Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2029/2021 01.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(060)-1499/2021 saylı qətnaməsindən iddiaçı “İddiaçı” İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(060)-1499/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 06 yanvar 2021-ci il tarixdə “İddiaçı” İstehsalat Birliyi iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə istifadə olunmuş təbii qaz üçün hesablanmış 172,80 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 91,21 manat, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 294,01 manat pulun tutularaq birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı” İstehsalat Birliyi 09.06.2020-ci il tarixli, 1755 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İstehsalat Birliyinin Sumqayıt X6 tərəfindən **********00050 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Belə ki, birliyin əməkdaşları tərəfindən 19.08.2019-cu il tarixdə Cavabdeh mənzilində quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin MSK-29/1710-02624-1 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilib, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunduğu və sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 172,80 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 91,21 manat, ümumilikdə 264,01 manat abonentdən tələb edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, “İddiaçı” İstehsalat Birliyi ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İstehsalat Birliyinin Sumqayıt X6 tərəfindən **********00050 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, 19.08.2019-cu il tarixli aktda sayğacda qeyd olunan nöqsan yazılmışdır. 19.08.2019-cu il tarixdə akt tərtib olunmaqla çıxarılmış və laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilib, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunduğu müəyyən edilmiş və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “İddiaçı” İstehsalat Birliyinin Sumqayıt X4 əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və dövlətə vurduğu ziyan müəyyən edilərək 28.11.2019-cu il tarixli, ******* saylı aktla itirilmiş qazın bərpası üzrə 172,80 manat cərimə hesablanmışdır. 19.08.2019-cu il tarixli akta əsasən abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız, G-4 markalı sayğacın dəyəri 91,21 manat abonentdən tələb edilmişdir. Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İstehsalat Birliyinə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 264,01 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “İddiaçı” İstehsalat Birliyinə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, qaz sayğacı pilləkən meydançasında quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında 09 iyun 2020-ci il tarixli, 1755 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 19 avqust 2019-cu il tarixli aktın surətindən görünür ki, Cavabdeh yaşadığ Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 5 saylı mənzilinin sayğacı əvəzlənmişdir. İş materiallarında olan “İddiaçı” İstehsalat Birliyinin 28.11.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, Cavabdeh yaşadığ mənzilə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsildiyi, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunduğu aşkar edilmişdir. İş materiallarında olan “İddiaçı” İstehsalat Birliyinin 28 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh yaşadığ Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 5 saylı mənzili üzrə (abonent kodu **********00050) itirilmiş qazın sərfiyyatı 1728 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Cavabdeh yaşadığ mənzilüzrə (abonent kodu **********00050) borc 172,80 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. “İddiaçı” İstehsalat Birliyinin Sumqayıt X4 əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsildiyi, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, cavabdehin yaşadığı mənzilə qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin cavabdeh tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına cavabdeh tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçı təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(060)-1499/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2029/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2029/2021
01.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver