəfindən verilmiş vəsatətin təmin edilməməsinə dair Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)- 574/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 “Volkswagen Polo” markalı, H 025 628 dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınması nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-yə dəymiş ziyanın əvəzi olaraq 8222,24 manat pulun və ödənilmiş 103,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-574/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 8222,24 manat pul və dövlət rüsumu kimi ödənilmiş 103,40 manat pulun müştərək qaydada alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Qətnamədən Cavabdeh xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-574/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-574/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iştirakı və məlumatı olmadan qətnamə çıxarılmışdır. Həmin qətnaməyə əsasən Cavabdeh 8222,24 manat pul və dövlət rüsumu kimi ödənilmiş 103,40 manat pul müştərək qaydada alınaraq İddiaçı Sığorta Şirkəti ASCyə ödənilməsi qət edilmişdir. O, faktiki olaraq Sumqayıt şəhəri, 1-ci kvartal bina 53-də yaşayır. Şamaxı şəhəri, S.Torpaq küçəsi ev 5-də nə o nə də onun ailə üzvləri yaşayır. Elə bu səbəbdən nə bildiriş nə qətnamənin surəti ona verilib. Onun məlumatı olmadığından həmin məhkəmə prosesində iştirak etməmiş, ümumiyyətlə bu qətnamənin mövcudluğundan məlumatı olmamışdır. Daha sonra ona İddiaçı Sığortadan bildirilmişdir ki, qətnamə çıxıb onun da məlumatı olmadığından Məhkəməyə müraciət etmiş, lakin məhkəmə qətnamənin surətini ona verməmişdir. Onda əmin olmuşdur ki, belə bir qətnamə yoxdur. Düşünmüşdür ki, bu İddiaçı Sığortanın əməkdaşlarının oyunudur. xx.xx.2023-cü il tarixdə Şamaxı rayon İcra Şöbəsinin əməkdaşı onu çağırıb ona bildirmişdir ki, onun barəsində olan qətnamədən məlumatı yoxdur. Şamaxı rayon Məhkəməsinə gəlmiş, vəkillərlə əlaqəli öyrənmişdir ki, guya o, qətnaməni almışdır. O, heç bir qətnamə almamışdır. Heç bir yerə nə o nə ailə üzvləri qol çəkməyib. Əgər belə bir imza varsa da həmin imzanı saxtalaşdırıb çəkiblər buna tam məsuliyyəti ilə cavabdehdir ki, nə o nə ailə üzvləri qətnamənin surətini almayıb. Guya ona məhkəmədə ikinci dəfə rüsum ödəyib almağı bildirilib amma ona heç kim heç bir şey bildirməyib. Qətnamənin mövcudluğundan tam şəkildə xx.xx.2023-cü il tarixdə xəbərdar olmuşdur. Qətnaməni almağına dair imza varsa həmin sənəd üzrə ekspertiza keçirilərək həmin imzanın kimə məxsus olduğu müəyyən edilsin. Heç bir sənədə imza etməmişdir. Onun yerinə imza edən şəxsləri cəzalandırılsın. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-574/2022 nömrəli qərardadı ilə qətnamədən apellyasiya şikayətinin buraxılmış müddətin bərpa edilməsindən imtina edilməsi və apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmədiyi üçün geri qaytarılması qərara alınmışdır (hakim Natiq İsmayılov). Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi və işin apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xəbərnamədəki o imza ona məxsus deyil. Həmin imzanı poçt işçiləri işləri rahat olsun asan olsun deyə xəbərnaməyə qol çəkərək atıblar. Onun həmin imzadan ümiyyətlə xəbərim yoxdur. Adi anlayışı olan şəxs baxsa müəyyən edər ki imza onun deyildir. Bütün bunları müddətin bərpasına dair ərizəsində qeyd etmiş hətta dəfələrlə xahiş etmişdir ki imzanın onun olub olmamasına dair ekspertiza keçirilsin. Əgər ekspertiza keçirilsəydi müəyyən olunardı ki imza onun deyildir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-574/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)- 574/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Belə ki, işdən görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X7 filialının xx.xx.2023-cü il tarixli, 13/68 saylı məktubuna əsasən Cavabdeh ünvanlanan poçt izlənmə nömrəsi SS793253468AZ olan məktub xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən qəbul edilmişdir. Digər tərəfdən, Cavabdeh Şamaxı rayon İcra və Probasiya Şöbəsində xx.xx.2022-ci il tarixdə izahat vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət cavabdehin təqsiri ilə əlaqədar ötürülmüşdür. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-574/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-574/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1965/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1965/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver