Məhkəmə qərarları › İş №2(105)-2012/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2012/2023

28.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2012/2023 28.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-161/2023 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən 48,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 adına qeydiyyata alınmışdır.

2. ünvan 2 ünvanında yerləşən 53,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına qeydiyyata alınmışdır.

3. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda 29 dekabr 2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır.

4. Tərəflər arasında mübahisə tikililərin sökülməsi ilə bağlı yaranmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinə bitişik cavabdeh tərəfindən inşa edilmiş bütün qanunsuz tikililərin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi isə İddiaçı1 mülkiyyətindədir. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış verilmişdir. Cavabdeh X1 bütün qanunları kobudluqla pozaraq heç bir ara məsafəsi qoymayaraq onların evlərinə bitişik halda qanunsuz hündürmərtəbəli bina inşa etmişdir. Tikinti ilə onların evlərinin hasarı arasında heç bir məsafə saxlanılmamışdır və tikintidən sonra evləri təhlükə mənbəyinə çevrilmişdir. Cavabdeh tərəfindən inşa edilən yaşayış kompleksi hündürlük məsafəsi baxımından da onların evlərindən hündürdür və hər hansı bir təbii fəlakət nəticəsində də onların evləri üçün böyük təhlükə mənbəyidir. Dəfələrlə cavabdehə öz qanunsuz əməllərinə son qoymağı və onların mülkiyyəti ilə ara məsafəsi gözlənilməklə inşa etməsini təklif etsələr də, cavabdeh buna heç bir məhəl qoymamış və qanunsuz tikilisini davam etdirmişdir. O, həyətində gəzə bilmir. Onun hasarı uçmuşdur. 7-8 ədəd böyük pəncərələr onun həyətinə baxır. Qonşuda uşaq stəkan atarsa, onun nəvəsini yaralaya bilər. Odur ki, Cavabdeh onun həyətinə girməmək şərtilə hasarı tikə bilər. Bununla bağlı yaşadıqları ərazi üzrə yerli icra hakimiyyətinə müraciət etmiş və həmin qurumun memarlıq və tikinti şöbəsindən iddiaçıya məlumat verilmişdir ki, belə bir tikintinin aparılmasından xəbərləri yoxdur. Cavabdehin bu qanunsuz əməllərinin qarşısını danışıqlar və yerli icra hakimiyyətinə müraciət etməklə almaq istəsələr də bu mümkün olmamış və cavabdeh tərəfindən onlara ziyan və təhlükə vurulması davam etdirilmişdir.

7. Cavabdeh İbrahim oğlu məhkəmə iclasında izahatında bildirmişdir ki, 2019-cu ildə o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 185 kv.m tikili inşa etmişdir. O, müəyyən səbəblərə görə burda olmamışdır. Usta ona hasarın uçduğunu demiş, bundan sonra o, İddiaçı2 ilə görüşmüş və hasar tikəcəyinə söz vermişdir. Digər İddiaçı1 məxsus evlə onun inşa etdiyi tikili arasında 20 metrdən çox məsafə vardır. İddiaçı2 həyətinə tikinti zamanı ziyan dəymişdir. Onların məqsədi sözügedən əraziləri almaq olmuşdur. X5 bütün planlarını pozmuşdur. Pandemiya zamanı o, ziyana düşmüş, müharibədən sonra çətinliyi artmışdır. O, qeyri-qanuni nəsə inşa etdirməmiş və kiminsə həyətinə daxil olmamışdır. Vəlişov Musa çoxsaylı dövlət orqanlarına müraciətlər etmişdir. O, pəncərələrlə bağlı hissəni qəbul edir. Onun inşa etdirdiyi tikili ilə İddiaçı2 hasarı arasında 40 sm məsafə vardır. Tikilinin çıxarışı və layihəsi vardır və layihəyə uyğun tikilmişdir.

8. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi (mühəndisi) X3 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, ilkin torpaq ayırma sənədi, mütləq olaraq tikintiyə icazə barədə sərəncam olmalıdır ki, vətəndaş tikintiyə başlaya bilsin. Tikintinin layihələndirilməsinin sərəncamı olmalıdır. Müvafiq şəhərsalma arxitektura komitəsinin tikintinin memarlıq-planlaşdırma bölməsinin təsdiqlənmiş layihəsi, memarlıq şəhərsalma komitəsinin rəyi olduqda tikinti aparıla bilər. 12 metrə qədər hündürlüyü olan tikili ilə bağlı hündürlüyünün 30 %-i qədər ara məsafəsi olmalıdır. Hər 4 tərəfə bu məsafə saxlanılmalıdır. 12 metrdən hündür olarsa, ümumi sahə hesablanır. Lakin tikintinin layihəsi onlarda yoxdur. Layihə daşınmaz əmlakda saxlanılır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli, 10/8522 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndində göstərilən, tikililər arasındakı məsafənin divar hündürlüyünün 0,3 hissəsi qədər olmasına əsasən, cavabdeh tərəfindən inşa edilmiş tikili ilə sərhəd hasarı arasındakı məsafənin 3,5 m (11,75x0,3) olmalı olduğu, lakin, faktiki olaraq tədqiq olunan tikilinin sərhəd hasarına bitişik inşa olunduğunu nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun inşa olunmadığı müəyyən edilir. Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin İddiaçı2 həyətyanı sahəsinə tərəf olan divarında faktiki olaraq 7 ədəd pəncərənin mövcud olduğu müəyyən edilir. Qonşuluqda yerləşən həyətyanı sahəli fərdi yaşayış evlərinin pəncərələrinin bir-birinin həyətyanı sahəsinə açılıb-açılmamasının tənzimlənməsi inşaat norma və qaydalarında nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili ilə həyətyanı evlər arasına dönən mübahisəli yolun eninin 3 metr olduğunu, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eninin 1,5 metr, hərəkət (avtomobil) yolunun eninin isə 2,75-3,0 metr göstərildiyini nəzərə alaraq, mübahisəli tikili ilə həyətyanı evlər arasında dönən mübahisəli yolun eninin Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin tələblərinə uyğun olduğu müəyyən edilir. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı2 fərdi yaşayış evinin sökülmüş hasarının bərpası üçün görülməli təmir-tikinti işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 382 manat olduğu müəyyən edilmişdir.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-161/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia rədd edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, İddiaçı2, ona məxsus hasara dəymiş zərərə görə gələcəkdə İddiaçı1 qarşı məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda 29 dekabr 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.

12. Hazırda iddiaçılar cavabdehə qarşı onun tərəfindən özbaşına tikilmiş dörd mərtəbəli fərdi yaşayış evinin sökülməsi tələbinə dair məhkəmədə iddia qaldırmışlar. İddiaçılar həmin tələblə bağlı iddia qaldırsalar da, burada sübutetmə yükü üzərlərinə düşməsinə baxmayaraq, sökülməsini tələb etdikləri dörd mərtəbəli fərdi yaşayış evinin özbaşına tikilməsinə, ümumiyyətlə hüquqi rejiminə dair müvafiq sübutlarını təqdim etməmişlər.

13. İddiaçılardan fərqli olaraq Cavabdeh tərəfindən təqdim olunmuş sübutlarla isə müəyyən olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən və 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda 29 dekabr 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, eyni zamanda bu yaşayış binasının texniki pasportu tərtib edilmiş, müvafiq mütəxəssis tərəfindən yoxlanılaraq təsdiq edilmişdir.

14. Buradan da görünür ki, özbaşına tikildiyi iddia olunaraq sökülməsi tələb edilən dörd mərtəbəli fərdi yaşayış evi faktiki olaraq tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində tikilmişdir, mülkiyyət hüququ üzrə qeydə alınmaqla texniki pasportu tərtib edilmişdir, bu hüquqmüəyyənedici sənədlər isə hazırda qüvvədədir. Mübahisələndirilən binanın buna lazımi icazələr alınaraq və ya şəhərsalma və tikinti normalarını və qaydalarına əməl edilərək tikilməsinin müəyyən edilməsi isə hazırkı iddianın predmeti deyildir. Həmçinin tikintinin qanunsuz olması müəyyən edildiyi halda isə, onun sökülməsi məsələsini araşdırmaq və mübahisələndirmək Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir.

15. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, Cavabdeh mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmış 712,1 kv.m sahəsi olan çoxmərtəbəli yaşayış binasının müvafiq sahələrini notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında digər vətəndaşlara satmış, binanın həmin sahələri ayrı-ayrı vətəndaşların istifadəsində və sərəncamındadır.

16. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsində irəli sürdükləri və məhkəmə iclasında müdafiə etdikləri dəlillər əsassızdır, Cavabdeh mülkiyyətində, sərəncamında olan dörd mərtəbəli fərdi yaşayış evinin özbaşına tikilmiş tikili kimi qiymətləndirilərək iddianın həmin hissədə təmin olunması üçün mötəbər dəlil, sübut qismində hesab oluna bilməz, ona görə iddia təmin edilməməlidir.

17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 31, Mülki Məcəllənin 180, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qənaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh hündürmərtəbəli tikili ilə ona mülkiyyət hüququ ilə məxsus evin hasarı arasında heç bir məsafə saxlamamışdır və tikintidən sonra evi təhlükə mənbəyinə çevrilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş həmin yaşayış kompleksinin hündürlüyü təbii fəlakət nəticəsində də evi üçün böyük təhlükə mənbəyidir. Bu hal isə dövlət qurumlarını heç narahat etməmişdir. Çünki həmin sahəyə, tikiliyə, tikili başa çatdıqdan sonra gəlib baxış keçirilməmiş, araşdırma aparılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən uddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahatlar verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

23. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 17. Mülki hüquqların müdafiəsi 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

26. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu (....) 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

29. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

30. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

33. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

37. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

38. Göründüyü kimi tikilinin özbaşına tikili hesab olunması üçün o tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olmalıdır.

39. İddiaçı tərəfin sökülməsini tələb etdiyi tikilinin isə özbaşına tikili olması iş materialları ilə təsdiqini tapmamışdır. Əksinə işdə olan sənədlərlə müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən və 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda xx.xx.2019-cu il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır, eyni zamanda bu yaşayış binasının texniki pasportu tərtib edilmiş, müvafiq mütəxəssis tərəfindən yoxlanılaraq təsdiq edilmişdir. Qeyd olunan sənədlər hazırda qüvvədədir. Cavabdeh mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmış həmin çoxmərtəbəli yaşayış binasının müvafiq sahələrini notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında digər vətəndaşlara satmışdır. İddiaçıların mülkiyyətində olan fərdi yaşayış evlərinin yerləşdiyi və istifadələrində olan torpaq sahələri müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aiddir. Hazırkı iddia tələbi isə iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evinə bitişik cavabdeh tərəfindən inşa edilmiş bütün qanunsuz tikililərin sökülməsi barədədir.

40. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin təqdim etdiyi elektron daşıyıcıda olan videoya iddiaçı tərəfin iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evlərinə bitişik deyildir. Bu halı iddiaçı tərəf məhkəmə kollegiyasının icalsında izahatı ilə də təsdiq etmişdir.

41. Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir...

42. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

43. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə verilmiş tələbə qiymət verməli olduğundan birinci instansiya məhkəməsinin mövcud tələb üzrə gəldiyi hüquqi nəticə əsaslı olmuşdur. Belə ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

44. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

46. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-161/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-161/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar