Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2038/2022 01.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1956/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1956/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin iki otağından çıxarılması, iddia tələbinin digər hissələrdə rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 1956/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin iki otağından çıxarılması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olan 7000 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1956/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsi qətnamə qəbul edərkən heç bir maddi hüquq normasına istinad etməyib. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının mübahisəli evə dair iddia qaldırmaq üçün hər hansı subyektiv hüququnun olub-olmaması məsələsini də aydınlaşdırmamışdır. İddiaçının həmin mənzilə hər hansı hüququnu təsdiq edəcək heç bir sənəd mövcud deyil. Qətnamədə təsviriəsaslandırıcı hissə yoxdur. Sadəcə olaraq yerli baxışla evin mövcudluğu təsdiqlənib. Bir neçə şahidləri var, onlar dindirilməlidir. İddiaçı gecəqondunu cavabdehə satıb. 7 ildən sonra isə iddia edir ki, evin sadəcə bir otağını satıb və cavabdeh digər iki otaqdan çıxarılmalıdır. Əgər iddiaçı ancaq bir otağı satırdısa, onda otaqların kommunal xətləri də ayrı olmalı idi. Lakin məhkəmə heç bir halı araşdırmayıb. Birinci instansiya məhkəməsində şahidlərin dindirilməsi məhkəmədən xahiş edilsə də, sədrlik edən şahidləri zaldan xaric edib. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğuldur. Sənədsiz olduğundan mübahisəli ev ucuz olub, bu səbəbdən cavabdeh arvadının qızıl zinyət əşyalarını sataraq, 11000 manata ev alıb. Evi 2016-cı ildə alıb. Sonradan evin müəyyən hissələrində təmir işləri aparıb. Əlavə olaraq bildirir ki, iddiaçının iddia qaldırmaq üçün ilk növbədə subyektiv hüququ olmalı idi. Hazırda onun subyektiv hüququ yoxdur. İddiaçı ilk növbədə sübut etməlidir ki, mənzil ona məxsusdur. Ondan sonra Əliyarın, yaxud qeyrisinin həmin mənzildən çıxarılmasını tələb edə bilər. İddiaçının iddia etdiyi mənzilin ünvanı tamamilə fərqlidir. Cavabdeh qeydiyyatda olduğu və faktiki yaşadığı mənzilin ünvanı isə ümumiyyətlə başqadır. Evin 4 tərəfi tikili olub və ev yararsız vəziyyətdə olub. İndi illər keçəndən sonra iddiaçı bildirir ki, 3 otaq satmamışdır. Evin həyətinə heç bir stul yerləşməz. Əliyar həmin evi öz zəhməti ilə 3 otaqlı fərdi yaşayış evinə çevirib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-1956/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, 1996-cı ildən iki qızı ilə birlikdə həmin ünvanda qeydiyyatdadır, orada yaşamışdır. Ərindən ayrılandan sonra atası, həmin evi tikib ona verdi ki, kirayə verib dolana bilsin. Evi ondan cavabdehin ata-anası alıb. Onlara 11000 manata bir otaqlı ev satmışdır. 2021-ci ildə pandemiya şəraitində atası iflic keçirmişdi. Ora gedib-gələ bilmədi deyə evinə giriblər. O, 1 otaq satmışdır, ikisinə qanunsuz yiyələniblər. Qəbzi şəxsən özü yazıb. 2008-ci ildə ordan çıxıb və yaşamağa atasının evinə getmişdir. Sonra məlum olub ki, evini zəbt ediblər. Polisə müraciət edib. Bu zaman akt tərtib olundu. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1956/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçının cavabdehə ev satdığını hər iki tərəf etiraf edir. Deməli hüquq subyektiv hüquq mövcuddur. Cavabdeh qeyd edir ki, ev yararsız vəziyyətdə idi. İddiaçının torpağa çıxarışı olmaya bilər, amma tikililər mövcuddur, dövlətə kommunal xərclər ödənilir. Çıxarış yoxdur deyə kiminsə evini zəbt etməyə heç kimin ixtiyarı yoxdur. 2016-cı ildə, Xırdalanda 3 otaqlı evi 11000 manata almaq ağlabatan deyil. Birinci instansiya məhkəməsi yerli baxış da keçirib.Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-1956/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1956/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən yazılıb imzalanmış və Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, İddiaçı özünə məxsus olan evini Cavabdeh satmış, Cavabdeh isə bunun əvəzində İddiaçı 11000 manat pul vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmir Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1215 №-li arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” Massivi, 11-ci küçədə yerləşən evdə İddiaçı qeydiyyatdadır. İş materiallarında olan Asan 3 tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh 20 dekabr 2021-ci il tarixdən ünvan 2 ünvanında X5, X3 və X7 ilə birlikdə qeydiyyatdadır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə ünvanında yerləşən 3 otaqdan ibarət özbaşına tikili olan fərdi yaşayış evi 2004-cü il tarixindən İddiaçı faktiki istifadəsində olmuş və İddiaçı həmin ünvanda rəsmi qeydiyyatdadır. 2016-cı il tarixində İddiaçı özbaşına tikili olan 3 otaqlı evin 1 otağını Cavabdeh qeyri-rəsmi olaraq 11000 manata satmış, evin həqiqətən də 11000 manata satılması məhkəmədə mübahisə predmeti olmamış, hər iki tərəfin izahatı və iş materiallarında olan iddiaçı tərəfindən yazılmış və imzalanmış imzası ilə tam təstiq olunur. İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin bir otağının 11000 manata satıldığını,digər otaqlarının cavabdeh tərəfindən zəbt edilməsini göstərmiş, cavabdeh isə 11000 manata fərdi yaşayış evinin bütövlükdə üç otağını aldığını bildirmişdir. Yerli baxış zamanı həqiqətən də özbaşına tikili olan 3 otaqlı fərdi yaşayış evinin əvvəllər bir otağının və digər iki otağının bir birindən təcrid olnmuş formada, hər ikisinin giriş-çıxış qapısının ayrıca olması, iki otağa giriş qapısının sökülməsi, yarıya kimi hörülməsi,hörgünün üzərinə pəncərə qoyulması, bir otaqdan digər iki otağa giriş-çıxışı təmin etmək üçün otaqlar arasında olan ara divarının qapı qoyulmadan oyulması açıq gözlə müşahidə olunmuş və iddiaçını iddia etdiyi otaqların birində iddiaçıya məxsus köhnə paltar şkafı müəyyən edilmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11ci küçə ünvanda yerləşən İddiaçı qeydiyyatda olduğu özbaşına tikili olan fərdi yaşayış evinin iki otağının cavabdeh tərəfindən tutulması iddiaçının hüququnun pozulması ilə nəticələnir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iddia tələbinin təmin edilməsinə dair nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələbini əsaslandırmalı, buna dair sübut təqdim etməlidir. İş materiallarında ksero surəti olan və məhkəmə iclasında təqdim ediıən qəbzdən görünür ki, İddiaçı yazaraq göstərmişdir ki, özünə məxsus evi Cavabdeh 11000 manata satmışdır. Həmin qəbz İddiaçı, Cavabdeh və vasitəçi Ramil Quliyev tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş Cavabdeh Abşeron rayon Polis İdarəsində yazdığı izahatından görünür ki, o, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 120 A ünvanında yerləşən 40 kv.metr sahəsi olan 3 otaqlı evi 2016-cı ildə İddiaçı 11000 manata almışdır. Hazırda İddiaçı və atası Tolik Vəlizadə onu məhkəməyə verəcəklərini bildirərək ondan əlavə pul tələb edirlər. İşə əlavə edilmiş AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh, X5, X4, X8 xx.xx.2021-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadırlar. İşə əlavə edilmiş X11, X10, X14, X6 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh həqiqətən də öz ailəsi ilə birlikdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı almışdır və 2016-cı ildən hazırki günədək həmin ünvanda yaşayırlar. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi və vəkili xx.xx.2022-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baıxşının təxirə salınması və şahidlərin dindirilməsini xahiş etmiş, məhkəmə ərizəni təmin etməyərək xx.xx.2022-ci il tarixdə qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X1 göstərdi ki, cavabdehin əmisi arvadıdır, cavabdeh üçün ev 2016-cı ildə alınıb. O, cavabdeh üçün ev axtarırdı, lakin tapa bilməyib. Ona bir dəllal zəng etdi və bildirdi ki, bir şəxsin iki evi var, biri bir otaqlıdır. Digərinin isə korpusu, yəni təməl divarları var, 3 otaqlıdır, amma pəncərəsi yoxdur. Zəng olunan gündən sonrakı gün gəlib evə baxıblar. Satan şəxs evin onun qızının olduğunu, bir otaqlını 8000 manata, digərinin 11000 manata satdığını bildirdi. 8000 manatlıq evin, mətbəxi, sanitar qovşağı var idi. Lakin yaşamağa yararlı hesab etmədiyindən oranı almağa razılaşmayıblar. Bundan sonra iddiaçının atası bügünki mübahisəli evi göstərdi. Evə baxıblar, korpus mövcud idi, 3 otağa bölünmüşdü, amma pəncərə yox idi, yalnız iki ədəd 40x60 sm nəfəslik (fortoçka) mövcud idi. Uşaqlar kirayədə yaşamasın deyə həmin evi almağa razılaşıblar. 12000 manata satmaq istədilər. İmkanları olmadığından 11000 manata razılaşıblar. Pulu verəndən sonra iddiaçı Əliyarın evi ondan almasına dair qəbz yazdı. Hətta qəbzdə 11 manat yazıb. Amma bunu onlara bildirəndə texniki səhv olduğunu və heç bir problem yaşamayacağını bildirdilər. İddiaçının atası özü bütün sayğacları cavabdehin anasının - Xəzəngül İbrahimovanın adına keçirdi. Bir neçə müddət sonra telefon xəttini də cavabdehin arvadının adına keçirdilər. Əliyar həyətdə sanitar qovşaq tikdi və orta divara birləşdirdilər. Amma iddiaçının atası bildirdi ki, tualet hamamın divarını kərpiclə tiksinlər. Sonra iddiaçı bir otaqlı evi satmaq istəyəndə, İddiaçının atası həmin bir otağa 18000 manat qiymət dedi. Baha olduğu üçün razılaşmadılar. 5-6 ay keçəndən sonra onları polis çağırdılar .Əliyarla birlikdə iddiaçının evinə gediblər. İddiaçının atası bildirdi ki, evi onlara ucuz satıb, nəvəsi ondan maşın istəyir, ona görə o biri evi satır. Razılığa gələ bilmədilər. Neçə ildən sonra evi ucuz satdığını, yalnız bir otağı satdığını bildirməsi yalandır. Şahid qismində dindirilən X9 göstərdi ki, cavabdehin dayısıdır. Evin təmiriylə özü məşğul olub. Ev 2016-cı ildə, bərbad vəziyyətdə alınıb. Arakəsmələr penoplast idi. Penoplastın üstündən emulsiya örtüyü çəkilib. İki otaq var, 3-cü otaq koridordan penoplastlarla, tikintiyə yararsız digər materiallarla kəsilərək düzəldilib. 2 metr uzunluğunda yataq belə həmin otağa yerləşmir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin 11000 manata cavabdehə satılması iş materiallarında olan qəbz, polis orqanın da verilmiş izahatla, eləcə də şahid ifadələri ilə təsdiqini tapsa da, cavabdehə həmin fərdi yaşayış evinin 1 otağının 11000 manata satılması təsdiqini tapmır. İddiaçı fərdi yaşayış evin tam deyil, yalnız 1 otağını 11000 manata satmasını bildirsə də, buna dair hər hansı sübutları təqdim etməmişdir. İşdə olan qəbzdə qeyd olunur ki, iddiaçı evini cavabdehə 11000 manat a satmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. Bu səbəbdən də mübahisəli fərdi yaşayış evinin yalnız 1 otağının satılması ilə bağlı hər hansı sübutun olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, iş materialları ilə fərdi yaşayış evinin yalnız 1 otağının satılması təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəm qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. Bundan başqa məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olan 7000 tutulması barədə iddiaçının xahişinə qiymət verərək qeyd edir ki, həmin hissə iddia tələbinin 1-ci hissəsindən doğan tələb olduğundan və həmin hissə təmin edilmədiyindən cavabdehdən 7000 manat ziyanın tutulması tələbi də təmin edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X19 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X19 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi sübuta yetirilmədiyi halda, iddiaçı tərəfindən cavabdehə fərdi yaşayış evinin yalnız bir otağının satılmasını müəyyən edərək cavabdehin 3 otaqlı fərdi yaşayış evinin iki otağından çıxarılması nəticəsinə gəlməkdə haqlı olmamış və maddi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1956/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 386, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1956/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2038/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2038/2022
01.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver