Məhkəmə qərarları › İş №2(105)-2016/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2016/2021

21.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2016/2021 21.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Cavabdehin nümayəndəsi: X4 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2021ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi N.V.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Behbudova) iddia tələbinin təmin edilməsi, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09.01.2021-ci il tarixdə tərtib edilmiş NDM № 020883 saylı akta əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, məhəllə 5, ev 26/6, mənzil 6 (yeni qaydada: ünvan 1 ünvanına hesablanmış 2382,08 (iki min üç yüz səksən iki manat səkkiz qəpik) manat borc **********00244 saylı abonent hesabından silinməsi, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, məhəllə 5, ev 2/26, mənzil 6 (yeni qaydada: ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edir. Belə ki, ev təbii qazla təchiz edilib və evin isidilməsi təbii qazla işləyən kombi sistemi vasitəsi ilə həyata keçirilir. Enerji təchizatı müəssisəsinə müraciəti əsasında onun adına olan yuxarıda qeyd olunan mənzil həyat yoldaşı X1 adına olan həmin binada yerləşən 1 nömrəli mənzillə ara divarı yenidən konstruksiya edilməklə birləşdirilmiş və bir mənzil kimi istifadə olunduğundan həyat yoldaşının adına olan mənzilin əvvəllər mövcud olmuş sayğacının çıxarılaraq həmin qoşulma sxeminin ləğv olunması xahiş olunmuşdur. Çünki qeyd olunan mənzillər alınaraq birləşdirildikdən sonra hər iki mənzil tam təmir olunmuş, o cümlədən mənzilin daxili elektrik şəbəkəsi də tam yenidən qurulmuş və mənzillər elektrik şəbəkəsinə ona məxsus mənzilin 3 fazalı elektrik hesabat sayğacı vasitəsi ilə qoşulmuşdur. Buna görə də həyat yoldaşının adına olan və girişi əvvəllər 2-ci blokdan olmuş 1 nömrəli mənzilin elektrik şəbəkəsinin işlədilməsinə heç bir ehtiyac qalmamışdır. Ona görə də enerjitəchizatı müəssisəsi tərəfindən həyat yoldaşının adına olan 1 nömrəli mənzilin elektrik hesabat sayğacı bir neçə il bundan öncə quraşdırıldığı yerdən sökülərək götürülmüşdür. 09 yanvar 2021-ci il tarixdə cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən ona məxsus olan yuxarıda qeyd etdiyi ünvandakı mənzildə guya binanın pilləkən qəfəsindəki 04 kvt-luq şəbəkədən götürülməklə sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi müəyyən olunmuş və buna görə NDM 020883 saylı akt tərtib edilərək həmin akta əsasən ona 2382,08 (iki min üç yüz səksən iki manat səkkiz qəpik) manat borcun yaranması barədə 15.01.2021-ci il tarixli xəbərdarlıq məktubu təqdim edilərək həmin məbləğin ödənilməyəcəyi təqdirdə mənzilinin enerji təchizatının dayandırılacağı bildirilmişdir. İşçilərinin bu özbaşına və qanunsuz əməlləri ilə əlaqədar cavabdehin yerli qurumlarına gedərək məsələyə aydınlıq gətirmək istəmiş, orada isə həmin qanunsuz tərtib edilmiş akta görə hesablanmış məbləğin ödənilməsi ondan bir daha tələb edilmiş və ödənilməyəcəyi təqdirdə elektrik enerjisinin dayandırılacağı bildirilmişdir. Buna görə də bir istehlakçı kimi hüquqlarının müdafiəsinin və bərpa olunmasının yalnız məhkəmə yolu ilə mümkün olacağı qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən «xxxx» ASC-nin 09 yanvar 2021-ci il tarixli NDM 020883 saylı aktı qanunsuz olduğundan həmin akta əsasən hesablanmış 2382,08 manat sərfiyyat silinməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi N.V.Əhmədov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən edilir ki, 09 yanvar 2021-ci il tarixdə «xxxx» ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən mənzilə sayğac sxemindən kənar faza xətti pilləkən qəfəsdəki 04 KV-t-luq şəbəkədən götürülməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın (EEİQ) 8.32 bəndinin tələblərinə uyğun olaraq 09 yanvar 2021-ci il tarixli 020883 saylı akt əsasında 2056,01 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Həmin akt EEİQ-nın 8.32 bəndinə uyğun tərtib olunmuş və hesablaşmada həmin bəndin tələblərinə uyğun olaraq iddia müddətindən kənara çıxarmamaq şərti ilə aparılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(060)-2316/2021 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.V.Əhmədov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi N.V.Əhmədovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 5, ev 2/26, mənzil 6 (yeni qaydada: Sumqayıt şəhəri, Puşkin küçəsi 13, M2, m1) Ş.M.Kərimovanın xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş “xxxx” ASC “Şimal” X6 və Satışı İdarəsinin 10.03.2021-ci il tarixli 054 №-li sorğuya 16 mart 2021-ci il tarixli cavabında qeyd edilir ki, İddiaçı yaşadığı ünvan, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 26/3, mənzil 1 ünvanında yerləşən evi **********00244 saylı kodla 01.10.2002-ci il tarixindən abonent qeydiyyatındadır. Enerjitəchizatı təşkilatının səlahiyyətli nümayəndələri tərəfindən 09.01.2021-ci il tarixində abonentin ünvanı üzrə baxış keçirilərkən elektrik enerjisinin uçotu və “EEİQ-na riayət olunması halının pozulması faktı aşkar edilmişdir. İtirilmiş enerjinin bərpası məqsədilə akta görə 18691KVt/s (2056,01) sərfıyyat abonentlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Mənzilin 04.03.2021-ci il tarixinə enerjitəchizatçı təşkilata 2378,52 manat borcu vardır. İşdə olan NDM № 020883 saylı, 09.01.2021-ci il tarixli aktın surətindən görünür ki, 09.01.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 26/3, mənzil 1 ünvanında yerləşən **********00244 saylı kodu olan abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən mənzilə sayğac sxemindən kənar faza xətti pilləkən qəfəsdəki 04 kvt-luq şəbəkədən götürülməsi halı aşkar edilmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 26/3, mənzil 1 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. İşə əlavə olan 15 yanvar 2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 26/3, mənzil 1 ünvanında istifadə etdiyi elektrik enerjisinin sərfiyyatına görə 2382.08 manat borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 5, ev 26/6, mənzil 6 (yeni qaydada: ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərdən görünür ki, 020883 saylı, NDM № 020883 saylı, 09.01.2021-ci il tarixli akt əsasında İddiaçı mülkiyyətində olan yaşadığı Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 26/3, mənzil 1 ünvanında yoxlama zamanı məlum olmuşdur ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olduğuna görə 2056.01 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən,yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 09 yanvar 2021-ci il tarixdə cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 26/3 ünvanında baxış zamanı sübuta yetirilmədən İddiaçı məxsus mənzilə sayğacdan kənar xətt çəkilməsinin aşkar olunması barədə akt tərtib edərək iddiaçıya borc hesablanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı məxsus mənzilə sayğacdan kənar xətt çəkilməsi öz təsdiqini tapmadığından iddiaçı məsuliyyət daşımır. Eyni zamanda iddiaçı həmin dövrə qədər vaxtaşırı ödənişlər etmişdir. Belə ki, sayğac üzrə hər ay istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmiş, hər ay nəzarətçi tərəfindən sayğaca baxılmış, lakin kənar xəttin olması aşkar olunmamış, bu halı həmin əraziyə nəzarət edən X8 məhkəmə iclasında verdiyi ifadəsində qeyd etmişdir. Belə olan halda məsuliyyəti iddiaçının öhdəliyinə verməsi və əsassız olaraq borc hesablanması qanunsuz hesab edilməlidir. Birinci instansiya məhkəməsi iddianı tam təmin etdikdə haqlı olmamışdır. Belə ki, iş materialları ilə və məhkəmə iclası zamanı olmuşdur ki, cavabdeh tərəfindən 09 yanvar 2021-ci il tarixli akt əsasında hesablanmış 2056,01 manat borc təşkil edir. Digər borc, yəni 326,07 manat isə iddiaçı tərəfindən istifadə edən işıq pulu təşkil edir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 17 mart 2021-ci il tarixli 2(060)-2316/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09.01.2021-ci il tarixdə tərtib edilmiş NDM № 020883 saylı akta əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, məhəllə 5, ev 26/6, mənzil 6 (yeni qaydada: ünvan 1 ünvanına hesablanmış 2056,01 (iki min əlli altı) manat 01 (bir) qəpik borc **********00244 saylı abonent hesabından silinsin, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qalan hissədə, yəni 326,07 manat silinməsi barədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar