Məhkəmə qərarları › İş №2(105)-203/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-203/2024

08.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-203/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)- 4503/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 4000 məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, abonent kodu **********01090 olan ünvan ona məxsusdur. Cavabdeh təşkilat tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin akta əsasən 4000 manat məbləğində borc hesablanmışdır. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktla razılaşmır, qaz sayğacına heç bir müdaxilə edilməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə akt rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir, lakin akt onun iştirakı olmadan tərtib olunmuşdur. O, bu hadisədən sonra Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar sahəsinə yaxınlaşaraq, yaşayış evinə tərtib edilmiş aktı tələb etmiş və almışdır. Həmçinin müvafiq aktla yanaşı mövcud qüsurun videoyazıya alınması barədə çəkiliş, fotoşəkillər də cavabdehin mülkiyyətindəki mənzildə aidiyyəti sayğacdan kənar xəttin istifadəsini təsdiqləyir. Nazirlər Kabinetinin qərarına əsasən hər 30 gün müddətdən bir qaz sayğaclarına Cavabdeh İB tərəfindən baxış keçirilməli və hər hansısa bir qanun pozuntusu, nöqsan və yaxud təhlükə aşkarlandıqda vətəndaşa bu haqda məlumat verilməli və aradan qaldırılmalıdır. Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar sahəsi 365 gündü hara baxırdılar? Bununla belə, hesab edir ki, aktda göstərildiyi kənar xətt, yəni qeyri-qanuni qoşulma halı olsa belə hazırkı cərimənin hesablanması zamanı məbləğ real istehlak səviyyəsi nəzərə alınmadan şişirdilmiş, o, fərziyyələrə əsaslanan maliyyə sanksiyasına məruz qalmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi 34560 m3 müəyyən olunmuşdur. Abonentin saldosundan görünür ki, abonent İddiaçı adına, ünvan 1 ünvanı üzrə xx.xx.2022-ci ildə “Zenner” firmasının istehsal etdiyi G-4 mexaniki markalı sayğac quraşdırılmışdır. Qanunvericilikdə itirilmiş qazın bərpası üçün hesabat aparılması zamanı sayğacın tipinin nəzərə alınması müəyyən olunmuş, lakin məhz nominal göstəriciyə əsaslanmaq barədə müddəa qeyd edilməmişdir. Odur ki, müvafıq hesabat aparılarkən cavabdeh təşkilatın sayğacın m3 /s-da nominal qaz sərfinin ziyanın hesablanmasında əmsal kimi istifadəsi, qanuni əsasa söykənmir. Bu baxımdan cavabdeh təşkilat itirilmiş qazın bərpası üçün hesabat müddətinin 360 gün götürməkdə haqlı olmamışdur. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabdeh itirilmiş təbii qaz sərfiyyatını 24 saat nəzərə almaqla hesablamışdır ki, bu hal istehlakçıların mənafeyinə və qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, qeyd olunan normaların tələbinə əsasən istehlakçılarla bağlı itirilmiş təbii qaz sərfiyyatı hesablandığı zaman məhz onun işlək saatları nəzərə alınmalıdır. Bu baxımdan təbii qazın gün ərzində 24 saat müddətində sərf edilməsi gündəlik həyat tərzinin tələbatı cəhətdən işlək saatlar müddətinə uyğun olmamışdır (təbii qazdan gün ərzində mütəmadi fasiləsiz istifadə edilməsi halın reallığı əks etdirməməsi, gecə və gündüz saatlarının olması halı nəzərə alınmaqla). Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o, günahkar deyil. Qaz sayğacına heç bir müdaxilə edilməmiş, qeyri-qanuni qoşulma olmamış, həmçinin onunla Cavabdeh İB arasında bu məsuliyyəti üzərinə götürəcək heç bir anlaşma və müqavilə imzalanmamışdır. Sayğac onun mülkiyyətinin əhatəsi xaricində olduğundan, həmin qaz sayğacına görə heç bir məsuliyyət daşımır. Cavabdeh təşkilatın əməkdaşları əsassız olaraq onu cərimə etmişlər. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş abonentin saldosundan da görünür ki, abonent kodu **********01090 olan ünvan 2 ünvanmdan təbii qazdan istifadəyə görə ödənişlər vaxtı-vaxtında edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanına əməkdaşlar tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan "Sayğaca baxış keçirildi. Sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlandı” qeyd olunmuşdur (şəkillər və video görüntü əlavə edilir). Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x360=34560m3 x 0,12qəpik- 4147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat dəymiş zərər hesablannıışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin, hazırkı vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Dövlət təşkilatı kimi X1 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci bəndinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər kəs qaz xəttinə müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə aiınmadan işlədərsə bu da öz növbəsində dövlətə maliyə cəhətdən zərər vurar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malık olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər”. Göstərilənləri nəzərə alaraq iddiani əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, iddiaçıya məxsus ünvan 3 ünvanında olan sayğaca baxış keçirilmiş və sayğacdan kənar xəttin olduğu aşkar edilmişdir.

6. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 3 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 4 x 24 x 360 = 34560 m3 (4147,20 manat) müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)- 4503/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı (abonent kodu: **********01090) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3654,4 (üç min altı yüz əlli dörd manat qırx qəpik) manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 425.1 və 218.3-cü maddəsi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndi, həmin qanunun 17-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 5.2 və 6.5-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayəti və onun dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-4503/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində ”Azəriqaz İddiaçı yaşadığı ünvan 4 ünvanında sayğaca baxış keçirərkən, sayğacdan kənar qeyri-qanuni xətt (video görüntü və fotoşəkillər təqdim edilmişdir) askarlamış, bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Sumqayıt QİS-nin əməkdaşları tərəfindən Dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək Sumqayıt QİS-nin abonent bazasındakı **********01090 nömrəli abonent koduna 34560 m3 – 4147.20 manat (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Abonent İddiaçı abonent koduna hesablanmış 4147.20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək üçün İstehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinin ödənilməsi barəsində bildiriş göndərilmişdir. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğlərinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Cavabdeh tərəfdən etirazın əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçının mübahisələndirdiyi borc itirilmiş qazın məbləğinə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəfələr arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. İddiaçı nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

13. Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

16. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 11. 6-cı bənd. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13. 6-cı bənd. Qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. 8-ci bənd. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” 4.2-ci bənd - Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 5.5-ci bənd - qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 4.5-ci bənd - qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bənd - sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd - fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-ci bənd qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı istifadəsində olan ünvan 3 ünvanında cavabdeh tərəfindən qaz sayğacı quraşdırılmışdır. İddiaçı sözügedən mənzilə quraşdırılmış qaz sayğacına müdaxiləsi nəticəsində sayğacdan kənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsi halı ilə əlaqədar cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında İddiaçı 4147.20 manat borc hesablanmışdır.

22. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız akt yazıldığını və müqabilində hesablanmış borcun silinməsini, qarşı tərəf isə əksinə, iddiaçının sayğacdan kənar çəkilmiş xəttdən qanunsuz istifadə etdiyini bildirir.

23. İş materiallarından aşkar olunur ki, həqiqətən də iddiaçının qaz xəttinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq Aktlar tərtib etmişdir.

24. Mübahisənin bu hissəsi iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə (dəymiş ziyanın bərpasına dair tələbnamə və Aktla) sübut olunur.

25. Kollekiya həmçinin hesab edir ki, iddiaçı məhkəmə qətnaməsini mübahisələndirməməklə qaz xəttinə qanunsuz qoşulma faktını qəbul etdyini nümayiş etdirmşdir.

26. Birinci intansiya məhkəməsi iddianı qismən təmin edərək, möqeyini onunla əsaslandırmışdır ki, İddiaçı sözügedən mənzilə quraşdırılmış qaz sayğacına müdaxiləsi nəticəsində sayğacdan kənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsi halı ilə əlaqədar cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı 4147.20 manat borc hesablansa da, iddiaçı hazırda 4000 manat borcun silinməsini xahiş edir. Odur ki, iddiaçı tərəfindən vurulmuş ziyan 30 gün müddətinə hesablanmaqla (4m3 x 24 x 30 gün= 2880 m3 x 12 qəpik=345,60 manat) təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan həmin məbləğdə (345,60 manat) borcun tələb edilməsi əsaslıdır, 3654,4 (4000-345,60) manat borcun tələb edilməsi hissəsində isə əsaslı deyil. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin hissədə (3654,4 manat) iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3654,4 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

27. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə tam razılaşmır və bununla bağlı aşağıda şərh olunanları qeyd edir:

28. xx.xx.2023-cü il tarixli akt əsasında Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının eyni tarixli tələbnamə adlı sənədinə əsasən abonentə məxsus qaz sayğcının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın həcmi 34560 m3 müəyyən edilmişdir.

29. Kollegiya bu qaydada hesabatla razılaşmır və qeyd edir ki, cavabdeh təşkilat sözügedən tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin hansı əsasdan 24 saat və 360 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir.

30. Apellyasiya kollegiyası hesab edir ki, PQ4-ün maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır.

31. Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq İddiaçı Birliyə 90 gün üçün xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə (4 x 12 x 90=4320 kub.metr x 12 = 518,40; 4000-518,40=3481,6) 518,40 manat ziyan vurması müəyyən edilir ki, bu məbləğ abonentdən tutulmalıdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.

33. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

34. Sadalananlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yaranmış borc məbləğinin əsası barədə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı (abonent kodu: **********01090) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3654,4 manat məbləğində borcun silinməsi hissədə dəyişdirilərək, həmin silinməli borcun miqdarı 3481,60 (üç min dörd yüz səksən bir manat altmış qəpik) manat məbləğində müəyyən edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-4503/2023 nömrəli qətnaməsi İddiaçı (abonent kodu: **********01090) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3654,4 (üç min altı yüz əlli dörd manat qırx qəpik) manat məbləğində borcun silinməsi hissədə dəyişdirilərək, həmin silinən borc 3481,60 (üç min dörd yüz səksən bir manat altmış qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar