Məhkəmə qərarları › İş №2(105)-2013/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2013/2022

04.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2013/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2922/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyitərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2922/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 948.48 manat borc abonentin hesabından (abonent kodu **********00330) silinmiş, cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2922/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsini tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, “Azəriqaz” İBnin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan iddiaçının **********00330 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, yerində «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı xx.xx.2021ci il tarixli akt tərtib olunmuş və aktda sayğacda qeyd olunan nöqsan “sayğacdan kənar qeyri-qanuni şəkildə təbii qazdan istifadə edir” barədə akt yazılmışdır. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2021-ci il tarixli akta əsasən G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 948.48 (doqquz yüz qırx səkkiz manat 48 qəpik) manat hesablanmışdır. Onu da bildirir ki, idarənin əməkdaşları tərəfindən sözügedən ünvana baxış keçirilmiş, akt tərtib edilərək iddiaçıya məxsus mənzilin qaz işlədici və parametrləri əsasında dövlətə vurulan ziyan müəyyən edilərək 948.48 manat itirilmiş qazın bərpası üzrə borc müəyyən olunmuş və 2021-ci ilin dekabr ayından abonent saldosunda qeyd edilmişdir. Bildirir ki, Sumqayıt şəhəri, Gecəqondu, Metallurq küçəsi, mənzil 33 saylı fərdi yaşayış evinə əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmiş, yerində ******* saylı, xx.xx.2021-ci tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan ” sayğacdan kənar qeyri-qanuni şəkildə təbii qazdan istifadə etməsi aşkar olunması” barədə akt yazılmışdır. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2021-ci il tarixli akta əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat, günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 948.48 (doqquz yüz qırx səkkiz manat 48 qəpik) manat itirilmiş qazın bərpası hesablanmışdır.Məhkəmə qətnamə qəbul edərkən qeyd olunan halları nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2922/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2922/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, abonent mənzildə sayğacdan kənar qeyri-qanuni şəkildə təbii qazdan istifadə edir. Ona görə də itirilmiş qazın bərpası üçün dəymiş ziyan tələb edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı təbii qazdan istifadəyə görə 948.48 manat məbləğində borcu var. Müəyyən edilmişdir ki, ******* saylı, xx.xx.2021-ci il tarixli akt iddiaçıya məxsus mənzilə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca iddiaçının fərdi yaşayış evinə əlavə xətt qoşduğu üçün tərtib edilmişdir. Ona görə cavabdeh təşkilat tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 948.48 manat cərimə qismində hesablanmış borc tələb edilir. İş materiallarından görünür ki, məhkəmə iddia tələbini qismən təmin etmiş və bunu əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsi 386.1, 560.1, 560.2, 1096cı maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.6, 4.7 4.8 4.9-cu bəndinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20, 21.1-ci maddələrinə istinad etmişir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, sayğaca müdaxilə edilməsi qeyd olunmasına baxmayaraq, həmin qanunsuz qoşulma halı məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən sübut olunmamışdır. Belə ki, cavabdeh tərəfindən sözügedən akta əsasən mənzildə sayğacdan kənar qeyri-qanuni şəkildə təbii qazdan istifadə etməsi qeyd olunsa da, qeyri-qanuni xəttin həqiqətən olması iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən abonentin mənzildə sayğacdan kənar qeyri-qanuni şəkildə təbii qazdan istifadə etməsi işin müəyyən edilən hallları ilə öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən 948.48 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 948.48 manat borc abonentin hesabından (abonent kodu **********00330) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab etmişdir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Hazırki işdə işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının evində deyil, kənarda quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan borcun hesablanması və sayğacın dəyərinin əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. Belə ki, cavabdeh qeyd edilən məbləğdə borcun nədən yaranmasını əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2922/2022 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2922/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar