Məhkəmə qərarları › İş №2(105)-1995/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1995/2022

22.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1995/2022 22.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-662/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və hesablanmış 1620 (bir min altı yüz iyirmi) manat pulun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, müqavilə ilə idarə etdiyi "FOREST” istirahət Mərkəzinə texniki şərt tələblərinə uyğun olaraq Quba rayon Qaz idarəsi tərəfindən qaz xətti çəkilmiş və obyektin girişində 2017-ci il tarixində 28258441 saylı qaz sayğacı quraşdırılmışdır. 4 il ərzində həmən sayğac saz vəziyyətdə işləmişdir. 08 iyul 2021-cı tarixdə Qələdüz kənd sakinlərinə məxsus mal naxırının axşam saatlarında kəndə dönüşü zamanı iribuynuzlu heyvanların qaz sayğacına toxunması zamanı qaz sayğacı zədələnmiş və yararsız hala düşmüşdür. Bu barədə görənlərin və qonşuların şahidliyi ilə akt tərtib olunmuş və icra nümayəndəsi tərəfindən möhürlə təsdiq olunmuşdur. Baş vermiş qəza barədə dərhal Quba rayon Qaz idarəsinə məlumat vertılmiş və qaz idarəsinin mütəxəssisləri 09 07 2021-ci i! tarixdə gələrək vəziyyətlə tanış olmuşlar və lazımi akt bağlamışlar. Həmən aktda sayğacın qəza nəticəsində yararsız hala düşməsi qeyd olunmuşdur. Lakin, qaz sayğacının zədələnməsi onların günahl üzündən baş verdiyini qeyd edən Quba rayon Qaz idarəsi ona 1620 (bır min altı yuz iyirmi) manat məbləğində cərimə hesablamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Quba Rayon Məhkəməsinin 2(027)-662/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh əməkdaşları tərəfindən Quba rayonu, Qələduz kəndində İddiaçı adına hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində pul vəsaitinin abonent bazasından silinməsi qət edilmişdir.(hakim İ.Məmmədov) Cavabdeh İB qətnamədən apellyasiya şikayəti vermiş, onun ləğv edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, işin faktiki hallarını tam araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi kommersiya mübahisələrinə dair işə baxmaqla prosessual normaların tələblərini pozmuşdur. Buna görə də Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-662/2022 saylı qətnaməsi apellyasiya qaydasında ləğv edilməlidir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla Quba rayonunun Qələdüz kəndində yerləşən “Forest” istirahət mərkəzini işlədir. O, vergi ödəyicisi olmaqla ********** saylı VÖEN-ə sahibdir. İddiaçı qeyriəhali abonenti olmaqla onunla Cavabdeh İB-yi arasında AMX-4459/19 saylı xx.xx.2019-cu il tarixli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi” bağlanmışdır. Müqavilənin 7.3-cü bəndində qeyd olunur ki, istehlakçı bu Müqavilənin ləğv edilməsi barədə Müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu Müqavilə ilə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. O, bu müqavilə əsasında obyektində təbii qazdan istifadə etməklə gəlir əldə edir və əldə etdiyi gəlirdən də müvafiq qaydada vergi ödənişin həyata keçirir. Deməli, bu mübahisə kommersiya fəaliyyəti ilə əlaqədar olduğuna görə kommersiya məhkəməsində baxılmalıdır. Yəni mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Göründüyü kimi məhkəmə mübahisənin məhkəməyə aidiyyəti məsələsini aydınlaşdırmadan, iddia ərizəsində qeyd olunanlara uyğun qətnamə qəbul etmişdir. İddia ərizəsində iddiaçının ünvanı qrafasında “Forest” istirahət mərkəzinin vergi ödəyicisi yazılmışdır. Buradan da aydındır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonentdir və o, bu halı inkar etmir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına gəlməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2021-ci il tarixli aktdan məlum olur ki, ünvan 1i ünvanına baxış keçirərkən sayğacın kənar təsir nəticəsində giriş yivli birləşməsinin gövdədən qopması, çıxış yivli birləşmənin karroziyaya uğraması, gövdənin üst hissəsinin əzilməsi, çıxış plastmas borunun kənar təsir nəticəsində əzilməsi səbəbindən qaz itkisinə yol verilmişdir. Yenə materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı 1620 manat borc hesablanmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş AMX-4459/19 saylı, xx.xx.2019-cu il tarixli Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsindən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında bu müqavilə qeyri-əhali (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) qismində bağlanmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vegi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların əks olunduğu elektron çıxarışdan görünür ki, İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəfin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-662/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İşdən göründüyü kimi, hazırkı mübahisə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs İddiaçı ilə Cavabdeh İB arasında yaranmışdır. İş üzrə İddiaçı əhali qrupuna aid olan abonent yox, qeyri-əhali qrupuna aid olan fiziki şəxsdir. Onun sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olması, habelə hazırkı mübahisənin də məhz mülki mübahisə yox, sahibkarlıq fəaliyyətindən doğan kommersiya mübahisəsi olması işin fakiki halları ilə sübut olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. AR MPM-in 26-cı maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Daha öncə qeyd edildiyi kimi, iddiaçı iddia ərizəsində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən hazırkı mübahisənin həlli üçün o, yaşadığı yerin, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi ərazinin yurisdiksiyası üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli idi. Buna baxmayaraq, Quba Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 384.0 və 384.0.4-cü maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən hazırki iddia ərizəsinin prosessual hüquq normalarının tələblərinə uyğun olaraq baxılmasının təmin edilməsi məqsədi ilə apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-662/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 32.4, 44.2.2, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-662/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar