Məhkəmə qərarları › İş №2(105)-2017/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2017/2023

06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2017/2023 06.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz hesablanmış su borcunun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2733/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2023-cü il tarixli abonentin kartından görünür ki, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə Cavabdeh ASC-yə 1460,67 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən qanunsuz olaraq hesablanmış 1393,67 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivi, 1 saylı evdə uzun müddətdir ki, yoldaşıyla yaşayır. Həmin evin su sayğacı (abunə kodu: **********110 nömrə) onun istifadəsindədir. Bildirmək istəyir ki, istifadə etdiyi içməli suya görə hər ay Cavabdeh ASC-yə ödəniş etmişdir. Su sayğacı Cavabdeh ASC tərəfindən təmirə və istismara yararsız olması səbəbindən 2023-cü ilin fevral ayında dəyişdirilmişdir. Cavabdeh ASC tərəfindən ona bildirilmişdir ki, onun içməli sudan istifadəsinə görə Cavabdeh ASC-yə 1393,67 manat borcu yaranmışdır. Cavabdeh ASC-dən ona verilən abonent kartına baxdıqda yaranmış borcun qanunsuz və əsassız olduğunu aşkar etmişdir. Belə ki, tərəfindən Cavabdeh ASC-yə hər ay ödəniş olarkən yaranmış yüksək məbləğdə olan borcun olması mümkün deyildir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həyat yoldaşıyla yaşadığı, yəni ki, iki nəfərlik ailə tərkibi üçün sudan istifadə etməyinə görə yazılmış 1393,67 manat borc əsassızdır və mümkün deyidir. Çünki o, həyat yoldaşıyla cəmi iki nəfər həmin evdə yaşayır. Eyni zamanda yazılmış borcla bağlı ona hər hansı rəsmi bildiriş və ya xəbərdarlıq gəlməmişdir. Bundan başqa su sayğac dəyişilməmişdən qabaq onun Cavabdeh ASC-yə 64 manat borcu olmuş, ancaq həmin 64 manat Azərsu tərəfindən 164 manat qeyd edilmişdir. O, bununla da razı deyil, çünki, Cavabdeh ASC yalnız öz mənafeyi baxımından abonentlərə yanaşır. Həmin 64 manatın hansı əsasla 164 manat olması ona izah olunmamış və bu barədə ona rəsmi sənəd təqdim edilməmişdir. Göründüyü kimi onun heç bir təqsiri olmadan üzərinə su borcu yüklənmişdir. Dəfələrlə bu barədə lazımi qurumlara müraciət etsə də, bunun bir nəticəsini görməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2733/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Elman Məmmədov).

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini normativ qaydada hesablama yolu ilə (evdə yaşayan nəfər sayı hesabı ilə), həmçinin su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, nəticədə, İddiaçı Cavabdeh ASC-yə su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2023-cü il tarixinə 1460,67 manat borc məbləği yaranmışdır. Abonent İddiaçı tərəfindən sözügedən ünvanda istehlak olunan su təchizatı və kanalizasiya xidmətlərinə görə 2015-ci ildən bu günə kimi, 1460,67 manat borc məbləğindən cəmi 25 manat pul məbləği ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsiə əsasən, iddia tələbinin əsaslı olmasına dair sübutetmə vəzifəsi iddiaçının üzərinə düşmüş, lakin iddiaçı tərəfindən sübutlar və cavabdehin nümayəndəsinin təqdim etdiyi sübutları təkzib edəcək faktlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə iddiaçı Cavabdeh ASC-yə 1460,67 manat borcunun olması iş materiallarında olan abonentin kartı ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC tərəfindən qanunsuz olaraq hesablanmış 1393,67 manat borcun silinməsi barədə iddia tələbi rədd edilməlidir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 157.4, 425.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6, 2.1.4, 5.1.5-ci bəndləri, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndi, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2733/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayon, Xırdalan şəhər, Quşçuluq yaşayış massivi, ev 1-də ailəsi ilə birlikdə yaşayır. **********110 saylı su sayğacı onun adına olmaqla istifadələrindədir. Uzun illərdən bəri istifadə etdikləri suya görə hər ay ödəniş etmişdir. Su sayğacı nasaz olduğuna görə qurumun mütəxəssisləri sayğacı çıxarıb laboratoriyaya aparmış və həmin laboratoriya sayğacı sınaqdan keçirib rəy vermişdir ki, su ölçən cihaz yararsızdır. 2023-cü ildə yeni sayğac quraşdırılmış və bildirmişdir ki, içməli suya görə quruma 1393.67 manat borcu vardır. Bu məbləğin haradan əmələ gəlməsi barədə ona heç bir məlumat verilməmişdir, ardınca isə ona saxta abonent kartı verilmişdir. Ailəsi 2 nəfərdən ibarətdir. Nə qədər istifadə etsələr də, borc bu qədər ola bilməz, sayğac dəyişdirilməmişdən qabaq isə 64 manat borcu olmuşdur ki, bu da aktlaşdırılmışdır. Həmin akt ona verilməmişdir. 1393.67 manat borca görə ona heç bir xəbərdarlıq edilməmişdir, suyun gəlməsinin qabağını almamışlar, heç bir tədbir görməmişlər. Aidiyyatı üzrə müraciətləri cavabsız qaldığından, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəməyə vəsatətlə müraciət etmiş, borcun yaranmasının əsaslarını soruşmuşdur. Sayğac dəyişdirilərkən borcun 64 manatdan necə 164 manata qalxmasının səbəblərini soruşmuşdur. Lakin hakim heç bir araşdrıma aparmadan, belə qətnamə qəbul etmişdir. İşə əlavə etdiyi qəbzlər qurumun saxtalığını sübut edir, qəbzin ikisində sərfiyyat və oxunma məlumatları məqsədyönlüdür, lakin xx.xx.2021-ci il tarixli digər qəbzdə sərfiyyat 883 manat göstərilmişdir. Həmin qəbzdə əvvəlki və son göstəricilər qeyd olunmayıb, bu barədə heç bir akt tərtib edilməyib, ona yazılı məlumat və xəbərdarlıq verilməmişdir, imzası da orada yoxdur. Bu məbləğləri sayğac dəyişdiriləndə labarotoriyada verilən uydurma rəylər əsasında yazıblar. Pozulmuş hüquqlarının bərpası, maddi hüquq normalarının düzgün tətbiq edilməsi, iş üçün əhəmiyyətli olan halların tam aydınlaşdırılmaması əsas verir ki, məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv edilsin.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

10. İş üzrə Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

11. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

12. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

13. Maddə 61 (bənd 1). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hərhansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının

14. 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.

15. 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.

16. 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2733/2023 nömrəli qətnaməsini tam mübahisələndirmişdir.

28. Hazırkı halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və apellyantın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini normativ qaydada hesablama yolu ilə (evdə yaşayan nəfər sayı hesabı ilə), həmçinin su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, nəticədə, İddiaçı Cavabdeh ASC-yə su təchizatı və kanalizasiya xidmətlərinə görə 2005-2023-cü illər üzrə 1460,67 manat borc məbləği yaranmışdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

32. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

33. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

34. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

35. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı İddiaçı müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi nəticəsində Cavabdeh ASC-yə 1393,67 manat borcunun yaranmasının əsassızlığı öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticə gəlmişdir.

36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2733/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar