Məhkəmə qərarları › İş №2(105)-1974/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1974/2023

26.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1974/2023 26.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı Qabı̇ l Canbala oğlu Məmmədyarovun iştirakı ilə, İddiaçı Məmmədyarov Qabı̇ l Canbala oğlunun Cavabdehnə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(012)-2961/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı (abonent kodu **********90221) sayğacla bağlı xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktların ləğv edilməsi və 1555,20 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlarla onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küşəsi, məhəllə 22 ünvanındakı (abonent kodu **********90221) sayğacla bağlı 1555,20 manat əsassız borc hesablanmışdır. Cavabdeh işçiləri tərəfindən qanusuzluqlara yol verilmişdir. Belə ki, sayğaca dair heç bir müdaxilə olmayıb, plomb sayğacın üzərində olub, sayğacda heç bir qüsur olmayıb. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinadən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlara əsasən ona hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küşəsi, məhəllə 22 ünvanındakı yaşadığı evə (abonent kodu: **********90221) baxış keçirilən zaman sayğaca müdaxilə edildiyi aşkar edilmişdir.

6. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş eyni tarixli, ******* saylı akta əsasən 12960 kub metr təbii qaz itkisi hesablnmışdır.

7. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küşəsi, məhəllə 22 ünvanındakı yaşadığı evə (abonent kodu: **********90221) baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşilməsi və keçən qazın qeyd edilməməsi aşkar edilmişdir.

8. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş eyni tarixli, ******* saylı akta əsasən 12960 kub metr təbii qaz itkisi hesablanmışdır.

9. İstehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küşəsi, məhəllə 22 ünvanındakı yaşadığı evə aid abonent kodu **********90221 olan Abonentin saldosundan görünür ki, 2023-cü ilin fevral və aprel aylarında qaz sərfiyyatı cəmi “25920 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 3110,40 manat məbləğində borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

10. Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(012)-2961/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın təmin edilməsi, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə aid abonent kodu **********90221 olan qaz sayğacına xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlara əsasən hesablanmış 3110,40 manat məbləğində borcun silinməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 6-cı bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5, 4.2, 6.7, 4.5, 4.7 və 4.8-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(012)-2961/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan qaz sayğacına müdaxilə etmək vasitəsindən istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla, yerində çəkilmiş fotoşəkillərlə rəsmiləşdirilmişdir. İddiaçının (abonentin) yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 3110,40 (üç min yüz on manat, qırx qəpik) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd edilən xüsusatları nəzərə alaraq iddia ərizəsinə sübut kimi əlavə edilmiş sənədlər əsasında təhqiqat aparsa da, bu təhqiqatı qarşılıqlı çəkişmə prinsipiylə deyil, yalnız iddiaçının iddia ərizəsində sərgilədiyi iddiaçının mövqeyi əsasında həyata keçirmişdir. Məhkəmə Qətnamə qəbul edərkən iddiaçının Qazpaylayıcı-İstehlakçı arasında bağlanmış Müqavilədən əsaslar gətirsə də, oradan yalnız İstehlakçıya münasibətdə öhdəlik və hüquqlarından müddəalara əsaslanmışdır. Sənədlərdən, GASREP (ödəniş cədvəli)-dən məlum olmuşdur ki, iddiaçı sayğaca müdaxilə etmək nəticəsində borc məbləği yaranmışdır. Göründüyü kimi, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə yalnız iddiaçının mövqeyindən araşdırma aparmışdır. Cavabdehin isə məhkəmə qətnaməsində ancaq bir cümləsi qeyd edilmişdir. İşdə olan abonent saldosunda (GASREP) əks olunan iddiaçının ödəniş intizamı araşdırılmadan məhkəmə mövcud qətnaməni qəbul etmişdir. İddia ərizəsinə əlavə edilən abonent saldosundan görünür ki, cavabdeh iddiaçının ünvanına, onun təqsirli hərəkətlərinə görə akt tərtib etmişdir. İddia ərizəsinə əlavə edilmiş abonent saldosunda əks olunan iddiaçının ödəniş intizamı hərtərəfli araşdırılması üçün cavabdeh tərəfin iddiaçı ilə dəlil əks dəlil gətirilmə və sənədlərlə sübutların təqdim edilməsinə şərait yaratmamış və çəkişmə prinsipini təmin etməməklə Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinin tələblərinə əməl etməmişdir. Məhkəmə aktı, aktda iştirak edən şəxsləri iddianı obyektiv araşdırmaq üçün şahid qismində məhkəməyə dəvət etməmişdir. Bundan əlavə iddiaçının öz iddia ərizəsinə əlavə edilmiş AGİS-dən çıxarış (ödəniş cədvəli) ətraflı araşdırılmamış və iddiaçının doğrudan da, təbii qazdan özünə sərf etdiyi tərzdə (yəni sayğacdan kənar xətt vasitəsilə) istifadə edilməsini əsaslandıran ödənişlərin müntəzəmliliyinə diqqət yetirilməmişdir. Müqayisəli şəkildə təhlil etdikdə iddiaçının yuxarıda göstərilən ödəniş nəticələri təbii qazın talanmasına əsas dəlildir. Yuxarıda göstərilən nəticələr bunu deməyə əsas verir ki, iddiaçı təbii qazdan cərimə tədbiqindən öncə özünə sərf etdiyi tərzdə və üsulda (yəni sayğaca müdaxilə etməklə) qeyri-qanuni olaraq istifadə edirdi. Bu fakt Cavabdeh aktlarda əks olunan mövqeyini bir daha sübut edir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.2.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, İddiaçının GASREP-dən çıxarışında (ödəniş cədvəlində) illər üzrə aparılmış ödənişlərin müqayisəli təhlili bunu deməyə əsas verir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Bunu isə məhkəmə araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

16. İş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 13. 6-cı bənd. Qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” 4.2-ci bənd - Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 5.5-ci bənd - qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 4.5-ci bənd - qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bənd - sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd - fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(012)-2961/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, abonent İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küşəsi, məhəllə 22 ünvanındakı yaşadığı evə (abonent kodu: **********90221) baxış keçirilən zaman sayğaca müdaxilə olunduğu aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tələbnamələrə əsasən təbii qaz itkisi cəmi 12960 kub metr qiymtləndirilmiş, abonentə “25920 m3 ” qaz itkisinə görə 3110,40 manat borc hesablanmışdır.

24. Göründüyü kimi iddiaçı (istehlakçı) tərəfindən həmin borc məbləği mübahisələndirilmişdir.

25. Birinci intansiya məhkəməsi iddianı təmin edərək, möqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya iki dəfəyə hər birində 1555,20 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlara əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlara əsasən hesablanmış 3110,40 manat borc silinməlidir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Sayğacda müdaxilənin aşkar edilməsi halı isə özlüyündə mənzildən kənarda quraşdırılmış sayğaca müdaxilənin abonent tərəfindən edilməsi nəticəsinə gəlməyə əsas verən hal kimi qiymətləndirilə bilməz. Qeyd edildiyi kimi fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına qaz paylayıcısı cavabdehlik daşıyır.

31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(012)-2961/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

32. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(012)-2961/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar