Məhkəmə qərarları › İş №2(105)-20/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-20/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-20/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Qafari və X2 ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 hüquqi varisi X1 iştirakları ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi varisi X3 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə” dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli e-2(027)- 1378/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 may 2018ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2019cu il tarixinə yaranmış 13.991,36 manat məbləğində qalıq borcu, ona hesablanmış 2.343,55 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.736 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 19.070,91 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13.991,36 manat məbləğində qalıq borcu, ona hesablanmış 2.343,55 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.736 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 19.070,91 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT tərəfindən Cavabdeh1 xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən 30 ay müddətinə illik 30% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16.000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin təminatı olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzil xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütamadi olaraq həyata keçirilməmiş, müqavilənin tələblərinə əməl olunmamış və bununla əlaqədar edilmiş xəbərdarlıqlar nəticə verməmişdir. xx.xx.2019-cu il tarixinə cavabdehin BOKT-a 13.991,36 manat məbləğində qalıq borcu, ona hesablanmış 2.343,55 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.736 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 19.070,91 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar.

3. "xxxx" BOKT MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış 18 may 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixinə yaranmış 13.991,36 manat məbləğində qalıq borcu, ona hesablanmış 5.573,22 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.640 manat məbləğində dəbbə pulu, kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən hesablanmış 978,33 manat cərimə olmaqla, cəmi 27.182,81 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması; tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13.991,36 manat məbləğində qalıq borcu, ona hesablanmış 5.573,22 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.640 manat məbləğində dəbbə pulu, kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən hesablanmış 978,33 manat cərimə olmaqla, cəmi 27.182,81 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 30 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 16.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında bağlanmış İpoteka müqaviləsindən görünür ki, MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li, RX seriyalı çıxarışla Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzil ipotekaya qoyulmuşdur.

7. Hüquqların Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li, RX seriyalı çıxarışın surətindən görünür ki, ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilin ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır.

8. Ödəniş tapşırığından görünür ki, iddiaçı təşkilat tərəfindən hazırkı iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir.

9. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilin bazar dəyəri 47.000 manatdır.

10. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" BOKT MMC-yə əsas borc üzrə 13.991,36 manat, faiz borc üzrə 5.573,22 manat, əsas və faizin 5 faizi 978.33 manat, dəbbə pulu 6.640 manat müəyyən edilmişdir.

11. xx.xx.2020-ci il tarixli ölüm haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nin 19 oktyabr 2022-ci il tarixli, 2(105)-46/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat Cavabdeh2 hüquqi varisi müəyyən edilənə qədər dayandırılmışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(105)- 20/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək işə mahiyyəti üzrə baxılması təyin edilmişdir.

14. X4 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış 11 aprel 2023-cü il tarixli ərizədən görünür ki, anası rəhmətə getdiyindən, onun iş üzrə Cavabdeh2 hüquqi varisi qismində cəlb olunması xahiş olunur.

15. AZ №1746301 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1969-cu il tarixdə Quba şəhərində doğulmuş, atası X5, anası Cavabdeh2dır.

16. 11 aprel 2023-cü il tarixdə məhkəmə kollegiyası tərəfindən X4 iş üzrə mərhum Cavabdeh2 hüquqi varisi qismində işə cəlb edilmişdir.

17. "xxxx" BOKT MMC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış 28 aprel 2023-cü il tarixli 1671 nömrəli arayışdan görünür ki, Quba Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, e-2(027)-1378/2019 saylı qətnaməsində göstərilən borc məbləği "xxxx" Bank Olmayan Kredit X6 Cəmiyyətinə ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

18. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(027)-1378/2019 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddianın qismən təmin edilməsi, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 "xxxx" BOKT MMC-nin xeyrinə əsas borc üzrə 13.991,36 (on üç min doqquz yüz doxsan bir manat, otuz altı qəpik) manat, faiz borcu üzrə 5.573,22 (beş min beş yüz yetmiş üç manat, iyirmi iki qəpik) manat, dəbbə puluna görə 100 (bir yüz) manat olmaqla, cəmi 19.644,58 (on doqquz min altı yüz qırx dörd manat, əlli səkkiz qəpik) manat məbləğində pulun tutulması; "xxxx" BOKT MMC-nin tutma tələbinin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmetlərinin ilkin satış qiymətinin 47.000 (qırx yeddi min) manat müəyyən edilməsi, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun və dövlət rüsumunun ödənilməsinin təmin edilməsi; ipoteka predmetinin hərracda satıldıqdan bir ay sonra cavabdehlərin əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018- ci il tarixli kredit müqaviləsi üzrə sonuncunun 30 ay müddətinə illik 30% haqq ödəmək şərti ilə 16.000 manat məbləğində kredit alması, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Dövlət reyestrindən ******* №-li, RX seriyalı çıxarışla Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilin ipotekaya qoyulması, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində ASC-yə əsas borc üzrə 13.991,36 manat, faiz borc üzrə 5.573,22 manat borclu qalması sübuta yetirilir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 448.1, 442, 443.1, 445.1, 445.2, 279, 448.1, 449.1, 449.4, 295, 317.1, 319.1, 467-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi, Mülki Prosessual Məcəllənin 119.1, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

21. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verib, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 Hacağa oğluna və Cavabdeh2 qarşı olan iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdılar. İpoteka predmetinə ekspert rəyi əsasında qoyulmuş qiymətlə razılaşmırlar. Həmin vaxt qiymətləndirilmədə iştirak etməmiş xarici ölkədə olmuşlar. İddiaçı tərəfindən iddia edilən faiz borcu və dəbbə pulu ilə də razılaşmırlar. Məhkəmə bu mülki işə baxarkən AR MPM-nin 14-cü maddəsinin tələblərini pozmuş, işə onların iştirakı olmadan baxıb qətnamə qəbul edilmişdir. Mülki işə baxılarkən xarici ölkədə olmuş, məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar olmamışlar. Mülki işə, xəbərləri olmadan baxılmışdır. AR MPM -nin 387.3-cü maddəsində deyilir ki, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa məhkəmə qətnaməsi ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

24. Cavabdeh2 hüquqi varisi X4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

25. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.

26. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehlər verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

29. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 59.3 və 59.4. İpotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.

32. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 üçün 30 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 16.000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və nəticədə iddia edilən məbləğdə icra edilməmiş pul öhdəliyi yaranmışdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.

34. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, bu nəticədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermişlər.

35. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən borc məbləği "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nə ödənilmişdir.

36. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya olan borc ödənildiyindən, icra edilməmiş borc öhdəliyi qalmadığından apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(027)-1378/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi varisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli e-2(027)-1378/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi varisi X3 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar