Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1976/2023 19.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-989/2023 saylı qətnaməsindən iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 25246.63 manat sığorta ödənişi və ödənilmiş 165.74 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan “Qaz 3110” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" təmir mərkəzi tərəfindən tərtib olunmuş zərər aktına əsasən avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 30330.63 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə, azadolma 100 manat çıxılmaqla 30230.63 manat sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-989/2023 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 6305 (altı min üç yüz beş) manat sığorta ödənişi və dövlət rüsumuna görə 124.74 (yüz iyirmi dörd manat yetmiş dörd qəpik) manat olmaqla, ümumilikdə, cəmi 6429.74 (altı min dörd yüz iyirmi doqquz manat yetmiş dörd qəpik) manat pul vəsaitinin subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaitindən 12 (on iki) manat hissəsinin iddiaçı "xxxx" ASC-dən, 38 (otuz səkkiz) manat hissəsinin isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində “Range Rover” markalı, ** HG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 25246.63 manat müəyyən edilmiş, ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği 22778 manat müəyyən edilmiş, baş vermiş yol- nəqliyyat hadisəsində hər iki sürücünün təqsirli olduğundan dəymiş zərərin yarısı, 11389 (22778/2=11389) manat dəymiş zərərdən 100 manat azadolma məbləği və 4984 manat ödənilmiş sığorta məbləği çıxılmaqla, yekun 6305 manat pul vəsaitinin tutulması məqəsədəuyğun hesab edilməlidir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 936.1, 936.2, 1096, 1097, 1108, Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 aprel 2023-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-989/2023 saylı qətnaməsinin qismən, iddianın təmin olunmamış hissəsində ləğv edərək iş üzrə yeni qətnamə çıxarılması, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş avtonəqliyyat vasitəsinin təmiri üçün fərdi sahibkar X5 tərəfindən şirkətə təqdim olunmuş elektron qaimə, Ehtiyat hissələri və xidmətə dair akt, təmir olunmuş nəqliyyat vasitəsinin təmir olunduqdan sonra sığortalıya təhvil verilməsi ilə bağlı Təhvil-təslim aktı və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı sığortalı nəqliyyat vasitəsinin hadisədən əvvəlki vəziyyətə qaytarılması üçün təmir xərclərini sübut edən möhtəbər sübutlardır. Qanunvericiliyin tələbinə əsasən sığorta şirkəti sığortalı əmlaka zərər dəydikdə ya əmlak sahibi ilə razılaşırılmaqla əmlakının dəyərini ödəməli və ya belə razılıq olmadıqda sığortalı əmlakı zərər dəyməmişdən əvvəlki vəziyyətinə çatdırmalıdır. Bu qanunvericiliyin birbaşa göstərişidir. Belə olan halda sığortalı ilə sığorta şirkəti arasında zərər məbləği ilə müvafiq razılıq olmadığından zərərçəkmiş əmlak sığorta şirkəti tərəfindən əvvəlki vəziyyətinə çatdırılmışdır. Bu zaman mövcud mümkün olan bazar sığorta şirkəti tərəfindən araşdırılmış və münasib qiymətə hansı hal mümkündürsə o edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, 9/1789 saylı ekspertiza rəyində “Nəzəri hesablama yolu ilə müəyyən edilmişdir ki, ** HG *** dövlət qeydiyyat nişanlı, «Range Rover markalı nəqliyyat vasitəsinə dəymiş zərər köhnəlmə tətbiq edilməklə 22278 manat müəyyən edilmişdir”. Bundan başqa rəydə ekspert qeyd əlavə edərək, qeyddə avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq qeyd olunan məbləğin təmir işlərinin dəyərində qismən dəyişiklik olmasının istisna edilmədiyini bildirmişdir. Göründüyü kimi ekspertiza öz rəyini sual altında qoyaraq rəyin möhtəbərliyini də sual altında qoyur. Belə olan halda qeyd olunan rəyin iş üzrə yeganə sübut kimi qiymətləndirilməsi düzgün deyildir. Məhkəmə qətnamə çıxararkən sübutları birgə qiymətləndirərək yekun bir qənatə gəlməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehdən dəymiş zərərə görə sığorta ödənişini icra etdiyidən dəymiş ziyana görə 25246.63 manat sığorta ödənişi və ödənilmiş 165.74 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə isə iddianı qismən təmin etmişdir. Məhkəmə bununla maddi hüquq normalarını səhv tətbiq etmişdir. Baş vermiş hadisə iddiaçı tərəfindən tam sığorta növü ilə sığortalanmış avtomobilə dəymiş ziyan üzrədir. Həmin hadisədə hər iki tərəfin təqsiri olsa da məhkəmə qətnamədə icbari sığorta haqqında qanunvericiliyə istinad etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, müqavilə tam sığorta müqaviləsidir. Bu zaman qarşı tərəf dəymiş ziyanı tam həcmdə ödəməlidir. Bu mövqeyi Mülki Məcəllənin 925, 1097 və 21-ci maddələri ilə əsaslandırır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 21-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Nəqliyyat vasitəsinə ümumilikdə dəymiş zərər 30230,63 manat olmuşdur. "xxxx" ASC icbari sığorta qaydasında 4984 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Qalıq 25246,63 manatı da zərər vurandan tələb edir. Hər iki tərəf barəsində protokol tərtib olunubsa, icbari sığortanın yuxarı həddi olan 5000 manata münasibətdə tərəflər bərabər məsuliyyət daşıyırlar. Tam sığortaya münasibətdə məsələni Mülki Məcəllə tənzimləyir. Tam sığorta üzrə qarşı tərəf tam həcmdə məsuliyyət daşıyır. Təşkilat icbari sığorta məbləğini alıb, qarşı tərəf də təmsil etdiyi sığortaya müraciət etməklə bunu ala bilərdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-989/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun maşınına 8000 manata yaxın ziyan dəyib, bunu özü ödəyib. Sığorta şirkətinə müraciət edəndə artıq məlum olub ki, icbari sığorta məbləği iddiaçı tərəfindən alınıb. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-989/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia əsassızdır. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində cavabdeh «VAZ-3110» markalı avtomobillə dönmə əməliyyatı edərkən əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobil yüksək sürətlə hərəkət etdiyindən ona çırpılıb və hər iki tərəfə ziyan dəyib. İddiaçı cavabdehin icbari sığorta qurumundan 5000 manatı cavabdehə məlumat vermədən əldə edib. Ziyanın bölünməsi tərəflərin təqsir dərəcəsinə uyğun müəyyənləşdirməlidir. Təqsirin dərəcəsini müəyyən etmək mümkün deyilsə, məsuliyyət bərabərdir. Hər iki tərəfin təqsiri varsa, hər tərəf öz nəqliyyat vasitəsini təmir etməlidir. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Ümumi əsasları Mülki Məcəllənin Komentariyası açıqlayır. Məsələn bir maşın surətlə gəlirsə, digər maşın da dönmə əməliyyatını gec icra edirsə, zərərin daha çox hissəsi yüksək surətlə gələn tərəfin üzərinə düşür. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-989/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir.
15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları nəzərdə tutulmuşdur. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 aprel 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən sığorta hadisəsi sığorta təminatı altına alınmış riskin reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır. Sığorta hadisəsi konkret bir hadisədir, haldır, lakin onun baş verməsi nəticəsində bir və ya daha çox zərərçəkmiş (nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı üçüncü şəxslər) ola bilər. Bundan başqa Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 40.4-cü bəndində qeyd olunmuşdur ki, eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır.
17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
20. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, iddiaçı təşkilat tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində, yəni dəymiş zərərin məbləğinə dair hissədə mübahisələndirilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Birinci instansiya məhkəməsinin məhkəmə hazırlıq iclasında iştirak etmiş Məhkəmə Ekspertiza Mərkəzinin iqtisadi ekspert şöbəsinin aparıcı eksperti X7 izahatında göstərmişdir ki, “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin qüsur aktına əsasən 30333 manat maddi ziyan dəymişdir. Yeni ehtiyat hissələrinin qiymətlərinə, əgər qiymətlərin düzgünlüyü təsdiqini tapırsa hadisə baş verən tarixə illik 4 faiz aşınma tətbiq olunur. Ehtiyat hissələri yeni olmaqla onlara da aşınma tətbiq olunur. Qeyd olunan məbləğlər orta bazar qiyməti ən maksimal olduğu üçün orta bazar qiyməti tətbiq olunmuşdur. Avtomobilin hansı hissələrinin sıradan çıxmasını ekspert müəyyən edə bilməz və rəy tərtib olunarkən yalnız tərtib olunmuş qüsur aktına əsasən dəymiş zərər hesablanır.
23. xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də İ-MİC2559/1 saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 132000 manat dəyərində sığortalanmış, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Range Rover” markalı, ** HG *** qeydiyyat nişanlı avtomobil şərtsiz azadolma məbləği 100 manat olmaqla, sığorta haqqı 3168 manat dəyərində müəyyən edilmişdir.
24. Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 xəsarət alması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
25. Qərardan daha sonra görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 13.00-da idarə etdiyi “Qaz 3110” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan şəhəri, H.Əliyev prospekti ilə köhnə bazar istiqamətindən Xırdalan dairəsi istiqamətində saatda 10 km/saat sürətlə hərəkətdə olan zaman “At heykəli” deyilən ərazidə yolun əks istiqamətinin boş olduğunu görüb M.Ə.Rəsulzadə küçəsinə dönmə əməliyyatı etmək istəmişdir. Bu zaman əks istiqamətdə hərəkətdə olan “Rang Rover” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətinə davam edərək onun idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə həmin vaxt onun avtomobilində olan arvadı X1 və bədənindən xəsarətlər almışdır. Həmçinin, “Rang Rover” markalı avtomobilin ön sağ hissəsi, onun avtomobilinin isə sağ arxa hissəsi əzilmişdir.
26. Qərardan görünür ki, izahatı alınmış X4 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 13.00 radələrində idarə etdiyi “Rang Rover” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, H.Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətindən, köhnə bazar istiqamətində saatda 80 km/saat sürətlə hərəkətdə olmuş, “At heykəli” deyilən ərazidə hərəkətdə olduğu yolun boş olduğunu görüb hərəkətinə davam edən zaman əks istiqamətdə hərəkətdə olan “Qaz 3110” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəfildən onun hərəkət yoluna çıxaraq M.Ə.Rəsulzadə küçəsinə dönmə əməliyyatı etmək istəmişdir. O, toqquşmadan yayınmaq üçün sükanı sola döndərsə də toqquşmadan yayına bilməmiş, nəticədə onun idarə etdiyi avtomobillə “Qaz 3110” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, avtomobilin arxa sağ hissəsi, onun avtomobilinin isə ön sağ hissəsi əzilmiş, xəsarət alan olmamışdır.
27. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Abşeron DYPİ bildirir ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında saat 13:00-da toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh mülkiyyətində olan, hadisə baş verən anda Cavabdeh tərəfindən idarə olunmuş “Qaz 3110” minik markalı, ** BK *** qeydiyyat nişanlı avtomobil ilə X2 mülkiyyətində olan, hadisə baş verən anda X4 tərəfindən idarə olunmuş “Range Rover” markalı, 99HG 555 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Qaz 3110” minik markalı, ** BK *** qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsinə, “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin isə ön sağ hissəsinə ziyan dəymişdir.
28. xx.xx.2022-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində X4 onun tərəfindən idarə olunmuş “Range Rover” minik markalı, ** HG *** qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat aşmağa görə yol hərəkət qaydalarını pozmuş, nəticədə sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 manat dəyərində cərimə olunmuşdur.
29. xx.xx.2022-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Cavabdeh onun tərəfindən idarə olunmuş “Qaz 3110” minik markalı, ** BK *** qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş nəticədə sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən təqsirli bilinərək 60 manat dəyərində cərimə olunmuşdur.
30. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış “Range Rover” minik markalı, ** HG *** qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 30333.63 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxs X3 təhvil verilmişdir.
31. xx.xx.2022-ci il tarixli, 40 saylı qüsur aktından görünür ki, “Range Rover” markalı, ** HG *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 30330.63 manat hesablanmışdır.
32. Elektron qaimədən görünür ki, "xxxx" ASC tərəfindən 30330.63 manat pul vəsaiti köçürülmüşdür.
33. "xxxx" ASC-nin «Atəşgah Sığorta Şirkəti» ASC-yə ünvanladığı xx.xx.2022ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC subroqasiya tələbi hüququna əsasən 5000 manat sığorta ödənişinin ödənilməsini xahiş etmişdir.
34. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə sığorta ödənişi məbləği olaraq 25246.63 manat pul vəsaitinin 15 gün müddətinə ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1789 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 30649 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 28249 manat; təmir-bərpa işlərinin qiyməti 2400 manat. Rəydən daha sonra görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 22278 manat müəyyən edilir.
34. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində “Range Rover” markalı, ** HG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 25246.63 manat müəyyən edilmiş, ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği 22778 manat müəyyən edilmiş, baş vermiş yol-nəqliyyat hadisəsində hər iki sürücünün təqsirli olduğundan dəymiş zərərin yarısı, 11389 (22778/2=11389) manat dəymiş zərərdən 100 manat azadolma məbləği və 4984 manat ödənilmiş sığorta məbləği çıxılmaqla, yekun 6305 manat pul vəsaitinin cavabdehdən tutulması məqəsədəuyğun hesab edilməlidir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı təşkilat tərəfindən sığortalanmış “Range Rover” markalı, ** HG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər 25246.63 manat müəyyən edilmiş, dəymiş zərərin hesablanması üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği 22778 manat müəyyən edilmişdir.
38. İş materialları ilə müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə hər iki sürücü barəsində inzibati xəta barədə protokol tərtib edilmiş, bununla da hadisədə hər iki sürücü təqsirli bilinmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi hər iki sürücünün təqsiri nəticəsində baş verdiyindən, yəni hadisədə iddiaçı təşkilat tərəfindən sığortalanmış nəqliyyat vasitəsinin sürücüsü də təqsirli olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq dəymiş zərərin yarı hissəsinin digər sürücüdən tutulması nəticəsinə gəlmişdir.
40. Belə olan halda ekspert rəyi ilə iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 22778 manat müəyyən edildiyindən və qəzada hər iki sürücü təqsirli olduğundan dəymiş zərərin yarısı, yəni 11389 manat hissəsi cavabdehdən tutulmalıdır. Bundan başqa cavabdehə məxsus nəqliyyat vasitəsini icbari qaydada sığortalayan sığorta təşkilatı tərəfindən iddiaçı təşkilata 4984 manat sığorta məbləği ödənilmişdir.
41. Belə olduğu təqdirdə dəymiş zərərdən 100 manat azadolma məbləği və 4984 manat ödənilmiş sığorta məbləği çıxılmaqla, yekun 6305 manat pul vəsaiti cavabdehdən tutulmalıdır.
42. Məhkəmə kollegiyası iddiaçının ekspert rəyinin əsaslı sayılmaması, nəqliyyat vasitəsinə dəymiş zərərin əsaslı olmaması barədə dəlilinə qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir.
43. Məhkəmə kollegiyası qeyd edur ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun da bir hissəsinin cavabdehdən tutulması qənaətinə gəlməkdə məhkəmə haqlı olmuşdur.
44. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ekspertiza xərci də tərəflər arasında bölünməlidir.
45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir.
46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.
48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-989/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-989/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.