Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2035/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı hesablanmış cərimənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(060)-1868/2021 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddianın təmin edilməsi, “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 19/33, 12 saylı mənzilə aid **********00120 abonent koduna hesablanmış 135 manat borc silinməsi, iddianın verilməsinə görə 20 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən 13.08.2020-ci il tarixli ******* №-li akta əsasən hesablanmış 135 manat cərimənin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 19/33, mənzil 12-də yaşayır. “Azəriqaz” İstehsalat Birliyi yaşadığı ünvanda bina evində olan qaz sayğacını avqust ayında dəyişdirib, onun da xəbəri olmadan sayğaca müdaxilə olunmasını əsas tutaraq 13 avqust 2020-ci ildə akt tərtib edib 90 gün 6 saatdan 1350 metr kubun pulunu yəni 135 manat cərimə etmişlər və ona və ya ailə üzvlərinə bu haqda heç bir məlumat verməmişlər. Həmin aktda qeyd etmişdirlər ki, 12.05.2020-ci il tarixli 29/1710- 01178-1N0-li akta əsasən G2.5 markalı 00260256 №-li sayğaca baxış keçirilib və sayğacın hesablama mexanizminin qapağına vurulan blom əzilib. O, qaz sayğacına heç bir müdaxilə etməmiş və onunla cavabdeh arasında bu məsuliyyəti üzərinə götürəcək heç bir anlaşma və müqavilə imzalanmamışdır. Evda sadəcə qaz kolonkası, soba və dördgözlü qaz peçi vardır və evin isidilməsi kommunal idarə tərəfindən təmin edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2021ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyi və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsi, lakin cavabdeh bununla bağlı mötəbər sübutlar təqdim edə bilməməsi, iddia tələbinə qarşı müdafiə hüquqlarını təşkil etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan “Azəriqaz” İB vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi borcun silinməsi barədədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 19/33, 12 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X1 məxsusdur. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olmayan mənzilə yazılmış akt əsasında borcun silinməsini mübahisələndirmiş, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olmamasına əhəmiyyət vermədən, iddia tələbini əsaslı hesab etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh tərəfindən silinməsini arzuladığı pulla bağlı subyektiv hüququ olmadığından, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı hesablanmış cərimənin ləğv edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2035/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2035/2021
22.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver