Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1980/2023 19.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar söz: magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evinin və daş hasarın sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-31/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin balans və istismarında olan 53 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 may qəsəbəsi ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənimiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı , Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 may qəsəbəsi ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən “10” metr məsafədə qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün xx.xx.2020-cı il tarixli SOCAR**********30490075X00200 saylı məktubla Abşeron Rayon İcra Hakimiyyətinin başçısına və xx.xx.2020-cı il tarixli SOCAR**********30490075X00199 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti öz növbəsində 14 iyul 2020-ci il tarixli, 6/X/1004 nömrəli cavab məktubunda məsələyə dair münasibət bildirərək göstərmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müraciətdə göstərilən tikinti işinin inşasına heç bir icazə sənədi verilməmişdir. Eyni zamanda sözügedən tikili ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə müraciət edilmişdir. Onu da bildirir ki, hasar və evi Cavabdeh1 tikmişdir, torpağın sahibi də Cavabdeh1dır.
3. İddia tələbinə dair etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-31/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Abşeron Magistral X8 balans və istismarında olan 530 mm diametrli 25 atmosfer təzyiqli «QaradağSumqayıt» yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 may qəsəbəsi ərazisindən keçən hissəsində, magistral qaz kəmərindən 18-20 metr və 10 metr məsafələrdə Cavabdeh1 tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evinin sökülməsi, tikinti mal-materiallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumu olaraq 10 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinə ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi, SAP (XİİS) hesabı- X2, kod-210005; VÖEN**********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİKCTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************, iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməməsi qət edlmişdir (hakim Elman Məmmədov).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq SOCAR “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 may qəsəbəsi ərazisindən keçən hissəsində magistral qaz kəmərindən 18-20 metr və 10 metr məsafələrdə daş hasar və fərdi yaşayış evi inşa edilmişdir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.7, 2.11, 2.13, 2.23, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-31/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunan AR ƏMDK Respublikası Mülki yanında X1 Məcəllənin 152-ci maddəsinin tələbinin pozuntusu Təşkili üzrə Dövlət Agentliyindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda Abşeron Ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, sözü gedən ünvanda aparılan fərdi yaşayış evinin tikintisi Abşeron rayon Hökməli bələdiyyəsinin 20 oktyabr 2005-ci il tarixli, 23 nömrəli qərarına əsasən X5 ayrılan torpaq sahəsinin hüdudları daxilində.olması qeyd olunur. Bu izahat özlüyündə bildiri ki, həmin ərazi Hökməli Bələdiyyəsinin balansında yerləşir. Cavabdeh tikinti apararkən, rəsmi qurumları məlumatlandırmişdır. Ən əsası bəlli bir məsələdir ki, hal hazırki bir müddətdə heç kimin icazəsi olmadan tikinti aparıla bilməzdir. Tikinti üçün şərait yaradılıbsa demək bu razılıq əsasında olmuş və ən əsası həqiqətən də ərazi X13 balansında olsaydı buna dair Bələdiyyə hər hansı bir vətəndaşa torpağın ayrılmasına dair qərar verə bilməzdi. Məhkəmə qətnamə qəbul etmədən öncə yerli baxış keçirməli və cavabdehin yaşayış evinin ərazisində sıx evlərin tikilməsi və yaşayışın olması qənaətinə gəlməli idi. Məhkəmə bunu və ən əsası onun başqa yaşayış evi olmamasını və ailənin maddi durumunu nəzərə almadan iddia tələbini təmin etmiş və mülkiyyət hüququnu pozmuşdur. Torpaq üzərində olan fərdi yaşayış evindən istifadə edir, ona dair hər hansı bir addımın atılması mülkiyyət hüququ əsaslarındandır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, təşkilatın ölən cavabehə qarşı tələbi olmayıb. Bunu birinci instansiya məhkəməsində bildirmiş və məhkəməyə rəsmi ərizə də vermişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-31/2023 saylı qətnaməsin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat məlumat verilməsinə baxmayaraq Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmiş, lakin sonuncu məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
13. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. 46-cı və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddələrinə əsasən dövlət mülkiyyətində olan torpaqlara daxildir: dövlət obyektlərinin-dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, maqistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərüffatı obyektlərinin yerləşdiyi torpaqları və sair. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
14. AR Sənayəevə Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən, “Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yəni məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması və torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır.
15. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanunun əlavəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli, 94 saylı qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” na əsasən magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikintiquraşdırma işlərinin aparılması qadağandır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 2.11-ci bəndinin “a” hissəsinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Həmin bəndin 8-ci şərtinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır.
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələbinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir.
18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
21. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının 19 dekabr 2023-cü il tarixli, 2(105)-1980/2023 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-31/2023 saylı qətnaməsi qismən, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilmiş, Cavabdeh2 münasibətdə iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin cavabdeh X6 münasibətdə təmin edilməsi hissəsində müzakirə edilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-31/2023 saylı qətnaməsi cavabdeh X6 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
23. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2023-cü il tarixli, 10/8515 saylı ekspert rəyindən görünür ki, baxış zamanı təqdim olunan Abşeron rayonu, 28 May qəsəbəsində cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evi və hasar tikilisinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin istismarında olan D-530 mm-lik magistral qaz cəmərindən müvafiq olaraq 18-20 metr və 10 metr məsafələrdə yerləşdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin və hasar tikilisinin “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarının 2.7-ci bəndinin tələblərinə əsasən yerüstü magistral qaz xəttinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur.
24. İş materiallarında olan AR ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Abşeron ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, sözügedən ünvada aparılan fərdi yaşayış evinin tikintisi Abşeron rayonu, Hökməli bələdiyyəsinin 20 oktyabr 2005-ci il tarixli, 23 nömrəli qərarına əsasən, vətəndaş Cavabdeh2 ayrılan torpaq sahəsinin hüdudları daxilindədir.
25. Birinci instansiya məhkəməsində iştirak edərkən Cavabdeh1 izahatında bildirmişdir ki, sözügedən evi oğlu üçün tikmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin işçisi gələrək, hasarın boruya 10 metr yaxınlıqda olduğunu bildirmişdir. Həmin ərazidə heç kimin evinin sənədi yoxdur. Evlərin ancaq bələdiyyəyə sənədi vardır. İddiaçı şirkət onsuz da belə evlərdən xəbərdardır.
26. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq SOCAR “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 may qəsəbəsi ərazisindən keçən hissəsində magistral qaz kəmərindən 18-20 metr və 10 metr məsafələrdə daş hasar və fərdi yaşayış evi inşa edilmişdir.
27. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticədə haqlı olmuşdur.
29. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddia tələbində qeyd edilən daş hasar və fərdi yaşayış evi Cavabdeh1 tərəfindən tikilmiş və cavabdeh hazırda həmin ünvanda yaşayır. Cavabdehin istifadəsində olan fərdi yaşayış evi və daş hasarın Abşeron Magistral X8 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsi ərazisindən keçən hissəsində magistral qaz kəmərindən 18-20 metr və 10 metr məsafələrdə yerləşməsi müəyyən edilir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, magistral boru kəmərlərinin mühafizə zonası, yəni borulardan sağa və sola normativ sənədinə əsasən (AR NK-nin xx.xx.2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olması nəzərə alınarsa cavabdehin yaşadığı və istifadəsində olan fərdi yaşayış evi və hasar da magistral neft kəmərindən 18-20 metr və 10 metr məsafələrdə kəmərin mühafizə zonasında yerləşir.
31. "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında" xx.xx.1999-cü il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"nın 2.7-ci bəndi əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası təyin edilir.
32. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır:
33. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər.
34. Bununla da müəyyən edilir ki, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar iddiaçı təşkilata məxsus qaz kəmərinin mühafizə zonasına düşür, qaz kəməri arasındakı məsafə 18-20 metr və 10 metr təşkil edir və fərdi yaşayış evi, hasar müvafiq razılıqlar alınmadan inşa edilmişdir.
35. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məxsus fərdi yaşayış evi qaz kəmərinin mühafizə zonasında müvafiq razılaşmalar alınmadan tikildiyindən sökülməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mühafizə zolağında tikilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülməli, mühafizə zonası boşaldılmalıdır.
36. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki. iddia tələbi təmin edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu, eləcə də keçirilmiş ekspertizanın xərci olaraq 50 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qeyd edərək hesab edir ki,şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 münasibətdə ləğv edilməsi üçün əsas ola bilməz.
37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-31/2023 saylı qətnaməsi cavabdeh X6 münasibətdə iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-31/2023 saylı qətnaməsi cavabdeh X6 münasibətdə iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.