Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1989/2022 13.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin X4 İdarəsinə və Cavabdeh2 ASC-yə qarşı istehlakçının pozulmuş hüquqlarının bərpası və aktın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(012)- 1187/2022 saylı qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh2 Səhmdar Cəmiyyətinin “Cavabdeh1”-nin xx.xx.2021-ci il tarixli 600913 saylı aktı əsasında İddiaçı adına əsassız hesablanmış 2196 manat cərimə borcunun silinməsi, iş üzrə 400 (dörd yüz) manat məhkəmə xərci Cavabdeh2 Səhmdar Cəmiyyətindən tutulub İddiaçı ödənilməsi, iddiaçının ödəməkdən azad edildiyi 41.96 (qırx bir manat 96 qəpik) manat məbləğində dövlət rüsumuna görə pul vəsaiti Cavabdeh2 Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh2 ASC-yə və Cavabdeh2 ASC-nin X4 İdarəsinə qarşı istehlakçının pozulmuş hüquqlarının bərpası və aktın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi pozulmuş hüquqları bərpa edilərək Cavabdeh2 Səhmdar Cəmiyyətinin «Cavabdeh1»nin xx.xx.2021-ci il tarixli 600913 saylı aktının etibarsız sayılması, onun adına əsassız hesablanmış 2196 manat borc məbləğinin silinməsi, qanunsuz aktın tərtib ediməsi ilə bağlı ona vurulmuş mənəvi zərər dəyərinin məhkəmə tərəfindən müəyyən edilərək xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə guya cavabdehin əməkdaşları - mühəndislər İ.Kərimov, N.Rüstəmov və A.Xəlilov iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağyev küç. 11-də yerləşən apteklə bağlı heç bir əsas olmadan 600913 saylı akt tərtib etmişlər. Akta əsasən guya araşdırma zamanı məlum olmuşdur ki, obyektdə sayğacdan kənar keçməyən d-15 mm-lik su xətti qeyri-qanuni istifadə edilir. İddiaçı qeyd edir ki, xx.xx.2021-ci il tarixdə su xəttinə baxış zamanı aktı tərtib edənlər 3 nəfər deyil, yalnız bir nəfər iştirak etmişdir ki, iddiaçı həmin şəxsin bu üç nəfərdən hansı olmasını dəqiq bilmir. Həmçinin də, baxış zamanı orada iştirak edərək həmin şəxsə sayğacdan kənar su xəttinin olmamasını və bu barədə göstərilənlərin uydurma olmasını bildirmişdir. Akt iddiaçının iştirakı ilə tərtib edilməmişdir, iddiaçıya hazır aktı təqdim edərək imza etməyini deyəndə isə o etiraz etmiş və şikayət edəcəyini bildirmişdir. Çünki, iddiaçı əməkdaşa sayğacdan kənar xəttin mövcudluğunu ona faktla sübut etməsini bildirmişdir. Cavabdehin əməkdaş isə qeyri-qanuni su xəttinin mövcud olmasını ona həm göstərə, həm də sübut edə bilməmişdir. Akta göstərilən hallardan yalnız biri, yəni, baxış zamanı həqiqətən su sayğacının işləməməsinin göstərilməsi doğrudur. Bu da ona görədir ki, həmin vaxt kartda pul olmadığı üçün sayğacı işlədə bilməmişlər. Karta pul vəsatiti vurub sayğacın işlək olmasını göstərməyini təklif etsə də cavabdehin əməkdaşı bunu gözləməyərək tələsik çıxıb getmişdir. Bundan sonra cavabdehin rəisi Rövşən Əliyev iddiaçıya xx.xx.2022-ci il tarixli «borcun ödənilməsi haqqında» xəbərdarlıq göndərmiş, guya onun sudan istifadəyə görə 1098 manat, kanalizasiya xidmətinə görə 1098 manat olmaqla xx.xx.2022-ci il tarixə 2196 manat borcu olmasını göstərərək iddiaçıdan 3 gün müddətinə borcun ödənilməsini tələb etmişdir. Bununla bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Qanunsuz istifadə fakturası” adlanan sənəddə göstərilmişdir ki, onun sudan istifadəyə görə 1098 manat, kanalizasiya xidmətinə görə 1098 manat borcu illik olaraq hesablanmaqla 2196 manat məbləğində, dəymiş ziyan borcunun ödəniş müddəti 1 aydır. İddiaçı hesab edir ki, cavabdeh bu qanunsuz hərəkətləri ilə onun sudan istifadə edərək istehlakçısı kimi hüquqlarını pozmuş, qeyri-qanuni su xəttinin olmadığı halda, qərəzli olaraq göstərilən akt tərtib edilərək əsassız borc yaratmışlar. Bu qərəzlilik iddiaçının cavabdehin digər əməkdaşı olan Vidadi adlı şəxsin ondan əsassız yerə pul almaları barədə həm Cavabdeh2 ASC-yə, həm də Abşeron rayon prokurorluğuna şikayət yazmağı ilə bağlı ola bilər. Həmin şikayətləri ilə bağlı hazırda Abşeron RPİ-də müəyyən araşdırılmalara başlanılmışdır. İddiaçı hesab edir ki, cavabdeh bu hərəkətləri ilə onun istehlakçı hüquqlarını pozmaqla yanaşı ona mənəvi zərər də vurmuşdur. Bu qanunsuz hərəkət nəticəsində cavabdeh onu qanunu pozmaqda təqsirləndirmişdir ki, bununla da bağlı əsassız olaraq stress keçirmiş, vaxtını itirimiş, hazırda da məhkəmə müdafiəsi hüququndan istifadə etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 ASC Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan d=15 mm-lik boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh2 ASC-yə 2196 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. məhkəmə tərəfindən məhkəmə prosesində sudan qeyri-qanuni istifadə faktını sübut edən video görüntü ətraflı araşdırılmamışdır. Eyni zamanda həmin faktın doğruluğunu yoxlamaq üçün aktı tərtib edən əməkdaşlar şahid kimi dindirilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 ASC-nin nümayəndəsi X2 izahatında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və mübahisənin də məhz onun aptek kimi məşğul olduğu obyektə gedən su xətti ilə bağlı yarandığından, bu mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan, qətnamənin ləğv edilməsini və mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməli olmasını bildirdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının vəkili Nümayəndə izahatında apellyasiya şikayətinin dəlillərini əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən edilməsi barədə nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh2 ASC apellyasiya şikayəti vermişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3. maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin məzmunundan müəyyən edilir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Halbuki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin “hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır” prinsipini rəhbər tutaraq, iddia ərizəsini icraata qəbul etsə də, yaranan mübahisəyə hansı məhkəmədə baxılmasını (kommersiya və ya ümumi), yəni mübahisənin məhkəmə aidiyyətini nəzərdə tutan prosessual hüquq normalarını pozaraq, mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakterini nəzərə almalı olduğu halda, buna əməl etməmiş və nəticədə qanunvericiliyin yuxarıda qeyd normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi məqsədi ilə hazırkı mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində sadalanan xüsusiyyətlər üzrə araşdıraraq, işin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakı nəticələri qeyd etməyi zəruri hesab edir. İş materiallarından olan vergi ödəyicisinin məlumatlarına əsasən İddiaçı ********** VÖEN-lə qeydiyyata alınmışdır. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (Mülki Prosessual Məcəllənin 24.2, 26.1. maddələri). Mülki Prosessual Məcəllənin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (Mülki Prosessual Məcəllənin 32.3., 32.4. maddələri). Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğundan, eləcə də hazırkı mübahisə məhz onun bu fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar istifadə etdiyi obyektin su xətti ilə bağlı yarandığından, birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385.1.1., 387.2.9-cu maddələri). İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 №li Sərəncamına əsasən kommersiya və inzibati məhkəmələri yaradılmışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının qanununa əsasən ismin müvafiq hallarında “inzibati-iqtisadi məhkəmə” sözləri ismin müvafiq hallarında “kommersiya məhkəməsi” sözləri ilə, ismin müvafiq halında “inzibatiiqtisadi məhkəmələr” sözləri ismin müvafiq halında “kommersiya məhkəmələri” sözləri ilə əvəz edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 31.1, 32.3, 32.4, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh2 ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1989/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1989/2022
13.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver