Məhkəmə qərarları › İş №2(105)-1969/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1969/2021

26.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1969/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(060)-93/2021 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil2 verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(060)-93/2021 saylı qərardadı ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı cavabdeh vərəsələrin ləyaqətsiz vərəsə sayılması, onların vərəsəlik hüququndan məhrum edilməsi, qanun üzrə vərəsəlik şəhadətnamələrinin və hüququnun dövlət qeydiyyatı haqqında reyestr çıxarışların ləğv edilməsi, iddiaçının vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 vəsatəti qismən təmin edilib, 17 mart 2021-ci ildə Bolnisi Rayon Məhkəməsinin Mülki İşlər Kollegiyasının icraatında olan X5 və Cavabdeh2 İddiaçı qarşı vərəsəliyin etibarsız hesab edilməsi, vərəsəliyin 1/3 hissəsinin onlar arasında bölüşdürülməsi tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmış və vəsatət qalan hissədə təmin olunmamışdır. İddiaçının nümayəndəsi Vəkil2 şikayət edərək Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(060)-93/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(060)-93/2021 saylı qərardadı ilə iddiaçının nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməyib işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh2 ləyaqətsiz vərəsə sayılması, onların vərəsəlik hüququndan məhrum edilməsi, qanun üzrə vərəsəlik şəhadətnamələrinin və hüququnun dövlət qeydiyyatı haqqında reyestr çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdehlər X4 və Cavabdeh2 qarşı cavabdeh vərəsələrin ləyaqətsiz vərəsə sayılması, onların vərəsəlik hüququndan məhrum edilməsi, cavabdehlərə 6 saylı notariat ofisi tərəfindən verilmiş 23 iyun 2018-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələrin etibarsız hesab edilməsi, cavabdehlərə təqdim edilmiş şəhadətnamələr əsasında onlara təqdim edilmiş dövlət qeydiyyatının və bunu təsdiq edən reyestr çıxarışlarının ləğv edilməsi və iddiaçının Sumqayıt şəhəri, Koroğlu prospekti, Avtovağzal ərazisində icarəsində olan 0.50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 412.27 kv.m., əsas sahəsi 393.07 kv.m, köməkçi sahəsi 19.12 kv.m olan əmlak kompleksi üzərində vərəsəlik hüququnun tanınması tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 yazılı vəsatət verərək göstərmişdir ki, X5 və Cavabdeh2 İddiaçı qarşı vərəsəliyin etibarsız hesab edilməsi, vərəsəliyin 1/3 hissəsinin onlar arasında bölüşdürülməsi tələbinə dair mülki iş Gürcüstan Respublikası Bolnisi Rayon Məhkəməsinin icraatındadır. Eləcə də, 31 mart 2021-ci ildə Bolnisi Rayon Məhkəməsinin X3 iddiaçı Aqil Məmmədovun cavabdeh AHHŞ Gürcüstan Ədliyyə Nazirliyi Milli Publik Reyestr agentliyinə qarşı uçot sənədinin etibarsız hesab edilməsi, qərarın etibarsız hesab edilməsi, publik reyestrdə qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlakın mülkiyyətçisinin tanınmasına dair iş daxil olmuşdur. Cavabdehlərin nümayəndəsi Gürcüstan Respublikasında başlamış məhkəmə prosesləri yekunlaşanadək, məhkəmədən iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçının nümayəndəsi Vəkil2 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 14 aprel 2021-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlər tərəfindən məhkəməyə təqdim edilən ərizədə iş üzrə icraatın dayandırılmasının səbəbləri və icraatın aparılmasının mümkünsüzlüyü barədə hər hansı qeyd göstərilməmişdir. həmin ərizədə cavabdehlərin iddiaçıya qarşı Gürcüstan Respublikasında məhkəmədə iddia qaldırması qeyd qeyd edilib və həmin iddialar ilə bağlı məlumatlar əks olunmuşdur. Həmin iddiaların hazırki işə aidiyyatı və bu iş üzrə qərarın qəbul edilməsinə maneəsi barədə hər hansı məlumatlar əks edilməmişdir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(060)-93/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi mülki iş üzrə icraatın dayandırılması barədə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 vəsatətində göstərilən məhz 17 mart 2021-ci ildə Bolnisi Rayon Məhkəməsinin Mülki İşlər X1 və Cavabdeh2 İddiaçı qarşı vərəsəliyin etibarsız hesab edilməsi, vərəsəliyin 1/3 hissəsinin onlar arasında bölüşdürülməsinə dair işin hazırki mülki mübahisə üçün preyudisial əhəmiyyəti vardır. Belə ki, 31 mart 2021-ci ildə Bolnisi Rayon Məhkəməsinin X3 iddiaçı Aqil Məmmədovun cavabdeh AHHŞ Gürcüstan Ədliyyə Nazirliyi Milli Publik Reyestr agentliyinə qarşı uçot sənədinin etibarsız hesab edilməsi, qərarın etibarsız hesab edilməsi, publik reyestrdə qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlakın mülkiyyətçisinin tanınmasına dair iş inzibati mübahisədir və bu baxımdan qeyd olunan mülki iş sözügedən inzibati iş üçün də preyudisial əhəmiyyət daşıyır. Ona görə də, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktların Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti olması, habelə bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) digər məhkəmədə baxılan mülki işin həllini özündən asılı etməsi anlamına gəlir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» AR Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, «Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın». AR Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, 17 mart 2021-ci ildə Bolnisi Rayon Məhkəməsinin Mülki İşlər Kollegiyasının icraatında olan X5 və Cavabdeh2 İddiaçı qarşı vərəsəliyin etibarsız hesab edilməsi, vərəsəliyin 1/3 hissəsinin onlar arasında bölüşdürülməsinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının nümayəndəsi Vəkil2 şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının nümayəndəsi Vəkil2 verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(060)-93/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar