Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2016/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3314/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın qismən təmin edilməsi, İddiaçı yaşadığı (abonent kodu: **********16004) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına dair hesablanmış 5603,4 manat borc silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar qeyd edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Oktyabrın 1-dən qüvvəyə minmiş MPM-yə edilmiş dəyişikliyə əsasən apellyasiya şikayətinin forması 2 saylı Əlavədə müəyyən olunmuşdur. Həmin əlavədə qeyd edilmişdir ki, bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Apellyasiya şikayətindən görünür ki, apellyator ilk iddia üzrə qətnamənin rədd edilməsi, qarşılıqlı iddianın ləğv edilməsini xahiş etsə də, hazırkı iş üzrə nə ilkin, nə də ki qarşılıqlı iddia tələbi mövcud deyil, yalnız iddia tələbi var. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət verən şəxsin tələbini düzgün bildirməməsi MPM-nin 361ci maddəsinə, eləcə də 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliyə əsasən 2 saylı Əlavəyə uyğun deyil. Göründüyü kimi, Cavabdeh apellyasiya şikayətində tələbini dəqiq və aydın bildirmədiyindən, Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2016/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2016/2023
12.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver