Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1971/2022 08.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(012)-564/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1232.1 manat əsas borc, 32.33 manat dövlət rüsumu, ümumilikdə 1264.43 manat borcun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(012)-564/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 2(012)-564/2022 saylı,14 iyul 2022-ci il tarixli qərardadı ilə İddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəsi təmin edilməmiş və qətnamədən verilmiş apellyasiya şikayəti iddiaçıya geri qaytarılmışdır. Hazırda həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən təmin edilməmişdir. Elektron məhkəmə portalına nəzər yetirdikdə həmin qətnamənin portala xx.xx.2022-ci il tarixində yerləşdirildiyi məlum olur. Həmin qətnamə portala yerləşdirilsə də, nə bu barədə iddiaçının nümayəndəsinə elektron bildiriş (mail ünvanına və s.) göndərilmiş, nə də ki, kağız daşıyıcıda poçt vasitəsi ilə iddiaçının ünvanına göndərilmişdir. Həmin qətnamə ilə xx.xx.2022-ci il tarixində elektron məhkəmə portalından tanış olunmuşdur. Digər tərəfdən, həmin qətnamənin giriş hissəsinə nəzər yetirilsə görünər ki, qətnamə məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə deyil, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə qeyd edilmişdir. Məhz bu hal məhkəmə iclaslarında və qətnamənin elanında iştirak etmiş nümayəndənin çıxarılmış qətnamənin portala yerləşdirilməsindən məlumatsız qalmasına və bununla da, əsassız və qanunsuz hesab edilən qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinə səbəb olmuşdur. Mübahisələndirilən qətnamə maddi və prosessual hüquq pozuntularına yol verilməsi ilə çıxarıldığından İddiaçı İB-nin qanunla qorunan hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Bu hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və müddətin bərpası barədə ərizə əsassız şəkildə rədd edilmişdir. Sadalanan hallar nəzərə alınmalı və şikayət təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 2(012)-564/2022 saylı, xx.xx.2022-ci il tarixli, qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(012)-564/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Apellyasiya kollegiyası qeyd edir ki, iş materiallarından aydın olur ki, sözügedən qətnamə İddiaçı “Paşayeva” soyadlı nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə qəbul edilmişdir. Lakin iddiaçı qətnamədən apellyasiya şikayətini elektron kabinet vasitəsilə 16 iyun 2022-ci il tarixdə məhkəməyə təqdim etmiş, eyni zamanda müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Kollegiya müddətin bərpasının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini işin fakiki hallarına uyğun hesab edir. BBelə ki, sadalanan hallardan aydın olur ki, sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət təxminən 4 aydan çox ötürülmüşdür və müddətin bərpası barədə ərizədə qeyd olunan hallar üzürlü hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından qeyd olunan əsasla imtina etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(012)-564/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1971/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1971/2022
08.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver