Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1992/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(067)-577/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Qaz İstismar İdarəsi tərəfindən yazılmış cərimə aktının ləğv edilməsi və 970 manat cərimə borcunun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(067)-577/2021 saylı qətnaməsilə (sədrlik edən A.Sadıqov) iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş müddəti keçirməklə apelyasiya şikayəti verildiyindən, məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, xəstə olduğuna görə qətnamədən vaxtında şikayət verə bilməmişdir. Sonda o, şikayətin mümkün sayılaraq işə mahiyyəti üzrə baxılamsını xahiş etdi. Cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apelyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyrimümkündür. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə görə apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən apelyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(067)- 577/2021 saylı qətnaməsini İddiaçı məhkəmə qəbzini imzalamqla 18 mart 2021-ci il tarixdə şəxsən imzlamaqla almışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda qeyd edilən qətnamədən şikayət vermə müddətinin axımı məhz 18 mart 2021-ci il tarixdən başlayaraq 1 ay müddətinə, yəni 18 aprel 2021-ci il tarixədək davam edir. Yenə işdən görünür ki, iddiaçının Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(067)-577/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti 21 aprel 2021ci il tarixdə rabitə orqanına təqdim edilmiş və 26 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, bununla da o, qanunla müəyyən olunan prosessual müddəti ötürmüş və buraxılmış müddətin üzrlü hesab olunub bərpa olunmasına dair məhkəməyə müraciət etməmişdir. Lakin birinci instansiya məhkəməsi bu məsələlərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, həmin qətnamədən verilmiş apelyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki yuxarıda da qeyd edildiyi kimi, bu məsələdə 1 aylıq şikayət etmə müddətinin axımı qətnamənin cavabdeh tərəfindən şəxsən 18 mart 2021-ci il tarixdə alınmasıyla başlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apelyasiya şikayətinin verilməsi müddəti ilə bağlı məsələni müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən verilmiş apelyasiya şikayəti üzrə prosessual müddət məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(067)-577/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1992/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1992/2021
25.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver