Məhkəmə qərarları › İş №2(105)-1980/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1980/2021

09.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1980/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2(012)-188/2021 saylı qətnaməsindən Cavabdeh açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2(012)-188/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı istehlakçı hüququnun müdafiəsi və cərimə borcunun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 569,20 manat məbləğində borcun silinməsi qət edilmiş, Cavabdeh açıq səhmdar cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən ona məxsus Abşeron rayonu, Masazır kəndi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 569,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, məcburi köçkün kimi Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsindəki 6 saylı evdə müvəqqəti məskunlaşmışdır, həmin ünvanda yerləşən su sayğacı onun adınadır. 2005-ci ildən həmin ünvana boş ərazilərdən keçməklə öz hesabına su xətti çəkmiş, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən həmin xəttin üzərinə su sayğacı qoyulmuş və 2014-cü ilə kimi həmin sudan istifadə edilmişdir. 2014-cü ildən etibarən su xətti keçən ərazilərdə fərdi yaşayış evlərinin tikilməsi və qazıntı işlərinin aparılması nəticəsində həmin su xətti dağılmışdır. Bundan sonra suyu öz vəsaitləri hesabına almağa başlamış və bu günə kimi bu vəziyyət davam etməkdədir. Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən yeni su xətti çəkilməsinə baxmayaraq, həmin xətt hələ də istifadəyə verilməmişdir. Cavabdeh açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən 30 yanvar 2020-ci il tarixli, 02/1/02-3/1-1087 saylı akt tərtib edilərək guya onun sudan istifadəyə görə 569,20 manat borcu olduğu bildirilmişdir. Bu aktın tərtib olunması qanunsuz və əsassızdır. Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən əsassız olaraq ona yazılmış 569,20 manat cərimə borcu silinməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. 28 yanvar 2021-ci il tarixdə keçirilməli olan məhkəmə iclasının təxirə salınması ilə əlaqədar Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət olunsa da, işə cavabdehin iştirakı olmadan baxılmaqla, qanunsuz qətnamə qəbul olunmuşdur. Su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətlər və bununla əlaqədar yaranan digər məsələlər “Su təchizatı və tullantı suları haqqında” qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sudan istifadə Qaydaları” haqqında qərarı ilə tənzimlənir. Abşeron rayonu, Masazır kəndi, M.S.ünvan 1 ünvanında Kəlbəcər rayonundan məcburi köçkün kimi məskunlaşıb ailəsi ilə yaşayan İddiaçı ilə Cavabdeh açıq səhmdar cəmiyyətinin Abşeron Sükanal İdarəsi arasında 28622161 saylı, 01.01.2005-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. İddiaçı əhali qrupu abonentinə aid olmaqla, ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə ailə tərkibi 6 nəfər olmaqla su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərindən istifadə etmişdir, istehlakçı abonentin yaşadığı evə su axılmasının ölçülməsi məqsədilə 27.02.2020-ci il tarixdə CSS-20 tipli, 19097515 nömrəli sayğac quraşdırılmışdır. İddiaçı borclu kimi ötən müddət ərzində, yəni 2011-ci ildən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə görə ayda 15,00 manat ödəməli olduğu halda, bunu etməmiş, yalnız bir dəfə 13.12.2019-cu il tarixdə 9,70 manat ödəniş etmişdir və nəticədə onun Cavabdeh açıq səhmdar cəmiyyətinin Abşeron Sukanal İdarəsinə 569,20 manat məbləğində borcu yaranmışdır. Cavabdeh açıq səhmdar cəmiyyətinin Abşeron Sukanal idarəsi tərəfindən borcun ödənilməsi tələbi ilə borclunun ünvanına hər ay borc məbləğinin bildirişləri xəbərdarlıq kimi təqdim olunmuşdur. Lakin borclu xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. Əsgərov X10 rayonu, Masazır kəndi, M.S.ünvan 1 ünvanında Kəlbəcər rayonundan məcburi köçkün kimi məskunlaşdığı evdə ailə üzvləri ilə birlikdə su təchizatından paylayıcı şəbəkəyə qoşulmaqla d=15 mm olan boru (birləşmə) vasitəsi ilə istifadə etmişdir. İddiaçı məcburi köçkün kimi Gəncə şəhərində qeydiyyatdadır. Buna görə də onun eyni vaxtda Abşeron rayonunda da məskunlaşdığı evdə məcburi köçkünlük statusundan istifadəsi yolerilməzdir. “Su təchizatı və tullantı suları haqqında” qanununun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqını ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizat obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərinə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsinin qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat müəyyən edilməklə, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının 2016-cı il 13 may tarixli, 6 nömrəli qərarı ilə 16 may 2016-cı ildən 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat olmuşdur. Hazırda Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli, 5 nömrəli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat müəyyən edilməklə, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin qanunun 59-cu maddəsinin 3-cü bəndinə əsasən-su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündə sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Keçən illər ərzində, yəni 01.02.2011-ci ildən 2021ci ilin aprel ayına kimi İddiaçı sukanal idarəsinə müraciət etmədən, məlumatlandırmadan su təchizatından istifadə etməklə, bu günə kimi ödənişlərdən yayınmışdır. Əgər abonent bazasında iddiaçı 6 nəfərlə Abşeron rayonu, Masazır kəndi M.S.ünvan 1 ünvanında qeydiyyatda olmaqla, 2019-cu il tarixdə su təchizatı və kanalizasiya xidmətlərinə görə ödəniş etmişdirsə, həmin tarixə kimi su təchizatı müəssisəsinə borcunun yaranma səbəbi ilə müraciət etməmişdirsə, deməli borcu qəbu etmiş olur. İddiaçının yaşadığı evdə ailə tərkibi 6 nəfər olmaqla işlətdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə borcu 569,20 manat təşkil etməsinə baxmayaraq abonent ödənişdən yayınmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. 01 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. 01 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış 30.01.2020-ci il tarixli, 02/1/02-3/1-1087 saylı məktubun surətindən görünür ki, onun hazırda su təchizatından istifadəyə görə abonent hesabında 569,20 manat borc vardır. Qeyd edilən borc Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən ailə tərkibinə uyğun olaraq hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Əsgərov X8 rayonundan məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşmışdır. İş materiallarında olan 26.09.2014-cü il tarixli 006352 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ (ikinci) qrup əlildir. İş materiallarında olan Cavabdeh açıq səhmdar cəmiyyətinin 14.10.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh açıq səhmdar cəmiyyətinə təqdim olunmuş adlı siyahıda 01.01.2017-ci ilədək xidmətlərdən istifadəyə görə məcburi köçkünlük imtiyazının nəzərə alınması üçün yalnız 6 (altı) nəfərin adı qeyd edilmiş (İddiaçı oglu, X4, X12, X7, X13, X5) və onlar tərəfindən istifadə olunan su təchizatı xidmətinə görə imtiyazları (güzəştləri) nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün üçün vahid aylıq müavinət müəyyən edilmişdir. Mövcud Fərmanın icrası ilə əlaqədar olaraq 01.01.2017-ci il tarixindən İddiaçı və ailə üzvləri üçün imtiyaz (güzəşt) ləğv edilmişdir. 01.01.2017-ci il tarixindən hazırki vaxtadək İddiaçı məxsus mənzildə istifadə olunan su sərfinin dəyəri ödənilməmişdir və 01.10.2020-ci il tarixinə 669,65 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 03.11.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən Komitəyə təqdim edilmiş məcburi köçkünlərin adlı siyahısında Kəlbəcər rayonundan məcburi köçkün olan İddiaçı ailə tərkibi 2011-ci ildə 4 nəfər, 2012- 2015-ci illərdə 6 nəfər, 2016-cı ildə isə 4 nəfər olmaqla adları "Abşeron rayonu, Masazır kəndi" ünvanı üzrə qeyd olunmuş və sözügedən ailənin adambaşına su sərfiyyatına görə 2011-2015-ci illərdə 1 kubmetr suyun qiyməti 36 qəpik, aylıq istehlak norması 5 kubmetr (0,36 x 5 =1,80 manat), 2016-cı ildə 1 kubmetr su 50 qəpik, aylıq istehlak norması 5 kubmetr (2,50 manat ayda) olmaqla həmin illər üzrə 31.12.2016-cı il tarixədək Komitə tərəfindən mərkəzləşmiş qaydada Cavabdeh açıq səhmdar cəmiyyətinə vəsait ödənilmişdir. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin birinci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 61-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən istehlakçılar bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Həmin Qaydaların 7.1-ci bəndinə görə suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ailə tərkibi 6 nəfər olmaqla Abşeron rayonu, Masazır kəndi M.S.Ordubadi küçəsi, 6 saylı evdə məskunlaşmış və su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərindən istifadə etmişdir. İddiaçı borclu kimi ötən müddət ərzində, yəni 2011-ci ildən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə görə ayda 15,00 manat ödəməli olduğu halda bunu etməmiş, yalnız bir dəfə 13.12.2019-cu il tarixdə 9,70 manat ödəniş etmişdir və nəticədə onun Cavabdeh açıq səhmdar cəmiyyətinin Abşeron Sukanal İdarəsinə 569,20 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunvericilikdə verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus fərdi yaşayış evində faktiki yaşayan deyil, qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31.01.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat, 13 may 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının silinməsini tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2(012)-188/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı istehlakçı hüququnun müdafiəsi və cərimə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar