Məhkəmə qərarları › İş №2(105)-2008/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2008/2023

19.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2008/2023 19.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Abşeron Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, e2(012)-2575/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qanunsuz hesablanmış 3654,72 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X1 tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına ******* saylı akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Həmin akt əsasında ona 3654,72 manat cərimə yazılmışdır. Bu borc qanunsuzdur. Belə ki, Abşeron rayonu, Saray qəsəbəsi, 1278 В ünvanda aşkar edilmiş kombi sistemi işlək vəziyyətdə deyildir. Həmçinin aktda qeyd olunan 4 gözlü qazın piltələri, 2 gözlüdür. Bu faktlar akt bağlanarkən nəzərə alınmamışdır. O, aktı imzalamamışdır və ******* saylı akt əsasında yazılmış borcla razı deyildir. Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, e2(012)-2575/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı yaşadığı (abonent kodu: **********07445) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1278 B saylı fərdi yaşayış evinə aid qaz sayğacına Cavabdeh İB tərəfindən hesablanmış 3231,72 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova).

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin akt əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi tələbnamədə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1 ay üçün 141 manat (4,7 x 10 x 30 = 1410 kub.metr) ziyan vurması məlum olur. Məhkəmənin qənaətinə görə abonentə 270 gün üçün cərimənin hesablanması əsassızdır. Abonent saldosundan görünür ki, onun təbii qaz sərfiyyatı zəifdir. Bu baxımdan məhkəmə hesab edir ki, abonentə qış mövsümü (3 ay) ərzində cərimənin hesablanması daha ədalətlidir. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin məlum akt üzrə cəmi 423 manat (141 x 3) zərər vurması müəyyən olunur.Fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X2”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 3231,72 (3654,72- 423) manat borc abonentin hesabından silinməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 442, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 6.5-ci bəndinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh İB tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, e2(012)-2575/2023 saylı qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir.

Şikayətin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, bu fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmişdir.İddiaçı aid olan **********07445 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vatxı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər.

11. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

14.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir

16. Mülki Prosessual Məcəllə 4.1-ci. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, e2(012)-2575/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı yaşadığı (abonent kodu: **********07445) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1278 B saylı fərdi yaşayış evinə aid qaz sayğacına Cavabdeh İB tərəfindən hesablanmış 1827,36 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

20. Birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi ifadə vermiş X3 göstərdi ki, o, Bakı Regional Qazın İstismar Departamentinin qrup rəhbəridir. İddiaçıya məxsus evin sayğac yoxlamasına dair video görüntü var. xx.xx.2023-cü il tarixdə baxış zamanı o, evə yeni köçdüyünü bildirmişdir. Hətta evin həyətində su xəttində də zədələnmə müşahidə olunurdu. Qonşuya məxsus qaz xəttinə gedən kənar xətt iddiaçıya məxsus həyətdə aşkarlanmışdır. Bunun səbəbini soruşduqda o cavab verə bilməmişdir. Bu kənar xətti müəyyən edərək aktlaşdırmışlar. Abonentə məxsus sərfiyyata baxdıqda görmüşlər ki, sərfiyyat azalmışdır. Bu isə onun həmin xəttdən qanunsuz istifadə etməsini təsdiq edir.

21. İş materialları ilə müəyyən olunur ki, təbii X2nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1278 В saylı fərdi yaşayış evindəki (abonent kodu: **********07445) qaz xəttinə baxış keçirilmiş və abonentin qaz xəttinə sayğacdankənar qoşulma halı müəyyən edilmişdir. Faktla bağlı Cavabdeh Bakı X6 Departamentinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilərək, itirilmiş qazın miqdarı “30456 m3” həcmində müəyyən edilmişdir. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan və istehlakçı İddiaçı adına olan **********07445 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, “sayğacın sərfiyyatı qeydə almaması” səbəbindən itirilmiş qazın miqdarı “30456 m3” həcmində müəyyən edilərək, abonentə birdəfəlik 3654,72 manat məbləğində borc hesablanmışdır.

22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin akt əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi tələbnamədə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1 ay üçün 141 manat (4,7 x 10 x 30 = 1410 kub.metr) ziyan vurması məlum olur. Məhkəmənin qənaətinə görə abonentə 270 gün üçün cərimənin hesablanması əsassızdır. Abonent saldosundan görünür ki, onun təbii qaz sərfiyyatı zəifdir. Bu baxımdan məhkəmə hesab edir ki, abonentə qış mövsümü (3 ay) ərzində cərimənin hesablanması daha ədalətlidir. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin məlum akt üzrə cəmi 423 manat (141 x 3) zərər vurması müəyyən olunur. Fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X2”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 3231,72 (3654,72- 423) manat borc abonentin hesabından silinməlidir. 23..Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə qismən razılsa da hesab edir ki, akt üzrə vurulmuş zərərin hesablanması qaydası və məbləği ilə razışamır.

24. Belə ki, "X2"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

25. İşdən görünür ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib və cavabdeh təşkilatın tərtib etdiyi akta əsasən abonentin qaz sayğacından kənar xətdən qeyri-qanuni istifadə halının aşkarlanması nəticəsində dəymiş ziyan hesablanaraq iddiaçıdan tələb edilmişdir. Quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilmişdir. Həqiqətən də ilk iddiaçının qaz xəttinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq Aktlar tərtib etmiş, lakin dəymiş ziyanın bərpasına dair vaxtında əməli tədbirlər həyata keçirməmişdir.

26. Bununla belə kollegiya qeyd edir ki, iddaçıya məxsus ünvanda qaz sayğacının yoxlanılması zamanı təbii qazdan qeyri-qanuni istifadə faktının müəyyən edildiyi və bu faktın təbii X2nın pozulması haqqında aktla rəsmiləşdirildiyi xx.xx.2023-cü il tarixdən sonra qaz paylayıcısı olan şəbəkə qərarın bu bəndini kobud şəkildə pozmuş, iddiaçının məskunlaşdığı fərdi yaşayış evində təbii X2nın pozulması haqqında yuxarıda sadalanan aktları tərtib etdikdən sonra heç bir əhəmiyyətli tədbir görməmiş, dövrü olaraq akt tərtib etməklə öz vəzifə borclarını yerinə yetirilmiş hesab etmişlər.

27. "X2"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.1.3-cü bəndinə əsasən qaz paylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu Qərarın 3.1.7-ci bəndinə əsasən isə qaz qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

28. Həmin Qərarının 6.5. bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

29. Həmin Qaydaların 6.5-1. bəndində isə qeyd edilmişdir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır (6.5-1.1-6.5-1.3 bəndləri).

30. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır (6.5-3. bəndi).

31. İşdən göründüyü kimi iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma cavabdehin əməkdaşları tərəfindən aşkar edilmiş, bu barədə xx.xx.2023-cü il tarixdə müvafiq akt tərtib edilməklə cavabdeh təşkilat tərəfindən 3654,72 manat dəymiş zərərin məbləği hesablanmaqla iddiaçıdan tələb edilmişdir.

32. Lakin bu zaman cavabdeh təşkilat tərəfindən cərimənin məbləği “X2”nın tələblərinə uyğun hesablanmamışdır. Belə ki, qeyd olunan qaydanın 6.5.3. bəndinə əsasən qanunsuz qoşulma hallarında qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin 12 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı nəzərə alınmaqla hesablama aparılmalıdır. Bu qaydaya uyğun hesablama zamanı isə iddiaçıya cavabdeh tərəfindən (1.2x12x270=3888 kub.metr x 0,12=466,56 manat, 3.5x12x270=11340 kub metr=1360,8 manat) 1827,36 manat cərimə hesablanmalıdır.

33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı (abonent kodu: **********07445) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1278 B saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə akt üzrə hesablanmalı olan 1827,36 manat çıxılmaqla qalan 1827,36 manat (3654,72- 1827,36=1827,36) cərimə silinməlidir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxmış birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmamış, yaranmış borc məbləğinin əsası barədə düzgün nəticəyə gəlməmişdir.

35. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

36. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

37. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, e2(012)-2575/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı yaşadığı (abonent kodu: **********07445) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1278 B saylı fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixli, ******* saylı təbii X2nın pozulması haqqında akt əsasında hesablanmış qaz sayğacına Cavabdeh İB tərəfindən hesablanmış 1827,36 manat borcun silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏTETDİ

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, e2(012)-2575/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı yaşadığı (abonent kodu: **********07445) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1278 B saylı fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixli, ******* saylı təbii X2nın pozulması haqqında akt əsasında hesablanmış qaz sayğacına Cavabdeh İB tərəfindən hesablanmış 1827,36 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar