Məhkəmə qərarları › İş №2(105)-1986/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1986/2022

13.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1986/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2 və Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik müəyyən olunmaqla miras payın ayrılması tələbinə dair iddiaları və mirasa dair vərəsələrin paylarının müəyyən olunması barədə əlavə iddiaya dair üzrə mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-96/2021 saylı 29 iyun 2022-ci il tarixli qərardadından üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(029)-96/2021 nömrəli qətnaməsi ilə Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi; ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum X1 məxsus ½ (50 faiz) hissəsinin miras əmlak kimi iddiaçılar tərəfindən qəbul edilməsi müddəti, ötürülmənin səbəbləri üzürlü sayılaraq uzadılaraq vərəsəlik hüquqlarının tanınması və ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsi İddiaçı2, ¼ hissəsi iddiaçı Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının, ¼ hissəssi İddiaçı1, ¼ hissəsi isə Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1713/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(029)- 96/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı1, İddiaçı2 və Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik müəyyən olunmaqla miras payın ayrılması tələbinə dair iddiaları rədd edilmişdir. Bu qətnamədən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-124/2022 nömrəli qərarı ilə təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 1713/2021 saylı qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. İş üzrə Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-997/2022 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(105)-1713/2021 nömrəli qərardadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə aid hissədə ləğv edilmiş, həmin idarənin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş baxışdan çıxarılaraq Qusar Rayon Məhkəməsinə qaytarılmışdır. Qusar Rayon Məhkəməsinin 2(029)-96/2021 nömrəli, 29 iyun 2022-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar Rayon Məhkəməsinin 2(029)-96/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. (hakim A.Vəliyev). Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar Rayon Məhkəməsinin 2(029)-96/2021 nömrəli, 29 iyun 2022-ci il tarixli qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli, 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş RX ******* saylı,xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilmişdir. ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum X1 məxsus 1/2 (50 faiz) hissəsinin miras əmlak kimi iddiaçılar tərəfindən qəbul edilməsi müddəti, ötürülmənin səbəbləri üzürlü sayılaraq uzadılaraq vərəsəlik hüquqları tanınmış və ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsi İddiaçı2, ¼ hissəsi iddiaçı Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının, ¼ hissəsi İddiaçı1, ¼ hissəsi isə Cavabdeh mülkiyyətinə verilmişdir. Məlum olduğu kimi əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri tərəfindən aparılır. Belə halda təbii ki, qəbul olunmuş məhkəmə qətnaməsi idarənin hüquq və vəzifələrinə toxunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi bu isdə maraqlı tərəfdir və apellyasiya şikayəti vermək hüquqları vardır. Göründüyü kimi birinci instansiya məhkəməsi heç bir hüquqi əsas olmadan, 5 saylı Xaçmaz Ərazi İdarəsinin sözügedən qətnamədən verdiyi apellyasiya şikayətini geri qaytarmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Qusar Rayon Məhkəməsinin 2(029)-96/2021 nömrəli, 10 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 2(029)-96/2021 nömrəli, 29 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Daha öncə qeyd edildiyi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi əsasında ləğv edilmiş RX ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin Qusar filialının xeyrinə xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ipoteka ilə yüklü edilmişdir. Lakin, ipotekanın ləğv olunub-olunmamasına məhkəmə qətnaməsində münasibət bildirilməmişdir. Dövlət reyestrindən çıxarış ləğv edilərkən həmin əmlakın yüklülüyü öz hüquqi qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Eyni Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 270.2-ci maddəsinə əsasən bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Apellyasiya kollegiyası qeyd edir ki, haızrkı mülki işin predmeti ipoteka münasibətlərindən irəli gələn mübahisə deyil, vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisədir. Həmçinin, mübahisəli fərdi yaşayış evi hazırkı apellyasiya şikayətini vermiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin deyil, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və məhdud əşya hüququ olan ipoteka həmin ASC tərəfindən əldə edilmişdir. İpotekanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı isə həmin hüququn əmələ gəlməsi əsasını deyil, onun formal təsnifatını təşkil edir. Bundan başqa, daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi həmin əmlaka dair vərəsəliyin müəyyən edilməsini istisna etmir, eyni zamanda vərəsəliyin müəyyən edilməsi məhdud əşya hüququ olan ipotekanı əldə etmiş şəxsin həmin hüququnu ləğv etmir. Sadalananlar nəzərə alınmaqla apellyasiya kollegiyası hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayətində mübahisələndirdiyi Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(029)-96/2021 nömrəli qətnaməsini qanunsuz hesab etdiyi əsaslar düzgün göstərilməmiş, həmin qətnamənin mahiyyəti üzrə məhz hansı hissədə mübahisələndirildiyi, qətnamənin həmin idarənin maraq və mənafeyini hansı hissədə pozduğu göstərilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 361.1, 361.1.4, 361.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan əsasla apellyasiya şikayətini geri qaytarması barədə mövqeyi qanuni və əsaslı hesab edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin , 263-264, 361, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 2(029)-96/2021 nömrəli, 29 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar