Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1966/2023 21.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 4326/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı abonentin saldosundan müəyyən olunur ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 49-cu məhəllə, ev 21 ünvanında yerləşən fərdi evinə 6725,80 manat borc hesablanmışdır.
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış 6725,80 (altı min yeddi yüz iyirmi beş manat səksən qəpik) manat ziyanın silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən 21 nömrəli fərdi evi ona məxsusdur. Zəngilan rayonundan məcburi köçkün kimi ailəsi ilə Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən bina evində məskunlaşdıqlarından 2012-ci ildən etibarən demək olar ki, yalnız yay aylarında fərdi evdə yaşamışdırlar. Həmin evə öz vəsaiti hesabına qaz xətti çəkmişdir. Fərdi evdə yaşadıqları dövrdə sayğac 2 dəfə bloka düşmüş, cavabdehə xəbərdarlıq etmiş, onlar gələrək sayğacı açıb aparmış, normal hala gətirdikdən sonra yerinə bağlamışlar. İyul 2022-ci ildə istismar müddəti başa çatdığı üçün plombu üstündə olan, normal işləyən sayğacı açıb götürmüş, yeni sayğac quraşdırmışlar. Qaz sayğacı smart kartla işləmişdir. Vaxtaşırı karta pul yükləməklə qazdan istifadə etmişdir. O heç vaxt qaz sayğacı ilə maraqlanmamışdır. Həmin əraziyə xidmət edən qaz nəzarətçisi İlham Məmmədov hər ay gələrək paypoint aparatı vasitəsi ilə istifadə etdiyi qazın məbləğini ona söyləmiş və sayğaca nəzarət etmişdir. Fərdi evi 2022-ci ildə Qarabağ müharibəsi veteranı X1. Evi satarkən bütün kommunal xərcləri sıfırladıqdan sonra S.Mustafayev evi ondan təhvil almışdır. Cavabdeh iyul 2022-ci il tarixə qaz borcunun olmaması barədə ona arayış təqdim etmişdir. Evin yeni sahibi karta pul yüklədikcə, pulun yarısının silindiyini gördükdə, cavabdehə müraciət etmiş, cərimə yazıldığını aydınlaşdırmışdır. Cərimənin 2022-ci ildə istismar müddətinin başa çatması ilə əlaqədar açılıb götürülmüş sayğaca görə yazıldığını bildirmişlər. Cavabdeh müraciət edilməsinə baxmayaraq bu barədə sənəd təqdim etməsə də, şifahi olaraq sayğacın laboratoriyaya aparıldığını, sayğacın mənfiyə işlədiyini və bu səbəbdən 6725,80 manat məbləğində zərər hesablandığını demişdir. O cərimə ilə razı deyildir. Onun tərəfindən sayğaca müdaxilə edilməmiş, kartla işlədiyindən ümumiyyətlə müdaxilə edilməsinə ehtiyac olmamışdır. Hesab edir ki, daim qaz nəzarətçisinin nəzarətində olmuş, normal işləyən, plombu üstündə olan, yalnız istismar müddətinin başa çatması ilə əlaqədar açılıb götürülən sayğaca sonradan müdaxilə edilib-edilməməsinə o cavabdeh deyildir və o fərdi evdə yaşayarkən zavod-fabrik işlətməmişdir ki, 6725,80 manat məbləğində zərər hesablansın. Sayğac açılıb aparılarkən laboratoriyaya aparılması barədə ona heç nə bildirilməmişdir. O hansı məntiq və qanuna əsasən əsassız hesablanmış cəriməni ödəməlidir.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4326/2023 nömrəli qətnaməsi ilə (hakim Tağızadə Gülnarə) iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 49-cu məhəllə, ev 21 ünvanına hesablanmış 6725 (altı min yeddi yüz iyirmi beş) manat 80 (səkəsən) qəpik məbləğində borcun silinməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus sayğaca baxış keçirərkən, sayğacın mənfiyə işlədiyini aşkar etmiş, bununla bağlı yerində xx.xx.2022-ci il tarxli, ******* nömrəli akt tərtib edilmiş, Sumqayıt QİS-nin abonent bazasındakı **********00210 nömrəli abonent koduna 6725,80 manat məbləğində istifadə olunmuş qazın dəyəri qeyd olunmuşdur. Məhkəmə işi araşdıran zaman abonentin saldosuna nəzər yetirməmişdir. Belə ki, abonent saldosundan görünür ki, ödənişlər normal ödənilməmiş, yəni 2012-ci ilin, 2013-cü ilin, 2014-cü ilin, 2015-ci ilin və 2016-cı ilin qış aylarında çox az məbləğlər ödənilmiş, 2017-ci ildə isə ümumiyyətlə ödəniş olunmamışdır. 2018-ci ildə il ərzində cəmi 10 manat ödəniş olmuşdur. 2019-cu ilin qış aylarında isə 6 və ya 11 manat ödəniş olunmuşdur. 2021-ci ilin yanvar və fevral aylarında ümumiyyətlə heç bir ödəniş olunmamış, mart ayında 20 manat, aprel ayında isə cəmi 10 manat məbləğində ödəniş olunmuşdur. Abonent saldosundan gorünür ki, istifadə olunmuş təbii qazın dəyəri vaxtında tam ödənilmədiyi üçün nəticədə 6725,80 manat debitor borc yaranmışdır. Abonent ödəniş etmədiyi ayları və illəri belə əsaslandırmışdır ki, guya həmin vaxt orada yaşamamışdır. Lakin, məhkəməyə həqiqətən də həmin dövr ərzində orada yaşamadığı barədə heç bir təstiqedici sübut, o cümlədən işıq və su idarəsindən hər hansı bir sənəd və ya abonent saldosu təqdim etməmişdir. Abonent İddiaçı abonent kodunda 6725,80 manat pul istifadə olunmuş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi qətnamə çıxarılarkən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.
Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
11. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
12. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları:
13. 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
14. 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
16. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
17. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
20. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
25. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
26. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qaz idarəsinin əməkdaşalrı tərəfindən qaz sayğacı çxarılaraq başqa sayğac ilə əvəz edilmişdir. 2022-ci ilin sentyabr ayında evi başqa şəxsə satmış və həmin ilin oktyabr ayında qaz sayğacı həmin abonentin adına dəyişdirilmişdir. Evi satan zaman ona təqdim edilmiş abonent saldosunda borcun olmaması qeyd olunmuşdur.
27. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın surətindən (iş v. 39) görünür ki, abonent kodu **********00210 olan İddiaçı istifadəsində olan evdə İTRON tipli G4 markalı sayğac yeni sayğacla-ZENNER tipli G4 markalı sayğacla əvəzləşdirilmişdir. Sayğacın (plombun) çıxarılma səbəbi növbəti dövlət yoxlaması olmuşdur.
28. İş materiallarında olan abonent saldosundan (iş v. 5) görünür ki, abonent kodu **********00210 olan İddiaçı xx.xx.2022-ci il tarixə borcu “0” göstərilmişdir.
29. Məhkəmə iclasında müəyyən edildi ki, göstərilən sayğac nasaz olmuş, onun elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərq olmuş və həmin fərqə əsasən hesablama aparılaraq iddiaçının abonent hesabına 6725,80 manat borc daxil edilmişdir. İddiaçı isə məhkəmə iclasında bildirmişdir ki, qış ayalarında Sumqayıt şəhəri, 40-cı məhəllə, “Ordubad” marketin arxasında yerləşən qaçqınlar və məcburi köçkünlər məhəlləsində olan evdə, yay aylarında isə mübahisə olunan bağ evində yaşamışdır. 2022ci ildə uzun müddət həmin bağ evində yaşamadıqları üçün ödəniş etməmişdir.
30. Göründüyü kimi iddiaçının istifadəsində olmuş evə verilən təbii qazın sərfiyyatını ölçmək üçün quraşdırılmış (xx.xx.2022 tarixli aktla çıxarılmış) “Smart-kart” tipli sayğacın nasaz olması işin mübahisəsiz halıdır. Həmin sayğaca görə istifadə ediləcək təbii qazın dəyəri əvvəlcədən ödənilməli, ödənilmiş vəsait bitdikdə isə qaz verilişi dayanmalı idi. Cavabdeh tərəfindən hesablanmış borcun məbləği həmin nasaz sayğacın göstəricisinə əsaslanır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
32. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.
33. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir.
34. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən, bu Qanunun 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş hallarda ağıllı sayğacların quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olması enerji təchizatçıları tərəfindən əsaslandırılmalıdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı tərəf deyil cavabdeh özü daşıdığından, sayğacdakı nasazlıq cavabdeh tərəfindən vaxtında aradan qaldırılmadığından, o cümlədən sayğacın mənfiyə işləməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış mübahisələndirilən borcun silinməsi barədə irəli sürülmüş tələb əsaslıdır.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
37. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4326/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.