Məhkəmə qərarları › İş №2(105)-1975/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1975/2023

26.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1975/2023 26.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Heydər Əliyev adına X3”nun Cavabdehnə qarşı «tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(012)- 490/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı «Heydər Əliyev adına X3» Cavabdeh MTK-ya qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh MTK tərəfindən 50 metr uzunluğunda, 15 metr enində kiçik ölçülü futbol və ya voleybol meydançası üçün nəzərdə tutulmuş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı «Heydər Əliyev adına X3» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Dş-300 mm-lik nafta xəttinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh MTK tərəfindən 50 metr uzunluğunda, 15 metr enində kiçik ölçülü futbol və ya voleybol meydançası üçün nəzərdə tutulmuş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Heydər Əliyev adına X3”na məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh MTK tərəfindən 50 metr uzunluğunda, 15 metr enində kiçik ölçülü futbol və ya voleybol meydançasının tikilməsi üçün nəzərdə tutulan betonlanmış ərazinin dəmir konstruksiyalardan istifadə etməklə hasara alınması aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan işlərin qanunazidd olduğu, özünü iş icraçısı kimi təqdim etmiş Qənbər adlı şəxsə izah edilmiş və görülən işlərin aparılmamasına dair ona şifahi xəbərdarlıq olunmuş, lakin həmin şəxs ərazinin Cavabdeh yaşayış kompleksinə aid olduğunu bildirərək işləri davam etdirəcəyini bildirmişdir. Cavabdeh tikinti apardığı ərazinin ona aid olması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə həmin əraziyə yenidən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdehə edilmiş şifahi xəbərdarlığa baxmayaraq tikinti işləri tam başa çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, «Heydər Əliyev adına X3» Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq aralarında boru kəmərləri, həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, neft boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bu səbəbdən də, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə razıdır. Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(012)-490/2023 qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı «Heydər Əliyev adına X3»na məxsus neft məhlulu nəql edən Dş-300 mm-lik neft boru kəmərinin mühafizə zonasının 50 metrlik məsafəsində Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Güzdək qəsəbə ərazisində özbaşına (qanunsuz) tikili olan meydançanın (futbol və ya voleybol) cavabdehin hesabına sökülməsi, Cavabdeh MTK-dan aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitinin alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(012)-490/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən ərazi Cavabdeh MTK-nın faktiki sahiblik və istifadəsində olmaqla yüksək mərtəbəli binalar inşa olunur. Həmin ərazidə bir neçə bina inşa olunmuş, tam olaraq yaşayışa təhvil verilmiş və sakinlər üçün MTK-nın adına uyğun olaraq ağaclıq ərazi ilə əhatə olunmuşdur. Binalar artıq uzun müddətdir ki, həmin ərazidə mövcuddur. Bina sakinləri üçün əlverişli mühitin yaradılması məqsədi ilə MTK tərəfindən həmin ərazidə yerləşən digər bir boru kəmərinin mühafizə zolağına düşmədən dəmir konstruksiyalı və torla əhatə olunan tikili quraşdırılmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, NEZ-ə məxsus Dş-300 mm-lik neft boru kəmərinin nə zaman çəkilməsidir. Qeyd edilən meydança artıq mövcud olduqdan sonra boru çəkildiyindən həmin boruya görə mühafizə zolağına düşmüşdür. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək və sadəcə mülahizələrə əsaslanan qərar qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən mövcud araşdırmanı tam aparmamış, sorğuların göndərilərək cavablarının təqdim olunması üçün şərait yaratmamış və bununla da mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə mövcud boruların nə vaxt çəkildiyini, bu tikilinin özbaşına tikili sayılıb-sayılmadığını sübut etməmişdir. Halbuki tərəflərindən bununla bağlı arqumentlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(012)-490/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Kollegiya hesab edir ki,hazırkı mübahisə Cənnət Park MTK-nın sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, bu da iş üzrə tərəflərin, eləcə də işdə iştirak edən digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iş məhkəmə aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edildiyindən və baxıldığından, apellyasiya şikayəti qismən təmin edilməklə, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və işə aidiyyəti üzrə baxılması üçün iş məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387, 397-398, 402.2.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(012)-490/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı “Heydər Əliyev adına X3”nun Cavabdehnə qarşı «tikilinin sökülməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar