Məhkəmə qərarları › İş №2(105)-2021/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2021/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2021/2023 17.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(060)-5428/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********96444 SAMSUNG GALAXY A7 markalı telefon üçün 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün, 1476 (bir min dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə, 147 (bir yüz qırx yeddi) manat cərimə olmaqla, ümumilikdə 1920 manat borc və 39.20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********96444 SAMSUNG GALAXY A7 markalı telefon, SAMSUNG LED TV almış və nəticədə 1920 (bir min doqquz yüz iyirmi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1007 (bir min yeddi) manat (yəni 18 ay x 54 manat + 35 manat ilkin ödəniş) İMEİ KOD **********96444 SAMSUNG GALAXY A7 markalı telefon üçün ümumilikdə, 297 (iki yüz doxsan yeddi) manat olmaqla ondan, 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1476 (bir min dörd yüz yetmiş altı ) manat (yəni 18 ay x 82 manat + 0 manat ilkin ödəniş) SAMSUNG LED TVüçün ümumilikdə, 1623 (bir min altı yüz iyirmi üç) manat olmaqla ondan, 1476 (bir min dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 147 (bir yüz qırx yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin son ödənişi xx.xx.2020-ci il tarixdə 54 manat olmaqla, cəmi ödədiyi məbləğ 737 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(060)-5428/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TVüçün, 1476 (bir min dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat borc və 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva)

5. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 00536128 nömrəli və xx.xx.2019-cu il tarixli, 01059414 nömrəli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 462.1, 467, 567, 600.1, 601.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(060)-5428/2023 saylı qətnaməsinin qismən ləğv edilməsi və Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə hissəsində dəyişdirilmədən saxlanılması, qalan hissədə isə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan iddiaçı "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00536128 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ KOD **********96444 SAMSUNG GALAXY A7 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01059414 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən SAMSUNG LED TV almışdır. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 1920 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 00536128 nömrəli və xx.xx.2019-cu il tarixli, 01059414 nömrəli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Apellyasiya şikayətinə əlavə olunmuş 5105 təhvil təslim aktından da görünür ki, xx.xx.2019-cu il tarixində SAMSUNG LED TV ekranda xətlər olduğuna görə iddiaçı tərəfindən geri alınmış və bu günə kimi də ona təhvil verilməmişdir. Belə olan halda onda mövcud olmayan əmlaka görə borcun tutulması əsasızdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

11. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız xx.xx.2019-cu il tarixli, 01059414 nömrəli alğı-satqı müqaviləsinə əsasən alınmış “SAMSUNG LED” TV üçün tələb edilən 1476 (bir min dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə və 147 (bir yüz qırx yeddi) manat cərimənin tutulması hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilən hissədə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(060)-5428/2023 saylı qətnaməsi qismən, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün, 1476 (bir min dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat borcun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

16. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00536128 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ KOD **********96444 SAMSUNG GALAXY A7 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01059414 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən SAMSUNG LED TV almışdır.

17. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 1920 manat ödənilməmiş hissə məbləğində borcu vardır.

18. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.

19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2019cu il tarixli, 00536128 nömrəli və xx.xx.2019-cu il tarixli, 01059414 nömrəli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı hesab edərək qeyd edir ki, məhkəmə “SAMSUNG LED” TV üçün, 1476 (bir min dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat borcun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir.

21. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdən görünür ki, iddiaçı qeyd edilən əmlakları tam qüsursuz vəziyyətdə müştəriyə təqdim etməlidir.

22. Apellyasiya şikayətinə əlavə edilmiş 5105 nömrəli təhvil-təslim aktından görünür ki, xx.xx.2019-cu il tarixdə alınmış “SAMSUNG LED” TV xx.xx.2019-cu il tarixdə “ekranda xəttlər var (sınıq ola bilər) qeydi ilə təhvil alınmışdır.

23. Lakin həmin “SAMSUNG LED” TV-nin həmin tarixdən sonra yenidən cavabdehə təhvil verilməsi iş materialları ilə müəyyən edilmir.

24. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat qeyd edilən halı, yəni “SAMSUNG LED” TV-nin təmir üçün təşkilat tərəfindən təhvil alınmasını iddia ərizəsində qeyd etməmiş, bu barədə hər hansı məlumatı, həmin tv-nin təhvil alındıqdan sonrakı aqibəti barədə, eləcə də cavabdehə təhvil verilib-verilməməsi barədə məlumat təqdim etməmişdir.

25. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhsulun təhvil-təslim aktına əsasən geri qaytarılmasından 3 il 8 aya yaxın müddətdən sonra məhkəməyə müraciət edərək, məhsulun dəyərini cavabdehdən tələb etmişdir. Belə olan halda cavabdehdən onda olmayan bir məhsulun dəyərinin, eləcə də məhsulun dəyərinin ödənilməməsinə görə penyanın tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

26. Beləliklə məhkəmə kollegiyası qeyd edilən hallara əsasən hesab edir ki, bir halda ki, cavabdeh aldığı “SAMSUNG LED” TV-ni xx.xx.2019-cu il tarixdə təhvil-təslim aktına əsasən geri qaytardığından həmin TV üçün cavabdehdən pul tələb edilməsi əsaslı ola bilməz.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsaslı hesab edlməlidir.

28. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(060)-5428/2023 saylı qətnaməsi qismən, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün, 1476 (bir min dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat borcun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(060)-5428/2023 saylı qətnaməsi qismən, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün, 1476 (bir min dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat borcun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi xx.xx.2019-cu il tarixli, 01059414 nömrəli alğı-satqı müqaviləsinə əsasən alınmış “SAMSUNG LED” TV üçün tələb edilən 1476 (bir min dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə və 147 (bir yüz qırx yeddi) manat cərimənin tutulması hissəsində təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar